Britaniya mətbuatı: Trump administrasiyası Suriyadakı müharibənin "genişləndirilməsinə can atır"?

Ağ Ev Fotonun müəllifi JEWEL SAMAD/AFP
Image caption Washington Post qəzetinin bir neçə gün bundan əvvəl verdiyi xəbərə görə İran və ABŞ qüvvələri artıq regionda birbaşa toqquşublar.

"The Guardian" qəzetinin ABŞ sütunyazarı və jurnalistlərin hüquqlarını qoruyan Freedom of the Press Fondunun baş icraçı direktoru Trevor Timm yazır ki, Rusiya təhqiqatı və respublikaçıların dövlət səhiyyəsini milyonlarla insanın əlindən almaq cəhdləri barədə media yazıları arasında itib-batan Trump administrasiyası Suriyada və "bəlkə hətta ondan o yanda" İrana qarşı təmsili müharibənin bünövrəsini qoyur.

Foreign Policy məcmuəsu by həftə xəbər verib ki, Trump administrasiyasının əsas rəsmiləri "Suriyadakı müharibənin genişləndirilməsinə can atır, bunu İran və onu təmsil edən qüvvələrlə qarşıdurmaya çıxmaq imkanı hesab edirlər".

Bu da deyilməlidir ki, bu strategiyaya Pentaqon tərəfindən etirazlar var, lakin bu, deyəsən Ağ Evi tutduğu kursdan döndərə bilmir.

Washington Post qəzetinin bir neçə gün bundan əvvəl verdiyi xəbərə görə İran və ABŞ qüvvələri artıq regionda birbaşa toqquşublar. Buna baxmayaraq administrasiya rəsmiləri "növbəti" mərhələyə hazırlaşırlar.

Bu mərhələdə İŞİD-in tam məğlubiyyətindən sonra birbaşa iranlılara zərbə endirilməsi nəzərdə tutulur.

Timm yazır ki, Ağ Evin Suriya hökumətinin yeni kimyəvi hücum hazırladığına dair bazar ertəsi yaydığı məlumat hətta Pentaqonu da təəccübləndirib.

ABŞ-ın BMT-dəki səfiri dərhal bu bəyanatı özünün Twitter postunda əks etdirib və yazıb ki, "bir daha kimyəvi hücum olarsa, bunun təqsiri artıq təkcə Suriya hökumətində yox, həm də İran və Rusiyada olacaq".

Məqalədə deyilir ki, Ağ Ev sanki Yaxın Şərqdə daha bir fəlakətli müharibəyə başlamaq üçün bəhanə axtarır. Trump administrasiyası belə bir müharibənin gətirə biləcəyi xaos barədə, deyəsən heç düşünmək də istəmir.

Rejim dəyişkliyi?

Ötən həftəsonu isə senator Tom Cotton Politico saytına deyib ki, "ABŞ-ın siyasəti İranda rejim dəyişikliyinə nail olunmasına yönəldilməlidir".

Ağ Evin kəşfiyyat orqanları ilə əlaqələrinə cavabdeh olan Ezra Cohen-Watnick başqa administrasiya üzvlərinıə deyib ki, o İran hökumətini devirmək məqsədilə casuslardan istifadə edilməsini istəyir. Unutmaq olmaz ki, ötən həftə dövlət katibi Rex Tillerson da Senata İranda dinc rejim dəyişikliyi barədə danışıb.

Timm yazır ki, Trump-ın İrana qarşı müharibə təşnəsi onun administrasiyası işə gələndən başlayıb. Trump-ın Ağ Evə gəlişindən iki həftə sonra indi rüsvay olmuş ovaxtkı milli təhlükəsizlik müşaviri Michael Flynn brifinq otağına gələrək "İranın hədəfdə olduğunu" elan etmişdi.

The New York Times qəzeti hələ fevral ayında yazırdı ki, Pentaqon İran gəmilərinin beynəlxalq sularda abordajı kimi açıq bir plan üzərində işləyir. Belə bir hərəkət əlbəttə ki, açıq müharibə aktı hesab oluna bilərdi. Pentaqonun bu plandan daşınmasına səbəb isə bu barədə xəbərlərin sızması olub.

