Britaniya mətbuatı: Neft ölkələri elə neft baha olanda da "ağlayırdılar"

Fotonun müəllifi Getty Images

Britaniya mətbuatı yazır: Fransa hökuməti yeni neft və qaz yataqlarını öz şirkətləri üçün qadağan edir, Neft ölkələri elə neft baha olanda da "ağlayırdılar", Kaliforniyada Quranı təhqir ediblər.

Fotonun müəllifi @Schwarzenegger/Twitter

Fransa hökuməti yeni neft və qaz yataqlarını öz şirkətləri üçün qadağan edir

"The İndependent" yazır ki, Fransa yeni neft və qaz yataqlarının kəşfiyyat və inkişaf etdirilməsinə lisenziya verilməsini dayandırır.

Başqa sözlərlə Emmanuel Macronun ətraf mühitə ziyansız enerji sahələrinin inkişaf etdirilməsinə kurs götürmüş hökuməti yeni neft və qaz yataqlarını öz şirkətləri üçün qadağan edir.

"Ekoloji keçid" naziri Nicolas Hulot deyib ki, bu barədə yeni qanun payızda qəbul ediləcək.

"Karbohidrogenlərin kəşfiyyatı üçün bundan sonra lisenziyalar verilməyəcək" - deyib nazir BFMTV kanalına.

Əvvəllər də Fransada özünün ekoloji fəallığı və təbiət haqqında sənədli filmləri ilə tanınan nazir bunu da deyib ki, dizel yanacağına izafi vergilərin qoyulması tullantıların azalmasına yol açacaq.

Özünün seçki kampaniyası ərzində Macron deyib ki, o qaz yataqlarının kəşfiyyatına və xüsusilə də Fransanın kənar ərazilərindən olan Fransa Qviyanasında frekingin əleyhinədir.

Bununla belə, cənab Hulot deyib ki, kəskin qadağan enerji şirkətlərinin məhkəmələrə şikayət müraciəti ilə nəticələnə bilər və buna görə də dəyişikliklər tədricən həyata keçirilməlidir.

Hazırda Fransada elektrik enerjisinin 75 faizini nüvə elektrik stansiyaları verir. Bu sahədə dövlət enerji şirkəti EDF-in 200 min işçisi var.

Ötən il qəbul edilmiş qanunda nüvə enerjisinin payının 2025-ci ilədək 50 faizə endirilməsi nəzərdə tutulub. Bu, 20-dək nüvə reaktorunun bağlanmasına və işsizliyin artmasına səbəb ola bilər.

Macron bu qanunu dəstəklədiyini desə də, onun icrasının dəqiq vaxtını dilə gətirməkdən çəkinir.

Bundan başqa prezident Fransa evlərində enerji istehlakının azaldılması üçün geniş yeniləndirmə proqramının tətbiqinə hazırlaşır. Bu proqram enerjinin istehlakının, karbon qazı emissiyalarının, enerji yoxsulluğunun azaldımasını və iş yerlərinin yaradılmasını nəzərdə tutur.

Macron və Hulot bərpa olunan enerji layihələrini ölkədə qonaq olan keçmiş California qubernatoru və aktyor Arnold Schwarzenegger-lə müzakirə ediblər.

Schwarzenegger bundan əvvəl demişdi ki, o, cənab Macron-la görüşərək birlikdə "təmiz enejili gələcək" layihələrini müzakirə etməsindən qürur duyur.

Onun əynindəki maykada "Gəlin planetimizi yenidən qüdrətli edək" yazılmışdı.

Təhlilçilər bunu ABŞ prezidenti Donald Trump-ın "Gəlin Amerikanı yenidən qüdrətli edək" şüarına cavab kimi qiymətləndirirlər.

Fransa Donald Trump-ın ABŞ-ın Paris İqlim Sazişindən çıxması qərarını elan etməsini ən kəskin tənqid edən ölkə olmuşdu.

Fotonun müəllifi Getty Images

Neft ölkələri elə neft baha olanda da "ağlayırdılar"

Bloomberg-in enerji strateqi Julian Lee yazır ki, bu yaxınlarda OPEC-in nekroloqunu yazmaq lazım gələ bilər və ya kartel təcili qaydada reanimasiyaya yerləşdirilməlidir.

Müəllifin fikrincə, hazırda təşkilat necə bir vəziyyətə, necə düşdüyünü və hazırda harda olduğunu dərk etmir.

