Britaniya mətbuatı: Savadlı uşaqlar daha uzun ömür yaşayacaqlar

Fotonun müəllifi Thinkstock

Britaniya mətbuatı yazır: ABŞ Rusiya hakimiyyətini devirmək istəyir?; "Time" jurnalı Trump-dan saxtakarlığa son qoymağı tələb edib; Yaxşı İQ, uzun ömür deməkdir.

Fotonun müəllifi AFP

ABŞ Rusiya hakimiyyətini devirmək istəyir?

"The İndependent" yazır ki, Rusiya Birləşmiş Ştatların Kremldə hakimiyyət dəyişikliyi hazırlamasından narahatdır.

Bu barədə məlumatı Associated Press-ə açıq informasiya ilə işləyən müdafiə kəşfiyyatı agentliklərindən biri ötürüb.

Hesabatda deyilir ki, iki ölkə arasındakı hazırkı gərginliyin və Soyuq müharibə illərdində olduğu kimi hərbi yarışın bərpa olunmasının əsas səbəbi də budur.

Moskva narahatdır ki, Amerika Rusiya hakimiyyətini devirməyə çalışır və onun dünya boyunca demokratiya yaymaq missiyası əslində bir formada olan dəyərlər sistemi yaratmaq məqsədi güdür.

Hesabatda qeyd olunur ki, Kreml Birləşmiş Ştatların Rusiyada hakimiyyət dəyişikliyi etmək niyyətindən çox ciddi şəkildə narahatdır.

Bu da vurğulanır ki, Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti daha da gərginləşdirməsinin başlıca səbəbi budur.

Kreml inanır ki, 2014-cü ildə Ukraynanın rusiyapərəst prezidentinin devrilməsinin arxasında məhz ABŞ durur.

Hesabata görə, Rusiyanın Krımı ilhaq etməsinə səbəb də elə Ukrayna prezidenti Yanukoviçin devrilməsi olub.

"The İndependent" yazır ki, bu hesabat Soyuq müharibə illərində iki superdövlətin rəqabətini əks etdirən hesabatlara bənzəyir.

Lakin belə hesabatların yazılması 1991-ci ildə, Sovet İttifaqının çöküşü ilə dayandırılmışdı.

İndi, son on ildə ABŞ və Kreml arasında böyük gərginlik müşahidə edilir.

Bu iki ölkə arasında münasibətlər xüsusilə də keçmiş ABŞ prezidenti Barack Obama Moskvanı 2016-cı il ABŞ prezident seçikisinə müdaxilə cəhdlərində ittiham edəndən bəri daha da pisləşib.

Rusiya prezidenti Vladimir Putin hər hansı belə müdaxilə cəhdinin olduğunu danır.

Bu hesabat Rusiyanın qlobal rolunun artmasından Washington-da narahatlığın yarandığı bir vaxta təsadüf edir.

Konqres üzvləri bildirirlər ki, Rusiya beynəlxalq meydanda özünün təcavüzkar hərəkətlərini artırır.

Onların dediyinə görə, Krımın ilhaqı və ABŞ seçkisinə müdaxilə cəhdi belə aqressiv siyasətin göstəricisidir.

Sözü gedən hesabatı AP agentliyinə ötürmüş analitik mərkəz israr edib ki, bu sənəd Donald Trump prezident seçilməzdən əvvəl tərtib edilib və son hadisələrlə hər hansı bir şəkildə bağlı deyil.

Lakin hesabat Sovet İttifaqı çökəndən bəri Rusiyanın artmaqda olan hərbi qabiliyyətindən söz açır.

Hesabatda deyilir ki, indi Rusiya ordusu bir vaxtlar mövcud olan ağır silahlı Sovet ordusu deyildir.

Rusiya daha yığcam, daha müasir, daha döyüş qabiliyyətli və daha mobil qüvvələrini inkişaf etdirə bilib.

Fotonun müəllifi Reuters

"Time" jurnalı Trump-dan saxtakarlığa son qoymağı tələb edib

"The Guardian" yazır ki, "Time" jurnalı Trump təşkilatından prezidentin qolf klublarının divarlarındakı saxta üz qabıqlarını çıxarmağı tələb edib.

Söhbət guya Donald Trump-ın şəkli olduğu iddia edilən "Time" jurnalının üz qabıqlarından gedir. "Time" bildirir ki, Trump bu üz qabıqlarını saxtalaşdırıb və əslində "Time" jurnalı iddia edilən vaxtda üz qabığında onun fotosu ilə çıxmayıb.

"The Washington Post" yazıb ki, burada söhbət əsasən bir üz qabığından gedir. Bu üz qabığında Trump-ın portreti var, şəklin altından isə yazılıb: "Donald Trump: Apprentice verilişi televiziya möcüzəsidir!", "Time" bu şəklin saxta olduğunu bildirir.

Deyilənlərə görə, bu foto ABŞ prezidentinin dünya boyunca 4 qolf klubunun divarlarını bəzəyir.

"Time" bildirib ki, onun 1 mart 2009-cu il nömrəsində Trump-ın şəkli heç bir halda verilməyib. Əsl "Time" jurnalının həmin sayında üz qabığında aktrisa Kate Winslet-in portreti olub.

Fotonun müəllifi TWITTER/WASHINGTONPOST

ABŞ mediası yazır ki, "Time" qəzeti Trump-ın portretini üz qabığnda bir dəfə, 1989-cu ildə verib və həmin portretin altında onun biznesmen olduğu göstərilmişdi.

Sonuncu dəfə Trump-ın şəkli "Time" jurnalının üzündə 2016-cı ilin dekabrında görünüb. Həmin vaxt Trump ilin adamı elan edilmişdi.

Ağ Ev "Time" jurnalının saxtalaşdırılması ilə bağlı sualları cavablandırmayıb.

Fotonun müəllifi Getty Images

Yaxşı İQ, uzun ömür deməkdir

"The Telegraph" qəzeti yazır ki, "söz son gülənindir" kəlamı doğrudur və orta məktəbdə ağıllı və əlaçı olduqlarına görə çox vaxt sinif yoldaşları tərəfindən lağa qoyulanlar, doğrudan da "axırda güləcəklər", çünki onlar savadsızlardan daha uzun ömür yaşayacaqlar.

Məqalədə deyilir ki, bu artıq elmi cəhətdən isbat edilmiş bağlılıqdır. Uşağın İQ-sü, yəni zəka indeksi onun daha uzunömürlü olacağının göstəricisi sayıla bilər.

Edinburgh, Oxford və London Kollec universitetlərindən olan tədqiqatçılar 1947-ci ildə keçirilmiş Şotlandiya Ağıl Sorğusunda iştirak etmiş 65 min insanın sonrakı həyatlarını təhlil ediblər. Bu sorğuda 1947-ci ildə iştirak edəndə onların 11 yaşı vardı.

Elmi təhlil göstərib ki, yüksək İQ 79 yaşınadək ürək xəstəliklərindən, iflicdən, xərçəngdən və tənəffüs yollarının pozuntularından ölümlərin faizini əhəmiyyətli dərəcədə azaldıb.

Maraqlıdır ki, zəkalı uşaqların ahıl yaşlarda fiziki xəsarətlərdən, həzm sisteminin xəstəliklərindən və demensiyadan (ağıldankəmlik) ölməsi faizi də xeyli aşağı olub.

"Mən bu nəticələrdən çox nikbinəm, - deyib Edinburgh Universitetinin professoru Ian Deary, - Bu mənə belə bir ümid verir ki, biz əgər zəkalı insanların necə yaşadıqlarına göz qoyub, onları təqlid etsək, azacıq uzun ömür və daha sağlam yaşayışa nail ola bilərik".

Bununla belə, alim deyib ki, zəkalılıqla uzun ömür arasında əlaqə hələ tam öyrənilməyib.

Ola bilsin ki, ağıllı adamların daha sağlam həyat tərzləri (məsələn siqaret çəkməmələri), təhsilləri, sağlamlıq sahəsindəki savadları və genetikası burda böyük rol oynayır.

Maraqlıdır ki, bəzi həyat məhrumiyyətləri, məsələn işsizlik, məişət şəraitsizliyi kimi hallar da ağıllı adamların uzunömürlülüynə cəmi 30 faiz hallarda təsir göstərə bilir.

Alimlər hesablayıblar ki, İQ - zəka indeksində əlavə 15 bal tənəffüs yolları xəstəliklərindən ölüm hallarını 28 faiz, ürək xəstəliklərindən ölüm hallarını 25 faiz və beynə qan sızmasından ölüm hallarını 24 faiz azaldıb.

Başqa sözlərlə bu o deməkdir ki, İQ indeksi 115 olanlar 76 yaşında tənəffüs yolları xəstəliklərindən ölməmək üçün başqalarından 28 faiz daha çox şanslıdırlar. Bu da qeyd olunmalıdır ki, orta İQ rəqəmi hazırda 100 hesab edilir.

İQ göstəricisi 115 olanların sidik kisəsi xərçəngindən ölüm ehtimalı 19 faiz, ağ ciyər xərçəngindən ölüm ehtimalı 25 faiz və bağırsaq xərçəngindən ölüm ehtimalı 11 faiz az olur.

Başqa elmi mülahizələrə görə, İQ yaxşı genetikanın da göstəricisi ola bilər. Son araşdırmalar göstərib ki, çevik reaksiya qabiliyyəti də erkən ölümlərin ehtimalını azaldır.

Alimlər inanırlar ki, həkimlər və xəstəxanalar pasientlərin müalicəsi zamanı onların irsiyyəti ilə yanaşı İQ indeksini də nəzərə almalıdırlar.

Burası da var ki, dünyada savadlıların sayı artır. 1950-ci ildən bu yana İQ indeksi 20 bal yüksəlib.

Əlaqəli mövzular