"İndi Obama administrasiyasının İranla imzaladığı nüvə sazişinin cırılıb atılması yalnız vaxt məsələsidir", yazır Timm.

Məqalədə deyilir ki, Trump administrasiyasının planları Suriya ilə məhdudlaşmır. Bəzi rəsmilər iddia edirlər ki, Pentaqon qanlı Yəmən müharibəsində Səudiyyə Ərəbistanına dəstəyini artırmağı düşünür.

Trump adminsitrasiyası bütün Yaxın Şərq boyunca münaqişəni qızışdırmağa çalışır. Hazırda Obama administrasiyasının vaxtında olduğundan dörd dəfə artıq dron vurulub salınır.

ABŞ qüvvələrinin zərbələrindən ölən dinc suriyalıların sayı raket sıçrayışı ilə çoxalıb.

Timm yazır ki, əgər administrasiya İranla müharibə planını həyata keçirməyə qalxsa, bu tarixi miqyasda ölümcül hadisə olacaq.

Rusiyanın dünya çempionatına ev sahibliyi ondan alınmayacaq, Qətərinki isə…

Fotonun müəllifi AFP
Image caption Amerikalı vəkil Michael Garcia korrupsiya iddiaları barədə iki il davam edən araşdırma aparıb.

"The Telegraph" qəzeti FİFA-da korrupsiya iddiaları ilə bağlı üç il əvvəl aparılmış Garcia təhqiqatının hesabatı barədə yazıb.

Garcia hesabatı futbol üzrə dünya çempionatlarına ev sahibliyi üçün səsvermə prosesində korrupsiyaya yol verildiyi barədə iddiaların iki il müddətində araşdırılmasının məhsuludur. İki növbəti çempionatın ev sahibliyi Rusiya və Qətərə verilib.

2014-cü ildə başa çatdırılımış hesabat FİFA-nın bu təhqiqatı aparan baş hüquqşünası Michael J Garcia-nın adına görə Garcia hesabatı adlanır.

Buna baxmayaraq FİFA bu hesabatın yalnız xülasəsini dərc etmişdi. Garcia dərc olunmuş xülasədən narazı idi.

Niyə məhz indi?

Bu hesabatın surəti Almaniyanın Bild qəzetinə sızdırılıb və qəzet onu hissə-hissə dərc edəcəyini bildirmişdi. Lakin işi belə görən FİFA, qəzetin "çörəyini əlindən alaraq" hesabatı tam şəkildə özü dərc edib. Hesabatın mediaya kim tərəfindən sızdırılması ətrafında da qızğın müzakirələr gedir.

Nəzəri baxımdan bu lap Garcia-nın özü də ola bilərdi və ya bunu FİFA-dan və FTB-dən başqa birisi, hətta hakerlər də edə bilərdilər.

"The Telegraph" yazır ki, bu sənədin açıqlanması ilk növbədə Rusiya və Qətəri narahat etməlidir.

Hesabatda nə var?

Fotonun müəllifi Getty Images
Image caption Qətər Dünya Futbol Çempionatına hazırlıq apararkən o cümlədən tikinti sahəsində işçilərin əmək hüqüqlarını pozmaqda tənqid olunub.

Sənəddən bəlli olur ki, 2018 və 2022-ci ilin dünya çempionatlarının ev sahibliyi üçün yarışa girişən ölkələrin demək olar hamısı qayda pozuntularına yol verib. Bir çox nümayəndə heyətləri, o cümlədən İngiltərənin nümayəndələri ev sahibinin seçilməsi prosesinin təmizliyinə kölgə salıb.

İngiltərə 2018-ci il üçün çempionatın ev sahibliyini əldə edə bilməyib, lakin onun nümayəndələri rüsvayçı şəkidə FİFA-nın korrupsiyalı səsverənlərini ələ almağa çalışıblar.

Bu 430 səhifəlik hesabatda heç başqa ölkələrin də reputasiyası yaxşı görünmür və sənəd futbol siyasətini onun ən pis tərəfindən təqdim edir.

