Britaniya mətbuatı: Varlı kasıbın heç üzünü də görmək istəmir

Fotonun müəllifi Getty Images

Varlı kasıbın heç üzünü də görmək istəmir

"The Daily Mail" qəzeti yazır ki, Londonun Kensington məhəlləsindəki 2 milyard funt sterlinqlik dəbdəbəli məhəllənin "xüdbin" zəngin sakinləri, burada dəhşətli Grenfell Tower yanğınından sağ çıxmış biçarələrin yerləşdirilməsi qərarından hiddətləniblər.

Bu məhəllədə 68 bir, iki və üç otaqlı mənzil dövlət tərəfindən 10 milyon funt sterlinqə alınaraq evsiz qalanlara verilib.

Məqalədə xatırladılır ki, Londonun mərkəzindəki Grenfell Tower göydələnində baş vermiş yanğında 79 nəfər həlak olub.

Kensington Row məhəlləsindəki mənzillərin hazırda bazar qiyməti 1, 5 milyon funtla 8 milyon funt arasındadır.

İndi belə mənzillərə sahib olanlar qəzəniblər ki, "yanğın köçkünləri" belə bahalı mənzillərdə yaşamaq haqqını qazanmaq üçün onlar qədər "məşəqqətli işləməyiblər".

Bu məhəllədki mənzilini iki il əvvəl almış Mariya adlı qadın mətbuata deyib: "Bu, ədalətsizlikdir. Biz burada yaşamaq üçün dünya-aləm pul vermişik. Biz bu pulu qazanmaq üçün tər tökmüşük. İndi bu adamları bura gətiriblər və bunlar heç xidmət pulu da verməyəcəklər".

Başqa zənginlər isə deyirlər ki, bəziləri yanğında bütün ailəsini itirmiş bu adamlar indi əllərinə düşən imkandan yaxşı pul edəcəklər.

Onlar deyirlər ki, yanğından zərər çəkənlər burada heç yaşamayacaqlar və bahalı evləri kirayəyə verəcəklər.

Bu məhəllədə yaşayan başqa bir dövlətli sakin deyib: "Bu yanan Grenfell Tower binasının sakinləri kimlərdir ki? Orda bir mənzildə neçə adam yaşayırdı, indi hər birinə ayrıca mənzil verirlər…"

Əsəsən əcnəbi zənginlərə məxsus olan bu dəbdəbəli yaşayış kompleksinin lüks kinoteatrı, üzgüçülük hövuzu və idman zalı var.

Mənzillərə parket döşəyən Edmond isə müxbirə deyib: "Bu heç vaxt baş tutan iş deyil. Nə istəyirsiniz yazın. İnanın mənə dünyanı pul idarə edir. Mənim kimi adamlar burda yaşaya bilər? Heç vaxt".

Amma yanğın fəlakətindən sağ çıxanlara ürək qızdıranlar da var.

Özünü AJ kimi təqdim edən məhəllə sakini deyir ki, "qoy gəlsinlər, bura əladır, burda hər şey var".

"Məncə insanlar bərabər olmalıdırlar" - deyir AJ.

Jaime Paul adlı başqa birisi isə deyir: "Burda nə qədər boş mənzil var. Evlərinin qiymətdən düşəcəyini düşünənlər isə çox xudbin adamlardır".

Evi yananlar üçün buradakı 68 mənzil 10 milyona - yəni maya dəyərinə alınıb, amma bazar qiyməti hardasa 160 milyon funt sterlinqdir.

Hazırda Grenfell-dən sağ çıxmış 250 sakinin yarısı otellərdə yerləşdirilib, qalanları parklarda, maşınlarda gecələyirlər.

Bir azca dözmək lazımdır. İyul ayından onlar Londonun ən bahalı mənzillərində yaşayacaqlar.

Onlar bu evlər üçün bir pens də ödəməyəcəklər. Varlı qonşular hirslənsələr də…

Fotonun müəllifi Getty Images

Trump: Kasıbdan nazir olmaz

"The Telegraph" qəzetinin Washington müxbiri Nick Allen sanki elə varlı-kasıb söhbətini daha yüksək səviyyədə davam etdirir.

Amma onun məqaləsində söhbət dünyanın bir nömrəli prezidentindən, Donald Trump-dan gedir.

Trump deyib ki, o, Amerika iqtisadiyyatını yoxsul adamlara etibar edə bilməz və ona görə də öz hökumətinin kabinetində yalnız dövlətliləri görür.

Iowa ştatındakı dəbdəbəli villasında Trump deyib: "Mən bütün adamları sevirəm, varlı ya kasıb, amma mən məsuliyyətli vəzifələrdə yoxsul adam istəmirəm. Başa düşürsünüz? Əgər üz vurursunuzsa, kasıba da vəzifə verim, amma mən düşünmürəm ki, bu, çox ağıllı bir iş olardı…"

Özü də milyarder olan prezident Goldman Sachs-in keçmiş prezidenti Gary Cohn-a baş iqtisad müşaviri, milyarder investor Wilbur Ross-a ticarət naziri vəzifəsini verməsini "ağıllı" qərar adlandırıb.

Trump Goldman Sachs-ın keçmiş icraçı direktoru Steven Mnuchin-i maliyyə naziri, Chicago Cubs beysbol komandasının sahıbı Todd Ricketts-i ticarət nazirinin müavini və milyarder Betsy DeVos-u təhsil naziri təyin edib.

