Ermənistan müdafiə naziri Azərbaycanın "genişmiqyaslı müharibə başlayacağına inanmır"

Fotonun müəllifi Ministry of Defence of the Republic of Armenia
Image caption Vigen Sarkisyan çərşənbə günü Yerevanda jurnalistlərlə görüşüb.

Ermənistan müdafiə naziri Vigen Sarkisyan əmindir ki, "Azərbaycan genişmiqyaslı müharibə başlamayacaq". Bunu o, çərşənbə günü Yerevanda jurnalistlərlə görüşü zamanı bəyan edib.

"Mən, demək olar, əminəm ki, genişmiqyaslı müharibə ola bilməz. Sadəcə, ona görə ki, [Azərbaycan] bu müharibə ilə Qarabağ məsələsini həll edə bilməz. ", - Vigen Sarkisyan deyib.

Vigen Sarkisyan hesab edir ki, genişmiqyaslı müharibənin nəticələri problemi hərb yolu ilə həll etmək istəyən tərəfin istədiyi istiqamətdə inkişaf etməyə də bilər.

"Əksinə, çox böyük risk var ki, genişmiqyaslı müharibə nəticəsində Azərbaycan dövləti və iqtisadiyyatına zərər vurula bilər", - deyə, Vigen Sarkisyan genişmiqyaslı müharibənin Ermənistana da böyük ziyan vura biləcəyini istisna etmədiyini deyib.

Həmçinin bax:

"Bunların heç birini istisna etmək olmaz. Lakin bilərəkdən indiki şəraitdə genişmiqyaslı müharibəyə başlamaq Azərbaycan rəhbərliyi tərəfindən cəfənglik olardı. Lakin bu, heç də Azəraycan tərəfindən müxtəlif təxribatlar, gərginlik yaratmaq, hədəfli atəşlərin mümkünlüyünü istisna etmir", - Ermənistan müdafiə naziri deyir. - "İctimai-demokratik nəzarət olmayan ölkədə belə qərarlar çox asan qəbul edilir".

Vigen Sarkisyanın sözlərinə görə, erməni tərəfin "daima hazır olmaqdan başqa alternativi yoxdur".

"Bu təhdidlər bizi o dərəcədə məyus edə bilməz ki, biz ölkəmizi, təhlükəsizliyimizi qorumaq, gələcəyimizi sülh şəraitində qurmaq perspektivindən imtina edək. Biz ölkəmizin təhlükəsizliyi və bütün sahələrdə inkişafını təmin edərək, mövcud olan bölgə şəraitdə yaşamağı öyrənməliyik", - Vigen Sarkisyan bəyan edib.

Bu arada isə Azərbaycan Müdafiə Nazirliyi bəyanat verərək deyib ki, Azərbaycan ordusu "işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir".

Azərbaycana Rusiyadan silah

Fotonun müəllifi Ministry of Defence of the Republic of Armenia
Image caption Azərbaycan Rusiyadan hökumətlərarası razılaşmaya əsasən hərbi texnika aldığını deyib

Rusiyanın Azərbaycana silah verməsinə dair jurnalistlərin sualına cavab olaraq, nazir Vigen Sarkisyan Rusiyanın Azərbaycana silah satmasına münasibətinin dəyişmədiyini deyib.

"Azərbaycana istənilən silah tədarükünə münasibətim son dərəcə mənfidir. Bunun səbəbi sadəcə Azərbaycanın qabaqcadan hərəkətləri duyulmaz ölkə olmasıdır. Bu ölkədə demokratik nəzarət mexanizmləri olmadığına görə, onun aqressivlik dərəcəsi daxili və bəzən təhqiqata çətin tabe olan problemlərdən irəli gəlir", - Vigen Sarkisyan deyir.

Onun sözlərinə görə, məsələ silahın Azərbaycana Rusiya, İsrail, Türkiyə və ya hər hansı başqa ölkədən verilməsində deyil.

"İstənilən silah tədarükü yeni böyük risklər yaradır, çünki qabaqcadan bilmək olmaz ki, bu ölkədə istənilən anda, o cümlədən yaxın gələcəkdə kim qərar qəbul edəcək", - o dedi.

Ötən həftəsonu Azərbaycan Müdafiə Nazirliyi "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində" ən yeni hərbi texnikanın çatdırıldığını bəyan etmişdi.

Bakı limanına gətirilən çoxlu sayda müasir silahların yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcəyi bildirilirdi.

"Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq", - Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistan müdafiə naziri eyni zamanda Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq proqramı çərçivəsində "müttəfiqlik prinsipi əsasında, Rusiyanın daxili qiymətləri ilə" Ermənistanın silahla təchiz edildiyini və bu proqramın həyata keçirilməsindən məmnun olduğunu bildirib.

Bu barədə daha geniş