O yazır ki, OPEC hazırda son 30 ildə özünün ən ağır durumuna düşüb.

12 ay müddətində məkik diplomatiyası aparılıb və nəhayət 22 ölkə neft qiymətlərinin qaldırlması üçün onun hasilatının günə 1, 8 milyon barrel azaldılması barədə razılığa gəlib, amma yenə də heç nə əldə edilməyib.

Bir qədər sonra OPEC üzvləri və başqa iri neft ixracatçıları arasında zorla əldə edilmiş razılaşmaların da vaxtı qurtaracaq, amma neft qiymətləri qalxmır ki, qalxmır.

Julian Lee yazır ki, hələlik mövsüm faktorları Rusiyanın və başqa neft ixracatçılarının hasilatı aşağı saxlamasına imkan yaradır, amma 2017-ci ilin ikinci yarısında bunu etmək çox çətin olacaq.

Bundan başqa Liviya və Nigeriyada hasilatın dirçəlişi neft bazarına əlavə xammal gətirməkdə davam edir.

Burada başqa bir məsələ də nəzərə alınmalıdır. Hazırda neft ixracatçısı olan Yaxın Şərq ölkələrinin arasında Qətərə görə ixtilaf dərinləşməkdə davam edir. Əslində bu 1990-cı ildə İraqın Küveytə müdaxiləsi zamanı yaranmış ixtilafdan heç də az təhlükəli deyil.

Lee yazır ki, belə görünür ki, OPEC reallıqla əlaqəsini tamamilə itirib. Bu ölkələrin rəsmiləri bildirirlər ki, neft qiymətlərinin qalxması investisiyaların çoxalması üçün lazımdır. Amma axı onlar neftin qiyməti 100 dollar olanda da elə belə deyirdilər.

Amma neft qiymətləri düşəndən sonra neft ölkələri bir sıra layihələrin qiymətini möcüzəli bir şəkildə ucuzlaşdırıblar.

"Ən möcüzəlisi isə budur ki, neftin qiyməti bir barrel üçün 100 dollar olanda sərfəli görünən layihələr, elə indiki qiymətlərlə də sərfəli görünür" - yazır müəllif.

Lee yazır ki, OPEC hələ də Şimali Amerika neft sənayesinin necə sürətlə inkişaf etdiyini dərk etməyib.

"Bu bir az zona oxşayır ki, mən 85 yaşlı anama internetin nə demək olduğunu izah etmək istəyirəm" - deyə zarafat edir ekspert.

Julian Lee-nin yazdığına görə, "möcüzəsiz həqiqət" bundan ibarətdir ki, neft ölkələri gələcəyin ucuz qiymətləri üçün investisiyanı neftin qiyməti kəllə-çarxda olanda yatırmalıydılar.

İndi OPEC qocadır və xəstədir və bu günlə təbii ki, ayaqlaşa bilməz.

Fotonun müəllifi David McNew/Getty Images

Kaliforniyada Quranı təhqir ediblər

"The Guardian" yazır ki, Kaliforniyanın hakimiyyət orqanları Sacramento və Davisdəki İslam Mərkəzlərinə qarşı mümkün nifrət cinayətlərinin törədilə biləcəyindən ehtiyat edir.

Sacramento dairə şerifinin departamenti bildirib ki, hazırda buradakı İslam Mərkəzinin ən-Nur məscidində baş vermiş hadisə araşdırılır.

Rəsmilər məscidin hasarından yandırılmlış Quran və donuz əti parçasının qandallarla asıldığını görüblər.

Rəsmilər Sacramento Bee qəzetinə deyiblər ki, şerifin ofisi hazırda hadisə yerini araşdırır və İslam Mərkəzinə dəstək tədbirləri görür.

Ən-Nur Sacramentoda ən böyük məsciddir.

The Bee qəzeti yazır ki, cümə günü axşam namazı vaxtı bir nəfər naməlum şəxs avtomobillə keçərkən Davis Mərkəzinin məscidinə Qurandan cırılmış vərəqləri tullayıb.

Ötən yanvar ayında bir qadın bu məscidin pəncərə şüşələrini qıraraq girişdəki şamdanlardan qaxac olunmuş donuz əti dilimlərini asmışdı.

Sonradan 30 yaşlı Lauren Kirk-Coehlo nifrət cinayəti törətməkdə təqsirli bilinərək 5 il müddətinə islah işlərinə məhkum edilmişdi.