Britaniya mətbuatı: Sekslə çox məşğul olmaq ağlı artırır?

Fotonun müəllifi Keystone/ Getty Images

Seks beynin kəsərini artırır, amma niyə?

"The İndependent" qəzetində Rachel Hosie zarafatla yazır ki, insanın qarşısında bəzən "böyük" dilemmalar durur. Məsələn, bilmirsən sekslə məşğul olasan, yoxsa krosvord həll edəsən?

"Əgər belə bir dilemmanız varsa, daha narahat olmayın, - yazır müxbir, - Yeni elmi araşdırma seksin adamı daha ağıllı etdiyini aşkara çıxarıb."

Alimlər deyirlər ki, xüsusilə də daha ahıl yaşlarda müntəzəm seksual fəaliyyət beynin dərketmə qabiliyyətini artırır.

Coventry Universiteti Psixologiya, Davranış və Nailiyyət Araşdırma Mərkəzinin aparıcı tədqiqatçısı Hayley Wright deyir ki, orta yaşdan yuxarı dövrlərdə cinsi fəaliyyət, təkcə seksual sağlamlıq üçün deyil, həm də beynin dərketmə qabiliyyəti üçün lazımdlıdır.

Oxford və Coventry universitetlərinin alimləri 50 və 83 yaşları arasında 28 kişi və 45 qadın olmaqla 73 könüllüdən cinsi həyatları barədə məlumat toplayıblar.

Bunlardan 37-si sekslə həftədə bir dəfə, 26-sı ayda bir dəfə məşğul olduqlarını deyiblər. 10 nəfər sekslə ümumiyyətlə məşğul olmadığını bildirib.

Bundan sonra iştirakçıların beyin funksiyaları tədqiq olunub.

Bəlli olub ki, sekslə həftədə bir dəfə məşğul olanların zehni təmrinlərdəki göstəriciləri ayda bir dəfə cinsi yaxınlıq edənlərdən 2 faiz, heç vaxt sekslə məşğul olmayanlardan isə 4 faiz yaxşı olub.

Nəticələri "The Journals of Gerontology" məcmuəsində dərc olunmuş bu tədqiqatdan bu da bəlli olub ki, sekslə müntəzəm məşğul olmaq nitq səlisliyinə əsaslanan testlərin nəticələrinə güclü və müsbət təsir göstərir.

İştirakçılardan məsələn bir dəqiqə ərzində F hərfi ilə başlanan daha çox söz və heyvan adı tapmaq tələb olunurdu.

Sekslə fəal məşğul olanların vizual testlərdə də nəticələri yüksək olub. Bu testlər zamanı iştirakçılar mürəkkəb rəsm dizaynlarını yaddaş əsasında köçürməli idilər. Lakin seksual həyatın vizual testlərdəki uğura təsiri daha az olub.

Burası da var ki, seksual fəallıq iştirakçıların yaddaş, dil və diqqətlilik göstəricilərinə heç bir təsir etməyib.

Alimlər seksual fəaliyyət və beyin gücü arasında bağlılığın olmasının səbəblərini tam bilmirlər, lakin ehtimal edirlər ki, seks beyin siqnallarını ötürən dopamin və oksitosin kimi neyrohormonların sekresiyası ilə bağlıdır. Bu sahədə daha dərin tədqiqatlara ehtiyac var.

Elə bu arada tanışlıq və evləndirmə firması Match özünün aşkara çıxardığı rəqəmləri dərc edib. Hazırda bu firma daha yaşlı insanlar üçün Ourtime adlı tanışlıq saytı yaradır.

Bu məlumatlara görə, yaşı 50-dən yuxarı olanların 24 faizi tanışlığın elə birinci ayında yeni partnyorla yatmağa hazır olanların 24 faiz olduğunu bildirib, halbuki bu rəqəm 18-24 yaşlıların arasında cəmi 18 faiz olub.

