Şimali Koreya "yeni raket mühərriki sınağı keçirib"

Şimali Koreya Fotonun müəllifi AFP

Şimali Koreya Amerika ərazisinə çatmağa qadir olan raket hazırlamaq səyləri çərçivəsində yeni raket mühərrikini sınaqdan keçirib, ABŞ rəsmiləri bildirib.

Xəbərlər Şimali Koreyanın nüvə ambisiyalarına görə Vaşinqton və Pxenyanq arasında gərginliyin artması fonunda baş verir.

Trump administrasiyası bu məsələni əsas prioritetlərindən birinə çevirib.

Beynəlxalq qınağa baxmayaraq, Şimali Koreya qitələrarası nüvə raketinin hazırlanması məqsədilə öz raket sınaqlarını artırıb.

ABŞ-ın Müdafiə Kəşfiyyat Agentliyi ötən ay xəbərdarlıq edib ki, Şimali Koreyanın buna nail olması "labüddür".

Bir sıra informasiya agentliklərinə anonim şəkildə açıqlama verən ABŞ rəsmiləri bildirib ki, sonuncu mühərrik yoxlaması ABŞ-a çata bilən qitələrarası ballistik raket mühərriki layihəsinin bir mərhələsi ola bilər.

Ölkənin hərbi fəaliyyətinin gizli xarakterinə görə Şimali Koreyanın bu raketin hazırlanmasına nə qədər yaxın olduğunu müəyyənləşdirmək mütəxəssislər üçün çətindir.

Fotonun müəllifi AFP/GETTY IMAGES

Şimali Koreyanın raketləri barədə nə bilirik?

  • Şimali Koreyanın raketləri artıq Cənubi Koreya və ya Yaponiyaya çata bilər. Bu iki ölkədə ABŞ-ın hərbi mövcudluğu var.
  • ABŞ ərazisinə çatmağa qadir olan raketin hazırlandığı məlumdur, amma aydın deyil ki, bu layihə hansı mərhələdədir.
  • Şimali Koreya bir neçə uğurlu nüvə sınaqları həyata keçirib.
  • Amma düşünülür ki, onlar hələ də raketlərə yerləşəcək qədər kiçik nüvə başlıqları yarada bilməyiblər.

Çərşənbə günü ABŞ-ın Dövlət Katibi Rex Tillerson Çini "əgər onların regionda daha da genişlənməsinin qarşısını almaq istəyirlərsə" Pxenyana daha çox diplomatik təzyiq etməyə çağırıb.

Çin Şimali Koreyanın əsas müttəfiqi hesab edilir və ABŞ ümid edir ki, Pekin raket sınaqlarını və nüvə proqramını dayandırmaq üçün totalitar dövlətə böyük təsir göstərə bilər.

ABŞ Prezidenti Donald Trump bəyan edib ki, o, Şimali Koreya böhranını diplomatik yollarla həll etmək istərdi. Amma o, əvvəllər xəbərdarlıq edib ki, "əsaslı, iri münaqişə də" mümkündür.

ABŞ və Şimali Koreya arasında gərginlik ötən həftə Şimali Koreyada 15 aydan çox müddətdə həbsdə olmuş və daha sonra azad edilmiş ABŞ-lı tələbə Otto Warmbier-in vəfatından sonra bir daha artıb.

2016-cı ilin mart ayında oteldən təbliğat işarəsi oğurlamaqda təqsirli bilinən 22 yaşlı tələbəyə Şimali Koreyada 15 illik katorqa cəzası verilmişdi.

Bu barədə daha geniş