Hərbi qüdrətini artıran Çin yeni növ qırıcı gəmi istehsal edib

Çinin yeni gəmisinin təqdimatı Fotonun müəllifi Reuters
Image caption Çinin yeni gəmisinin təqdimatı

Bu, ölkə daxilində istehsal edilmiş sayca ikinci yeni gəmidir. Aprel ayında Çin yeni təyyarədaşıyıcısını təqdim etmişdi.

Cənubi Çin dənizində artan gərginlik fonunda Pekin öz ərazisi iddia etdiyi sularda daha qərarlı addımlar atır.

10 000 ton çəkisi olan yeni qırıcı gəmi sınaqlardan keçiriləcək.

Gəmi "havadan müdafiə, gəmi, sualtı qayığı və raket əleyhinə sistəmlərlə təchiz olunub", Çinin rəsmi Xinhua agentliyi bildirir.

Çinin Global Times internet nəşri bildirir ki, 055 tipli yeni qırıcı xidmətdə olan daha kiçik 052D qırıcı gəmiləri əvəz etməlidir.

Suverenliyin "müdafiəsi"

Trump administrasiyasının Çinin ərazi iddialarına qarşı çıxacağı barədə bəyanatı ardınca Pekin Cənubi Çin dənizinin bəzi hissələri üzərində "inkaredilməz suverenliyə" malik olduğunu vurğulayıb.

Mübahisəli sulara dəfələrlə ABŞ gəmiləri və hərbi avasiya göndərilib.

Washington bunu mühüm dəniz və hava yollarına girişi təmin edən "naviqasiya azadlığı" əməliyyatı adlandırır.

Tərəflər bir-birlərini bölgənin "hərbiləşdirilməsində" ittiham edir.

Həyati əhəmiyyətə malik su yollarına nəzarət uğrunda rəqib ölkələrin çəkişməsi əsrlərdən bəridir ki, davam edir.

Lakin son illər ərzində gərginliyin dərəcəsi artmaqdadır.

Çinlə yanaşı qarşılıqlı ərazi iddiaları ilə Vyetnam, Filippin, Tayvan, Malayziya və Bruney çıxış edir.

Çin ərazi iddialarını əsaslandırmaq məqsədilə bölgədə adalar tikir. O, həmçinin mübahisəli bölgədə keşik çəkən gəmilərin sayını artırmaqdadır.

Yeni gəmi aprel ayında istismara verilən təyyarədaşıyıcıdan sonra mühüm addım sayılır.

Bundan əvvəl Çin donanmasında yalnız sövet dönəmində istehsal edilmiş köhnə Ukrayna təyyarədaşıyıcısı olub.

Hərbi xərclərin artırılması

İqtisadiyyatı genişləndikcə Çin, silahlı qüvvələrini müasirləşdirir.

Mart ayında o, hərbi büdcənin 7 faiz artırılacağını bəyan edib. Lakin artıq ikinci ildir ki, hərbi xərclərə aid artım 10 faizlik həddi keçmir.

Bundan əvvəl, 20 il ərzində müdafiə büdcəsinə daha böyük maliyyə vəsaitləri ayrılıb.

Hərçənd ki, ABŞ hərbi büdcəsinin həcmi Çin büdcəsini üstələyir.

Belə ki, Çinin hərbi xərcləri ÜDM-in 1.3 faizini təşkil edir. ABŞ-ın hərbi büdcəsi isə ÜDM-in 3 faizinə yaxındır.

ABŞ iqtisadiyyatının həcmi nəzərə alınsa, dollarla hesablanan nisbət fərqi daha da iri görünür.

ABŞ prezidenti Donald Trump hərbi xərclərin 10 faiz artırılmasını təklif edib.

Hərbiyyəsini müasirləşdirmək cəhdləri çərçivəsində Çin yeni növ gəmisini istismara verib, dövlət mediası xəbər verir.

Bu barədə daha geniş