Doktor Wright deyib ki, "bunun sosial və ya fiziki keyfiyyətlərlə bağlı olduğunu demək çətindir, lakin bizim araşdırdığımız məsələ belə bir hala təsir edən bioloji mexanizmlərdir".

Alim deyib ki, sadəcə olaraq hər bir yeni araşdırma seksin dərketmə ilə bağlı olduğunu bir az daha artıq göstərir.

"İnsanlar qocaların da sekslə məşğul olduqları barədə fikri yaxına buraxmaq istəmirlər, lakin bu, reallıqda mövcuddur və cəmiyyətin münasibətini dəyişmək mühümdür" - deyib alim.

Fotonun müəllifi Getty Images

Ata oğlunu dəfn edəndən sonra ondan telefon zəngi gəlib

"The Observer" qəzeti yazır ki, California ştatının cənubunda ata oğlunu dəfn edəndən 11 gün sonra ondan telefon zəngi gəlib.

Məlum olub ki, tibbi ekspertiza əməkdaşları səhvə yol veriblər.

Mayın 6-da Fountain Valley qəsəbəsindəki Verizon mağazasının arxasında meyit tapılıb.

82 yaşlı Frank J Kerrigan deyib ki, bu xəbəri alan kimi morqa zəng edib. Oğul ruhi xəstə idi və küçələrdə yaşayırdı.

Morqdan ataya bildiriblər ki, meyit onun 57 yaşlı oğlu Frank M Kerrigan-dır.

Ata oğlunun meyitini tanımaq üçün gəlmək istədiyini deyəndə, ataya bildiriblər ki, buna ehtiyac yoxdur, çünki onun kimliyi barmaq izlərinin məlumat bankı ilə tutuşdurulub.

"Mən barmaq izləri söhbətini eşidəndə şübhə yerim qalmadı. Əgər barmaq izləri söhbəti olmasaydı mən ora bir ürək döyüntüsü zamanında çatardım" - deyib ata.

Kerriganin 56 yaşlı qızı Carole Meikle meyit tapılan yerə gedib, ora çiçəklər qoyub və şam yandırıb.

"Dəhşətli səhnə idi. Orada yerdə qan izləri vardı" - deyib bacı.

Bundan sonra, mayın 12-də ailə 20 min dollara 50 nəfərlik dəfn mərasimi təşkil edib.

Cənazə Orange qəbristanlığında torpağa tapşırılıb. Bundan əvvəl 82 yaşlı ata tabutdakı meyitin saçlarını sığallayırdı. O əmin idi ki, bu onun oğlıudur.

Ata deyib ki, oğlunu uzun zamandır görmədiyindən onun yaşlanaraq belə dəyişdiyini düşünüb.

11 gün sonra ataya dostundan telefon zəngi gəlib.

"Sənin oğlun sağdır, gözlə telefonu ona verim" - deyib dostu Bill Shinker.

Qoca "salam, ata" sözlərini xəttin o başından onda eşidib.

Məlum olub ki, Orange nahiyə morqunda meyitin kimliyini yanlış müəyyən ediblər.

Bu vaxt məlum olub ki, barmaq izləri ümumiyyətlə tutuşdurulmayıb. Kerriganın kimliyini isə onun köhnə sürücülük vəsiqəsindəki şəkillə müəyyən ediblər. Ailə morqa övladlarının sağ olduğunu deyəndən sonra barmaq izlərinə baxılıb və həqiqətən səhvə yol verildiyi aydın olub.

İyunun 1-də isə meytitin həqiqətən də kimə aid olduğu müəyyənləşdirilib.

İndi Kerrigan morqu məhkəməyə verməyi planlaşdırır.

Kerriganın bacısı deyib ki, qardaşı küçələrdə yaşamağı özü seçib və bunun onun ailəsinə necə ağır başa gəldiyini anlamır.

"Biz onu dəfn etmişdik - deyib Meikle, - Həmin kədəri yaşamışıq".

Əlaqəli mövzular

Bu barədə daha geniş