Yunanıstan qaz operatoru ilə bağlı yenidən tender elan edib

qaz Fotonun müəllifi Getty Images

Yunanıstan, ölkənin qaz operatoru DESFA-nın səhmlərinin satılması ilə bağlı yenidən tender elan edib, özəlləşdirmə agentliyi məlumat yayıb.

Yunanıstan, ölkənin maliyyə problemləri fonunda xarici kreditorlarla bağladığı müqaviləyə əsasən qaz operatorunun səhmlərinin 66 faizini satmalıdır.

2013-cü ildə DESFA-nın səhmləri Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) 400 milyon avroya satılıb. Hərçənd noyabr ayında rəsmi Afinanın şirkətin tariflərini SOCAR-ın gözlədiyindən çox artırması narazılıqlar yaradıb.

Noyabrın 30-da Yunanıstanın Enerji Nazirliyi SOCAR-SNAM konsorsiumunun səhmlərin məbləğini hissə-hissə ödəmək təklifini "qanunazidd olduğu üçün" rədd edib.

Bundan əvvəl, SOCAR bütün səhmləri alsa da, Avropa Komissiyasının müdaxiləsindən sonra dövlət neft şirkətinə səhmlərin yalnız 49-50 faizinin satılması təklif edilib. Qalan faizlər üçün isə Azərbaycan şirkəti İtaliyanın SNAM şirkəti ilə konsorsium yaradıb.

Enerji üzrə təhlilçi İlham Şaban BBC Azərbaycancaya Yunanıstan hökümətinin yeni qərarı ilə bağlı bildirib ki, 2015-ci ildən hakimiyyətdə olan Alexis Tsipras hökuməti "daha çox mənfəət" əldə etmək üçün əvvəlki şərtləri dəyişdirib.

"Həmin şərtlər daxilində SOCAR-ın mənfəət əldə etməsi kommersiya baxımından əlverişli deyildi"- deyən cənab Şaban əlavə edib ki, buna baxmayaraq, SOCAR üç aydan çox Yunanıstanla həm diplomatik, həm də biznes dairələrində müzakirələr aparıb.

"Amma rəsmi Afina öz şərtlərini dəyişməyib", o bildirib.

Agentlik İtaliyanın SNAM şirkətinin səhmləri almaqda maraqlı olduğunu da bildirib.

Azərbaycanın yenidən bu şirkəti almaq istəyi hələlik bəlli olmasa da, təhlilçi hesab edir ki, hazırda aşağı düşən qaz qiymətləri də nəzərə alınmalıdır.

Çünki "yaxın gələcəkdə qiymətlərdə ciddi yüksəliş siqnallarının olmayacağı proqnozlaşdırır".

Azərbaycanın bu şirkəti almaqda məqsədi, qazın nəinki topdansatış, həmçinin Avropada qaz paylayıcı roluna malik olması idi, cənab Şaban bildirir.

Səhmlərin satış prosesi ilin sonuna kimi başa çatmalıdır, Reuters yazır.

Əlaqəli mövzular

Bu barədə daha geniş