Britaniya mətbuatı: Kosmetik cərahiyyəyə getdikcə daha gənc qadınlar müraciət edirlər

Fotonun müəllifi Getty Images
Image caption Doktor Julian De Silva botoks əməliyyatına müraciət edən qadınların əhəmiyyətli hissəsinin heç orta yaşlarına çatmayanlar olduğunu deyib.

Kosmetik cərahiyyəyə getdikcə daha gənc qadınlar müraciət edirlər

"The İndependent" qəzeti plastik və kosmetik cərrahiyyənin bu günü haqqında maraqlı yazı dərc edib.

Londonda plastik cərrahiyyənin əsas "məhəlləsi" sayılan Harley Street ünvanında bir cərrah qəzetə bildirib ki, gözəllik naminə cərrah bıçağı altına girən qadınların orta yaşı 39-a enib. Üç il əvvəl bu rəqəm 42 idi.

Doktor Julian De Silva "The İndependent" qəzetinə deyib ki, indi liposaksiya, qarının yığışdırılması, üzün cavanlaşdırılması və botoks əməliyyatına müraciət edən qadınların əhəmiyyətli hissəsi heç orta yaşlarına çatmayanlardır.

Elə kosmetik cərrahiyyəyə girən kişilərin də orta yaşı 47-dən 45-ə düşüb.

Buna baxmayaraq, doktor Julian De Silva cərrah həmkarlarına məsləhət görür ki, adamları əməliyyat etməzdən əvvəl bunun həqiqətən də lazımlı olub-olmadığını diqqətlə müəyyən etsinlər.

Həkim deyir ki, kosmetik cərrahiyyəyə müraciət edənlərin sayının artması, qismən də "filtrlənmiş selfilərin İnstagram mədəniyyətinə" görədir.

Bununla belə, o əlavə edir ki, gənc adamların əksəriyyəti plastik cərrahiyyədən əvvəl adətən yaxşıca düşünür.

"Onlar müstəqil olaraq araşdırma aparır və zahiri görkəmlərini yaxşılaşdırmaq üçün pozitiv qərar qəbul edirlər. Onlar cəmiyyətdə qəbul edilmələri üçün enli burunlarını, sallaq göz qapaqlarını, nazik dodaqlarını və zəif çənələrini maneə kimi görürlər və bunları dəyişmək istəyirlər" - deyib həkim.

Hammersmith-dəki Mütərəqqi Kosmetik və Plastik Üz Cərrahiyyəsi Mərkəzinin rəhbəri olan doktor De Silva bunu da qeyd edir ki, gözəllik cərrahiyyəsinin təbliğində sosial media böyük rol oynayır.

Onun sözlərinə görə adamlar sosial mediada başqalarının zahiri baxımdan gözəlləşdiyini əyani olaraq görürlər.

"Misal olaraq olimpiya çempionu, üzgüçü Rebecca Adlington-u göstərmək olar. O 25 yaşında rinoplastika cərahiyyəsi etdirib və üzünün yaxşılaşması ona yarışlarda daha böyük özünəinam verib" - deyib De Silva.

Məqalədə bu da deyilir ki, 2013-cü ildə İngiltərədə kosmetik cərrahiyyə əməliyyatlarına nəzarəti gücləndirmişdilər. O vaxt professor Bruce Keogh tərəfindən qoyulan qaydalara görə "bir əməliyyat pullu, biri pulsuz" praktikası qadağan olunmuşdu.

Məsələn cərraha rinoplastika və başqa bir kosmetik cərahiyyə əməliyyatını eyni vaxtda güzəştli qiymətlərlə həyata keçirmək icazəsi verilmirdi. Kosmetik cərrahiyyə reklamlarına nəzarət də gücləndirilmişdi.

Bütün bunlar cərrahiyyəyə müraciət etmiş şəxslərə iki əməliyyat arasında yaxşıca düşünmək imkanı verirdi.

Torontolu cərrah doktor Daniel Martin deyir ki, belə əməliyyatlara gələn admalar üç faktora diqqət yetirməlidirlər:

Birincisi, sağalma müddətidir. Bu, bir çoxlarının gözlədiyindən daha uzun çəkir.

İkincisi budur ki, adamlar kosmetik cərrahiyyəni seçəndə gözləntilərində realist olmalıdırlar.

Üçüncü faktor isə cərrahın düzgün seçilməsidir.

Britaniyada kosmetik cərrahiyyəyə nəzarət edən orqanların verdiyi məlumata görə ötən il ərzində ölkədə kişili-qadınlı 30 min plastik cərrahiyyə əməliyyatı keçirilib.

Əlbəttə bunların əksəriyyəti - 28 min 341-i qadınlar olub.

Qadınların əksəriyyəti döşlərin böyüdülməsi, kişilərin əksəriyyəti isə burun görünüşünün dəyişdirilməsi üçün müraciət ediblər.

Fotonun müəllifi Getty Images
Image caption Britaniya adalarında maral populyasiyasının 1,5 milyona çatdığı deyilir

Ölkəni maral basıb, canavara təcili ehtiyac var

"The Telegraph" yazır ki, Britaniyada indi canavar və ayını yalnız nağıl kitablarında görmək olar. Amma ölkənin Canlı Meşə Cəmiyyəti 20 ilin içində bu vəhşi heyvanları nağıl kitablarından canlı təbiətə gətirməyi planlaşdırır.