Rusiya və Qətər ev sahibliyindən məhrum edilə bilərmi?

Bu hesabatla tanış olan adamlar deyirlər ki, onun içərisində 2010-cu il səsverməsinin yenidən keçirilməsinə əsas verəcək heç nə yoxdur. Əlbəttə, bu, FİFA-nın baş hakimi Hans-Joachim Eckert-in gəldiyi nəticədir.

Garcia-nın hesabatında gələn ilin Dünya Çempionatının yerinin dəyişdirilməsinə əsas verən ciddi bir tapıntı yoxdur. Lakin Qətərin 2022-ci il çempionatına ev sahibliyini əldə etməsi tərzinə dair çoxsaylı suallar yaranıb.

Belə çıxır ki, bu qədər vaxt hədər gedib?

Belə demək Garcia-nın apardığı ciddi təhqiqata hörmətsizlik olardı. Digər tərəfdən bu hesabata görə artıq bir sıra böyük FİFA rəsmilərinin futbol fəaliyyətinə qadağan qoyulub.

Belə rəsmilərdən bir çoxu İsveçrədə reydlər zamanı həbs edilərək Birləşmiş Ştatlara ektradisiya edilib.

Və nəhayət FİFA-nın rüsvay olmuş keçmiş prezidenti Sepp Blatter taxt-tacını itirib.

Fotonun müəllifi Getty Images

Yuxusuz insanın beyni özünü "yeyir"

"The İndependent" yazır ki, ötən il açıqlanmış bir hesabat britaniyalıların 80 faizinin yuxudan doymadığını aşkarlamışdı. Bu da deyilirdi ki, yuxudan daha çox məhrum olanlar həkimlər və müəllimlərdir.

Qeyd olunurdu ki, adamların doyunca yuxu almaması Birləşmiş Krallığın iqtisadiyyatına ildə 40 milyard funt sterlinq ziyan vurur.

Bəzi admalar daha az saatlarda yatmaqları ilə öyünürlər.

Yuxu Şurasının son məlumatlarına görə isə britaniyalıların 74 faizi normal 7 saatdan daha az yatır. Bu arada beş saatdan az yatanların sayı da 7 faizdən 12 faizə yüksəlib.

Bu ilin əvvəllərində İtaliyada aparılmış bir elmi təcrübə göstərmişdi ki, yuxudan məhrum olanlarda beyin hüceyrələri beyin sinapslarının bir hissəsini "yeyə" bilir.

Sinapslar və ya bağlayıcı düyünlər ulduzşəkilli beyin hüceyrələridir və onlar astrosit adlanır. Bu hüceyrələrin əsas funksiyası işlənib sıradan çıxmış hüceyrələri beyindən xaric etməkdir. Lakin yuxudan məhrum edilmiş siçanlar üzərində aparılmış təcrübə göstərib ki, astrositlər ifrat yükləndiyindən beynin əlaqə düyünləri qırılmağa başlayıb.

Təcrübəni aparan alim Michele Bellesi New Scientist jurnalına deyib ki, burada söhbət sözün əsl mənasında beynin yeyilməsindən gedir.

Başqa təcrübələr isə yuxudan məhrum olanların daha əsəbi olduqlarını aşkar edib. İnsanın emosiyalarını beyindəki badamcıq cismi tənzimləyir. Təcrübə göstərib ki, kifayət qədər yatmayanlarda bu orqan normal halındakından 60 faiz daha çox fəal olur və bu da insanın kəskin reaksiyalarına yol açır.

Beynin yuxusuzluqdan təsirlənən daha bir hissəsi hippokampusdur.

Bircə gecə yuxusuz qalmaq kifayətdir ki, yaddaşın saxlanmasına cavabdeh olan hippokampus bundan ciddi şəkildə ziyan çəksin.

Beləliklə, beynin yuxusuzluqdan təsirlənməyən hissəsi demək olar ki, yoxdur.

Əlaqəli mövzular

Bu barədə daha geniş