"Mən onlardan pul istəmirəm. Elə onların özləri də pul itirirlər. Lap çox itirirlər" - deyib Trump.

Fotonun müəllifi Getty Images

Xameneyi Ruhanini niyə lağa qoyub?

"The Guardian" yazır ki, Həsən Ruhani böyük səs çoxluğu ilə ikinci müddətə prezident seçiləndən bəri İranın ali rəhbəri Əli Xameneyi ilə onun arası deyəsən dəyib.

Həmin vaxtdan bəri 78 yaşlı Ayətullah Xameneyi islahatpərəst prezidentin tənqidini kəskinləşdirib.

İş o yerə çatıb ki, ali rəhbər, prezidenti ölkənin ən vəzifəli şəxsləri ilə görüşündə alçaltmaqdan belə çəkinməyib.

Bəzi mülahizələrə görə Xameneyi bu seçkidə səs-küysüz olaraq Ruhaninin rəqibi Ebrahim Rəisini dəstəkləyirmiş.

Amma son seçkidə öz mandatını əlavə olaraq 5 milyon səslə gücləndirən Ruhani də Xameneyinin qabağından qaçmayıb və elə bu həftə onun cavabını verib.

O deyib ki, dini liderin legitimliyi "xalqın iradəsi və istəyi ilə reallaşır".

Belə görünür ki, Ruhaninin atmacası Xameneyinin mühafizəkar tərəfdarlarını yamanca tutub.

Xameneyiyə rəğbətli olanlar deyirlər ki, dini liderin legirimliyi ilahidən, yəni velayəti-fəqihdən gəlir.

Bundan əvvəl Ruhaninin özü, baş prokuror, ədliyyə başçısı və parlament spikerinin də iştirak etdikləri müşavirədə Xameneyi deyib:

"Cənab prezident burada dedi ki, filan iş görülməlidir, besman iş görülməlidir və sair. Belə bir sual doğur: Kim görməlidir bu işləri? Əlbəttə onun özü".

İclasın bu hissəsinə aid videoda bütün salonun qəhqələrə qərq olduğu görünür. Bu kadrlarda Ruhani də bir az pərt halda gülümsəməyə məcbur olur.

Xameneyi daha sonra davam edir: "1980-1981-ci illərdə prezident cəmiyyəti iki düşərgəyə qütbləşdirəndə, ölkəni tərəfdar və əleyhdarlarına böləndə nə olmuşdu? Buna bir də yol vermək olmaz".

St Andrews Universitetinin İran Tədqiqatları İnstitutunun direktoru Əli Ənsari deyib ki, bu yolla Xameneyi Ruhaninin getdikcə artan populyarlığına pərsəng vurmağa çalışır.

Ekspert deyir ki, ali rəhbər belə seçki nəticəsindən narazı qalıb və indi bu şəkildə vəziyyətə nəzarəti əldə saxladığını göstərir.

"O Ruhaniyə demək istəyir ki, gedib öz qutusuna girsin" - deyir ekspert, - Maraqlıdır ki, Ruhani də dirənıb".

Universitet professorları ilə görüşündə Ruhani Məhəmməd peyğəmbərin kürəkəni, sünnilər arasında da hörmətə malik mötəbər şiə fiquru Əli ibn Abutalibdən sitat gətirib. İmam Əli yalnız xalq dəstəyinə əmin olduqdan sonra xəlifəliyi qəbul etmişdi.

Ruhani deyib ki, "biz seçki keçirəndə Qərb dəyərlərinin arxasınca düşmürük, adamların arxasınca düşürük".

"Biz elə bir dinə ibadət edirik ki, onun imam Əlisi liderliyini xalqın iradəsi və səsi üzərində qurmuşdu" - deyib prezident.

Bu, bir növ Ruhani tərəfdarlarını "Qərb dəyərlərini, o cümlədən məktəblərdə homoseksuallığı təbliğ etməkdə" günahlandıran Xameneyiyə kəskin cavab idi.

"The Guardian" yazır ki, Ruhanidən əvvəlki prezidentlər də hakimiyyətlərinin ikinci müddətində Xameneyi ilə münasibətlərinin korlanmasının şahidi olublar. Bu mənada hətta mühafizəkar prezident Mahmud Əhmədinejad da istisna təşkil etmir.

Ənsari deyir ki, Xatəmi və Rəfsəncani Ruhanidən daha diplomatik idilər, lakin elə onlar da ikinci müddətlərində eyni vəziyyətə düşmüşdülər.

Bununla belə İranda seçkili kəsimlə seçkisiz kəsim arasındakı qarşıdurma məhz Ruhaninin dövründə daha gərgin şəkil alıb.

Ənsari deyir ki, Xameneyinin Ruhanini bu qədər açıq tənqid etməsi maraqlıdır.

"O lap şəxsi-qərəzliyə keçib. Ruhaniyə işarə vurub ki, "get öz işinlə məşğul ol" və hamı da onun bu sözlərinə qəhqəhə çəkib. Bu, bir növ mühafizəkarlara Ruhaninin üstünə getmələri üçün yaşıl işıq yandırmaqdır".

"The Guardian" xatırladır ki, İranda heç də bütün prezidentlər ikinci müddətlərini axıradək başa vura bilməyiblər.

İranın inqilabdan sonrakı ilk prezidenti Əbülhəsən Bənisədr dini isteblişmenti yerində oturtmağa çalışırdı.

Amma onu sonunda impiçment etmişdilər.