Bu cəmiyyətin kökü kəsilmiş heyvanları təbiətin qoynuna qaytarmaq təcrübəsi az deyil. İndiyədək qunduz, su siçovulu, ağac safsarı və süleysün, bir vaxtlar kökü kəsilsə də təkrar Britaniya canlı təbiətinə reinteqrasiya edilib.

Ötən mart ayında cəmiyyət özünün Ascot-dakı 80 hektarlıq meşə-parkına İsveçdən 6 canavar gətirib. Bunlar sınaq qrupudur. Alimlər bu heyvanları müşahidə edir, ölkə təbiətinə necə alışdırqlarını öyrənirlər.

Lakin ən maraqlısı budur ki, canavar və ayılar dinc Britaniya təbiətinə tam praktik məqsədlərlə gətirilir.

Ekoloqlar bunu Britaniya adalarında ifrat çoxalmış maral populyasiyasına təbii nəzarət adlandırılar.

Normal dildə isə bu o deməkdir ki, vəhşi heyvanlar sayları 1, 5 milyon başa çatmış maral əhalisinin bundan sonrakı artımını "dayandırmalıdır". Bu, son min ildə Britaniyada maral populyasiyasının ən böyük artımıdır.

Məsələ burasındadır ki, Britaniyada təbii düşməni olmayan marallar sürətlə artır və yaşıllığa böyük ziyan vururlar.

Bundan başqa marallara görə ildə 50 min yol-qəza hadisəsi baş verir. Hər il marallarla əlaqəli insidentlərdə 20-dək insan həlak olur.

Fotonun müəllifi Getty Images

Canlı Meşə Fondunun (Wildwood Trust) içraçı direktoru Peter Smith yaxın bir-iki ildə vaşaqın Britaniya təbiətinə qaytarılması niyyətindədir.

Qarşıdan gələn 20 ildə canavarlar, daha 50 il ərzində isə ayılar Dumanlı Albionun meşələrinə sakin olmalıdır.

Lakin buna görə əvvəlcə Təbiətin Mühafizəsi Beynəlxalq İttifaqının (The International Union for Conservation of Nature) təkrar "vəhşiləşdirməyə" dair protokollarının tələblərinə əməl edilməli və İngiltərə Təbiət Təşkilatından lisenziyalar əldə edilməlidir.

Cənab Smith deyir ki, bu heyvanlar vaxtilə adaların təbii sakini olublar və onların bu məkana qaytarılması ekologiyaya hədsiz xeyirlər verə bilər.

Alim bildirir ki, "canavar və vaşaqlara görə maralların davranışı dəyişəcək və onların sayı təbii yolla azalacaq, yaşıllıqlar yenidən canlanacaq".

"Bütün Avropada canavar var və onlar heç bir problem yaratmır" - deyir Smith.

Cənab Smith bildirir ki, Britaniyada canavarın kökü 300 il bundan əvvəl çobanlar tərəfindən kəsilib.

Lakin onların Britaniya təbiətinə qaytarılması üçün çağırışlar artıq 1999-cu ildən edilir. O vaxt Aberdeen Universitetinin zoologiya mühazirəçisi doktor Martyn Gorman deyirdi ki, Şotlandiya meşələrini 350 min maralın "zülmündən" qurtarmaq üçün canavarı qaytamaq lazımdır. Amma elə o vaxt da buna ən ucadan etiraz edənlər fermerlər oldu.

Sonradan bu məsələ 2007-ci ildə London Imperial College tərəfindən təkrar qaldırıldı.

"The Telegraph" yazır ki, 1995-ci ildə ABŞ-ın Wyoming ştatındakı Yellowstone parkında canavarların təkrar təbiətə buraxılması ekosistemi əhəmiyyətli dərəcədə tarazlayıb. Onların bu əraziyə gətirilməsi ilə populyasiyası aşıb-daşan gəyiklər daha yüksək məkanlara, dağ və dağətəyi ərazilərə qalxıblar. Nəticədə bitki aləmi canlanmağa başlayıb.

Hazırda Vaşaq Fondu Şotlandiyada vəhşi pişiklərin bərpası üçün kampaniya aparır.

Bir vaxtlar vaşaqlar da Britaniya təbiətinin ayrılmaz hissəsi olub. Lakin burada son vaşağı hardasa 700-cü ildə ovlayıblar.

Avropanın bir sıra yerlərində də vaşaqların yenidən artırılması uğurlu olub. Burada son 15 ildə İberiya vaşağının populyasiyası üç dəfə artıb. İberiya vaşağı təxminən it boydadır və əsasən dovşanlarla qidalanır.

Hazırda Vaşaq Fondu bu heyvanların Şotlandiya və İngiltərəyə gətirilməsi üçün rəsmi orqanlardan icazə gözləyir.

Lakin yenə də Milli Fermerlər İttifaqı bu ideyaya qarşı çıxıb. Fermerlər iddia edirlər ki, canavar və vaşaqlar maralları yox, ilk növbədə qoyunları, ev heyvanlarını və hətta insanın özünü ovlayacaqlar.

Bununla belə bəzi təbiətçilər deyirlər ki, qoyunların fermalardan qaçaraq vəhşiləşməsi getdikcə daha böyük problemə çevrilir. Onların fikrincə, vaşağın qaytarılması hətta şəhərlərin küçələrində gəzən tülkü əhalisinin sayını nizamlayacaq.

Mübahisələr davam edir, lakin İsveçdən gətirilmiş 6 canavar - Elvis, Sting, Lemmy, Moby və onların PJ və KD adlı bacıları artıq Britaniya torpağına sakindir.

Əlaqəli mövzular

Bu barədə daha geniş