Prezident Trump sosial mediadan necə istifadə etdiyini müdafiə edib

US President Donald Trump gives a thumbs up at the White House in Washington, 19 May 2017 Fotonun müəllifi Getty Images
Image caption Prezident Trump sosial medianın ona seçkilərdə qalib gəlməyə kömək etdiyini deyib

ABŞ Prezidenti Donald Trump Twitter-də MSNBC telekanalının aparıcıları barədə təhqiramız şərhlərinin yaratdığı qalmaqaldan sonra özünün sosial mediadan necə istifadə etdiyini müdafiə edib.

Şənbə günü, o, Twitterdə deyib: "Mənim sosial media istifadəm prezidentə yaraşmır - müasir prezidentə yaraşır".

Bundan bir neçə gün əvvəl, o, MSNBC aparıcıları Joe Scarborough və Mika Brzezinski-yə kobud şəxsi təhqirlər ünvanlandırıb.

Onun şərhləri həm müxalif demokratlar, həm də öz respublikaçılarının tənqidlərinə səbəb olub.

Ağ Ev prezidenti müdafiə edib, lakin bundan əvvəl cənab Trump-ın məsləhətçiləri onun sosial media istifadəsindən narahat olduqlarını bildiriblər.

Şənbə günü, Donald Trump ənənəvi mediadan fərqli olaraq sosial medianın ona ictimaiyyətlə birbaşa əlaqə yaratmağa imkan verdiyini deyib.

O, bir çox media qurumunu "saxta xəbər" yaymaqda təqsirləndirib.

"SAXTA VƏ FIRILDAQCI XƏBƏR MEDİASI respublikaçıları və digərlərini inandırmaq istəyir ki, mən sosial mediadan istifadə etməməliyəm", Trump Twitter-də yazıb.

"Lakin yadınıza salın ki, mən 2016 seçkisini müsahibələr, çıxışlar və sosial media ilə qazandım", o, əlavə edib.

Cənab Trump həmçinin CNN xəbər şəbəkəsini tənqid edib. CNN səhvə görə Donald Trump-ın məsləhətçilərindən birinin Kongres tərəfindən araşdırıldığını iddia edən məqaləni geri götürməli olub.

"Mən @CNN-in #SaxtaXəbər və tullantı jurnalistika kimi ortaya çıxarıldığına çox şadam. Vaxtı idi!" - cənab Trump tvitləyib.

Fotonun müəllifi @realDonaldTrump/Twitter
Image caption Donald Trump yazıb: "Mən #SaxtaXəbər CNN adını #FırıldaqcıXəbərCNN-də dəyişməyi düşünürəm!"

Cənab Trump CNN-i dəfələrlə "saxta xəbər" adlandırıb və Buzzfeed xəbər saytını "uğursuzluqla üzləşən tullantı yığıntısı" olduğunu deyib.

Şənbə günü Washington-da hərbi veteranlar qarşısında çıxış edərkən cənab Trump-ın Amerikanın "bir daha qələbə" qazanacağını deməsi və media qurumlarına hücum etməsi alqışlarla qarşılanıb.

"Saxta media bizi susdurmağa çalışır, amma biz buna imkan verməyəcəyik", o, Azadlığı Qeyd Et Mitinqində deyib.

"Saxta media bizim Ağ Evə getməyimizin qarşısını almaq istədi. Lakin mən prezidentəm və onlar deyillər", Donald Trump deyib.

ABŞ prezidentinin Twitter-də 33 milyon izləyicisi var.

Onun izləyicilərini sarsıtmaq qabiliyyəti getdikcə azalsa da, Twitter-də paylaşdığı şərhlər siyasətçilər və digərlərinin tənqidlərinə səbəb olub.

Bu barədə daha geniş