Suriyanın paytaxtı Dəməşqdə təqib edilən “canlı bomba” maşınını partladıb

Damaged cars are seen at one of the blast sites in Damascus in this handout picture posted on SANA on July 2, 2017 Fotonun müəllifi Sana via Reuters
Image caption Polis sürücülərin şəhərin izdihamlı yerlərinə hücum etməyi planlaşdırdıqlarını deyib.

Suriyanın paytaxtı Dəməşqdə "canlı bombanın" törətdiyi hücum nəticəsində 8 nəfər həlak olub, Suriya dövlət televiziyası bildirib.

Xəbərlərə görə, hücumdan əvvəl Suriya polisi şəhərə girərək avtomobillərlə basqın etmək istəyən 3 intiharçını izləyirdi.

Polis 2 avtomobili saxlaya bilib, lakin 3-cü sürücü şəhərin şərqində yerləşən Təhrir meydanına daxil olub və əhatə edildikdən sonra özünü partladıb.

Suriya vətəndaş müharibəsi 6-cı ilindədir və paytaxt Dəməşqin əksər hissəsi hökumət qüvvələrinin əlindədir.

Partlayış nəticəsində 12 nəfər xəsarət alıb, yerli media deyib.

Dövlət televiziyası intiharçıların Ramazan bayramından sonra ilk iş günündə izdihamlı yerlərə hücum etməyi planlaşdırdıqlarını deyib.

Bir şəhər sakini AFP xəbər agentliyinə yerli vaxtla saat 6:00-da partlayış səsi eşitdiyini və partlayış nəticəsində ətrafdaki binaların şüşələrinin qırıldığını deyib.

Fotonun müəllifi Sana via Reuters
Image caption Suriya dövlət televiziyası hücumdan sonra bu görüntüləri yayıb

Heç bir qrup hücum üçün məsuliyyəti öz üzərinə götürməyib.

2011-ci ildə hökumətə qarşı etiraz aksiyalarıyla başlayan Suriya vətəndaş müharibəsində indiyədək 300 mindən artıq insan həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı indiyədək münaqişədə əhalinin 5,5 milyonunun ölkəni tərk etdiyini və 6,3 milyon insanın məcburi köçkün olduğunu deyib.

Dəməşq əsasən Bəşər əl-Əssəd hökumətinin nəzarətində qalıb və döyüşlərdən qorunub. Lakin hökumət qüvvələri şəhərin şərqində yerləşən Cobar və Ayn Tarma ərazilərində hələ də qıyamçı qüvvələrlə mübarizə aparır.

Bundan əvvəl də şəhərdə bir neçə canlı bomba hücumları baş verib.

Mart ayında Bab əs-Səğir məzarlığında canlı bomba hücumu nəticəsində 40-dan çox insan həlak olub.

Daha sonra əl-Qaidə ilə əlaqəsi olan bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürüb.

Bundan sonra şəhərin məhkəmə binaları yerləşən ərazidə intiharçı bomba hücumu 31 nəfərin ölümü ilə nəticələnib.

Bu barədə daha geniş