Körfəz böhranının əziyyətini Qətər dəvələri çəkir

Dəvə sürüsü Səudiyyənin Qətərlə sərhədini keçir. 20 iyun 2017 Fotonun müəllifi Reuters
Image caption Son günlərdə Səudiyyə Ərəbistanının səhra ərazisi sərhədindən çoxsaylı dəvə sürüləri keçib.

Səudiyyə Ərəbistanı, Qətərə məxsus dəvə və qoyun sürülərinin ölkə ərazisində yerləşən otlaqları tərk etməli olacaqlarını bildirib.

Bu xəbərdarlıq Qətərin başqa Körfəz ölkələri ilə dərinləşən böhranı fonunda edilib.

Qətər rəsmilərinin bildirdiyinə görə, sərhədi artıq 15 min dəvə və 10 min qoyun keçib.

Qətərdə su çənləri və yem ehtiyatı olan fövqalədə məqsədli qoruqlar və sığınacaqlar yaradılıb.

Qətərlilərin çoxu mal-qarasını Səudiyyə Ərəbistanı ərazisində saxlayır, çünki Qətərin özündə otlaqların sayı kifayət qədər deyil.

Bu ayın əvvəlində Səudiyyə və bir sıra digər ərəb dövlətləri Qətərlə diplomatik əlaqələri kəsiblər. Sanksiyalara nəqliyyat xətləri də məruz qalıb.

Qətərlə əlaqələri kəsən qonşular bu dövləti İslam ekstremizmini dəstəkləməkdə ittiham edirlər.

Qətər bu ittihamları rədd edir.

Qətərin rəsmi nümayəndəsi Cassim Qəttan bazar ertəsi Əl-Raya vebsaytına bildirib ki, 25 min dəvə və qoyun artıq Qətərə gətirilib.

Son günlərdə sosial media şəbəkələrində yayımlanan videolar Səudiyyə Ərəbistanının səhra ərazisi sərhədindən çoxsaylı dəvə sürülərinin keçdiyini göstərir.

Səudiyyə rəsmiləri bundan əvvəl heç zaman qətərlilərin heyvanlarını ölkə ərazisinə otlamağa göndərmələrinə qadağa qoymamışdılar.

Ər-Riyadın son qərarı qətərli çobanların qəzəbinə səbəb olub.

"Biz günümüzü yaşamaq, ailələrimizi dolandırmaq istəyirik, - 40 yaşlı Qətər sakini Əli Maqareh Reuters-ə deyib. - Biz siyasətə baş qoşmaq istəmirik. Biz narazıyıq".

Bu barədə daha geniş