Şimali Koreya Cənubun şərikli Olimpiada keçirmək təklifindən imtina edib

2018-ci il Qış Olimpiadasının emblemi. Foto- Seoul, 26 yanvar, 2016 Fotonun müəllifi AFP
Image caption Cənubi Koreya 2018-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək

Şimali Koreya Cənubun gələn il Qış Olimpiya Oyunlarında vahid komanda kimi iştirak etmək təklifini rədd edib.

Bu ideyanı ilk dəfə Cənubi Koreyanın idman naziri Do Jong-hwan irəli sürüb.

Təklifi ölkənin yeni prezidenti Moon Jae-in də dəstəkləyib.

Lakin Şimali Koreyanın Beynəlxalq Olimpiya Komitəsinin üzvü Chang Un bu fikri rədd edərək bildirib ki, bu barədə danışıqlar aparmaq üçün vaxt yoxdur.

Olimpiya Oyunları Cənubi Koreyanın Pyeongchang şəhərində fevralın 9-dan - 25-dək keçiriləcək.

İki ölkənin vahid komandası 1991-ci ildə Dünya Stolüstü Tennis birinciliyində çıxış etmişdi.

Chang Un yerli jurnalistlərə bildirib: "Həmin komandanı formalaşdırmaq üçün 5 ay çəkən və 22 raunddan ibarət danışıqlar keçirmək lazım gəldi".

Fotonun müəllifi Reuters
Image caption Şimali və Cənubi Koreyalardan olan idmançıların selfie fotosu çəkdirməsi sosial şəbəkələrdə populyarlıq qazanıb

"Reallıqla üz-üzə"

Cənubi Koreyanın idman naziri iki ölkənin vahid hokkey komandasını yaratmağı və hətta xizəklə bağlı idman növləri üzrə Olimpiya yarışlarını Şimalda keçirməyi təklif etmişdi.

Bu təklifin məqsədi 2018-ci ilin Olimpiya oyunlarını "sülh Olimpiadasına" çevirmək olub.

Cənubi Koreyanın, qonşuları ilə daha geniş dialoq tərəfdarı olan prezident Moon isə bundan sonra Şimal və Cənubun Olimpiadada daha geniş formatda vahid komandalar şəklində təmsil olunmaları təklifi ilə çıxış edib.

Lakin Chang Un bildirib ki, Olimpiya Oyunları siyasi məqsədlər üçün istifadə olunmamalıdır.

"Birgə ev sahibliyi etmək barədə danışmaq asandır, lakin bunu gerçəkləşdirmək, problemləri həll etmək çətindir", o deyib.

Onun təbirincə, bu, ö cümlədən, hokkey üzrə vahid komanda formalaşdırmaq təklifinə də aiddir.

Cənubi Koreya rəsmiləri bu ideyanı müzakirə etmək üçün açıq olduqlarını bildiriblər.

İki ölkə, formal olaraq, 1953-cü ildən müharibə vəziyyətindədir.

Pxenyan təkrar olaraq raket sınaqları keçirdikdən sonra, iki ölkə arasında gərginlik artıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş