Britaniya mətbuatı: Birləşmiş Krallığa “ərə getmək" çətinləşir

Fotonun müəllifi Getty Images

"The Daily Mail" qəzeti yazır ki, ötən il Britaniya əhalisinin 10 faizini xarici vətandaşlar təşkil edib.

Bu rəqəm 2015-2016-cı illər arasında 6, 4 faiz artaraq 5, 95 milyon nəfərə çatıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının "Miqrasiyaya Baxış" adlı hesabatına görə Britaniyadakı xarici vətandaşların sayı 2005-ci ildən bəri 5 faiz artıb.

Bu isə o deməkdir ki, miqrasiya bu il azacıq düşməsinə baxmayaraq, hələ də rekord həddində qalır.

Hesabatda deyilir ki, Birləşmiş Krallıqdan qaçqın statusu istəyənlərin sayı ötən il 7 faiz azalaraq 30 min 600 nəfərə düşüb. Bu, 2010-cu ildən bəri ilk azalmadır.

Britaniyadan sığınacaq istəyənlərin əksəriyyəti və ya 4780 nəfəri iranlılardır. Onlardan sonra 3701 nəfərlə pakistanlılar və 3644 nəfərlə iraqlılar gəlir.

Britaniyada yaşayan hər 1 milyon nəfərin hesabına 2016-cı ildə 593 sığınacaq müraciəti düşüb. Bu Avropanın orta rəqəmi olan 1283 nəfərdən iki dəfə azdır.

Açıq qapılar siyasəti yürüdən Almaniya sığınacaq istəyənlərin sayına görə Avropa İttifaqında liderdir. 2016-ci ildə Almaniyada hər 1 milyon nəfər əhaliyə 8952 sığınacaq müraciəti edilib. Avstriya və Yunanıstan üçün bu rəqəm 4500 nəfər olub.

Ən az sığınacaq istənilən olkə Slovakiyadır. Burada hər 1 milyon nəfər əhaliyə 18 sığınacaq ərizəsi düşür.

2015-ci ildə Britaniyaya miqrasiya axını ən yüksək həddinə çatıb. Həmin il ölkəyə 631 min miqrant gəlib.

Amma burası da var ki, elə həmin il Britaniyada oturaqlıq verilənlərin sayı 2014-cü illə müqayisədə 12 faiz azalaraq 90 min 800 nəfərə düşüb.

Qəzet yazır ki, buna səbəb ailə üzvü statusu ilə ölkəyə gəlmək istəyənlərə daha az oturaqlıq verilməsidir.

İndi ailə üzvü kimi daimi yaşayış icazəsi alanlar, bütün oturaqlıq əldə edənlərin 18, 5 faizini təşkil edirlər. 2014-cü ildə bu rəqəm 32 faiz idi.

Başqa sözlərlə bu o deməkdir ki, Britaniyaya britaniyalının arvadı və ya əri statusunda köçmək xeyli çətinləşir.

Hesabata görə Almaniya və Britaniya rumınların üçdə ikisinin sığınacaq istədiyi əsas ölkələrdir.

Britaniyadan köçənlər üçünsə əsas istiqamətlər Avstraliya, İspaniya, ABŞ, Almaniya və Yeni Zelandiyadır.

Fotonun müəllifi Getty Images

Səudiyyə Əl-Cəzirəni niyə bağlatmaq istəyir?

"Economist" yazır ki, əslində Səudiyyə Ərəbistanının bir vaxtlar öz dözümsüzlüyü olmasaydı,Əl-Cəzirə bu gün Ərəb dünyasının ən populyar telekanalı da olmazdı.

Hər şey ondan başlanmışdı ki, Səudiyyə Ərəbistanı BBC-nin ərəbdilli telekanalının tənqidi reportajlarından əsəbiləşərək korporasiyanı öz peykindən çıxarmışdı. BBC-nin telekanalı bağlanandan sonra birdən-birə onlarca əməkdaş işsiz qalmışdı. Məhz bu məqamda o vaxta qədər çox da tanınmayan Əl-Cəzirə telekanalı peyda olub onları işə götürmüşdü. Yeni telekanal ilk dəfə 1996-cı ildə efirə çıxmışdı. Əl-Cəzirənin işçiləri məhz buna görə də BBC standartlarını uzun müddət saxlaya bilmişdilər.

İndi isə Səudiyyə Ərəbistanının öz qonşusu, balaca əmirlik Qətərlə mübahisəsində ona verdiyi ultimatumun 13 bəndindən bir də bu telekanalın bağlanmasıdır.

"Economist" yazır ki, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri də daxil bir neçə ərəb ölkəsi bu kiçicik monarxiyanı terrora dəstəkdə və İranla əlaqələrdə ittiham edərək blokadaya salıb.

Lakin məqalə müəllifinin fikrincə, Səudiyyə Ərəbistanının əsas dərdi Əl-Cəzirədir, çünki müəyyən mənada balaca əmirliyin regiondakı böyük nüfuzuna bu telekanal töhfə verib.

İndiyədək onsuz da bir neçə ərəb ölkəsi bu telekanalın yayınlarını qadağan edib. Bu ölkələr Əl-Cəzirə telekanalında nə isə unikal bir xüsusiyyət görürlər. Bütün başqa ərəb kanalları rəsmi dövlət süzgəcindən keçən xəbər və reportajları yayırlar, Əl-Cəzirə isə müstəqil telekanaldır. Hər halda son vaxtlara qədər belə olub.

Yaradılmasının ilk günündən telekanal qızğın diskussiyaları, avtokratlara qarşı təqnidi ilə məşhurlaşıb. Əlbəttə, Qətərin özünü çıxmaq şərtilə…

Bu kanal Səddamı "diktator" adlandırıb və israillilərə efirdə danışmaq imkanı yaradıb. Bu telekanal həm də dissidentlər, islamçılar və panərəb millətçiləri üçün platforma olub. Bir sözlə Əl-Cəzirə özünün də elan etdiyi kimi, "səssizlərin səsinə" çevrilə bilib. Regionun senzorlarına acıq verərək mükafatlar alıb. Bu da deyilməlidir ki, bu telekanal bu və ya digər dərəcədə ayrı-ayrı vaxtlarda regionun bütün ölkələrindən qovulub.

Lakin "Economist" yazır ki, telekanalın ekstremist baxışlara meydan verib təbliğ etdiyi də olub. Bu telekanal Osama bin Ladenin mesajlarını yayımlayıb, Yusuf əl-Qaradaviyə öz zorakı ideyalarını yaymaq imkanı verib. Telekanalın Beyrut bürosunun direktoru dörd israillini öldürmüş yaraqlının ad günündən reportaj verib. Kanalın müharibə reportajlarında qızışdırıcılıq əlamətləri görünür.

"Economist" yazır ki, Qərbdə əl-Cəzirənin yalnız ingilis proqramları ilə tanış olanlardan bəziləri onun qərəzli media olduğunu bilirilər. Lakin Ərəb Körfəz Dövlətləri İnstitutunun təhlilçisi Hüseyn İbiş deyib ki, müqayisədə ərəbcə əl-Cəzirə sanki "narkotiklənmiş Fox News" kanalıdır.

Məqalədə deyilir ki, 2011-ci ildə Ərəb baharı başlananda, Əl-Cəzirə artıq oturuşmuş bir telekanal idi, lakin buna baxmayaraq məhz ərəb inqilabları bu media qurumu üçün dönüş nöqtəsinə çevrildi. Telekanal etirazlardan canlı efirlər təşkil edirdi. Bu kanal etirazçıların və müşahidəçilərin əsas informasiya mənbəyinə çevrilmişdi. Həmin dövrdə Qahirədə bürosunun bağlanmasına baxmayaraq Misir inqilabı zamanı əl-Cəzirənin internet trafiki 2500 faiz artmışdı! Təhrir meydanındakılar "Yaşasın Əl-Cəzirə" şüarları söyləyirdilər.

Bütün bunlar Qətərin yaxın qonşularını o qədər də açmırdı. Onlar qorxurdular ki, kanal ərəb inqilabını Körfəz ölkələrinə də yaya bilər.

Əl-Cəzirənin Misirdə Müsəlman Qardaşlığı təşkilatını dəstəkləməsi isə onu Körfəz ölkələri ilə daha çox üzbəüz qoymuşdu.

2012-ci ildə kanalı tərk etmiş jurnalist Əxtəm Suliman deyirdi ki, Əl-Cəzirənin yayınları jurnalistikanın prioritetlərinə deyil, Qətər Xarici İşlər Nazirliyinin təlimatlarına əsaslanır.

Əl-Cəzirə yenə də hücumdadır. Ötən apreldə Yəməndə 12 Səudiyyə əsgəri öldürüləndə kanal onları "şəhid" adlandırmamaqla Ər-Riyadı daha da hiddətləndirmişdi.

Kanal Müsəlman Qardaşlığının 2013-cü ildə devrilməsini "çevriliş" adlandırmaqla Misir hakimiyyətini də qıcıqlandırır.

Əl-Cəzirə həm də əl-Qaedanın qolu olan Cəbhət ən-Nüsraya rəğbətli mövqe tutub.

Qətərə qarşı blokada elan ediləndən bəri telekanal Yəməndəki müharibəni daha kəskin tənqid edir.

İndi kanal diqqətini daha çox Yəməndə dinc əhalinin bombardmanına və burada yayılan vəba xəstəliyinin fəlakətlərinə yönəldir.

"Economist" yazır ki, əl-Cəzirə çox güman ki, bu böhrandan da salamat çıxacaq, amma ola da bilsin Qətər hökuməti onun tonunu bir qədər almalı olacaq.

Fotonun müəllifi Getty Images

Fəlakətdən fürsətlənən

"The Daily Telegraph" yazır ki, Londonda 52 yaşlı kişi saxtakarlıq edərək Grenfell göydələni yanğınında ailəsini itirdiyini iddia etdiyinə görə həbs olunub.

Məqalədə deyilir ki, həmin adam bu üsulla yeni mənzil və müavinət almağa çalışırdı.

Bu yaxında Grenfell yanğınında rəsmən 80 nəfərin həlak olduğu bildirilsə də, media əsl rəqəmin daha yüksək ola biləcəyini yazır.

Sözü gedən şəxs yanğından dərhal sonra sosial təminat orqanlarına müraciət edib və ona hətta xüsusi psixoloq da ayrılıb.

Polis artıq Grenfell binasının sakinləri ilə söhbətlər aparıb və onlar iddiaçını tanımadıqlarını bildiriblər.

London bələdiyyə polisi hətta bu adamın əslində yaşadığı ünvanı da aşkar edib. Ünvan yanğın baş verən binanın 40 kilometrliyində yerləşir.

Polis bunu da müəyyən edib ki, iddiaçının arvad-uşağı yerli-dibli olmayıb.

Bu barədə daha geniş