Çin ABŞ-ın döyüş gəmisinin hərəkətini "təxribat" sayır

ABŞ-ın USS Stetham gəmisi 2015-ci ildə Şanxay limanında qarşılandığı zaman. Fotonun müəllifi AFP
Image caption ABŞ-ın USS Stetham gəmisi 2015-ci ildə Şanxay limanında qarşılandığı zaman.

Pekin, Cənubi Çin dənizində yerləşən mübahisəli ada yaxınlığında ABŞ hərbi gəmisinin peyda olmasını "ciddi siyasi və hərbi təxribat" adlandırıb.

ABŞ-ın USS Stethem hərbi gəmisi Triton adasına yaxınlaşıb.

Həmin ada Çin və digərlərinin iddia etdiyi Paracel Adaları arxipelaqının tərkibinə daxildir.

Çin bu hərəkətə cavab olaraq hərbi gəmilərini və döyüş təyyarələrini həmin əraziyə göndərib.

Bundan bir neçə saat sonra isə ABŞ prezidenti Donald Trump və Çin prezidenti Xi Jinping arasında telefon danışığı baş tutub.

Ağ Evin məlumatında prezidentlərin insidenti müzakirə edib-etmədiklərinə dair xəbər verilmir.

Məlumatda liderlərin "Koreya yarımadasının nüvə silahından azad zonaya çevrilməsi işinə sadiq olduqları" təsdiqlənib.

ABŞ dəfələrlə Çinə dənizin mübahisəli ərazisində adaların zəbt olunması və aqressiv zəbt edilməsi ilə bağlı xəbərdarlıq edib, lakin Pekin öz hərəkətlərini adalara olan suveren hüquqları ilə əsaslandırır.

Bazar günü Çin XİN-i ABŞ-ın USS Stethem gəmisinin Pekin-in öz zonası saydığı sulara daxil olduğunu təsdiqləyib.

Pekin, "milli suverenliyi və təhlükəsizliyini müdafiə etmək üçün lazım olan bütün vasitələrdən istifadə ediləcəyini" bildirib.

Çin ABŞ-i regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Kiçik adaya Vyetnam və Tayvan da iddialıdırlar.

Adalarla bağlı mübahisə nədən ibarətdir?

Son illərdə Çin regiondakı bir çox qonşuları ilə dəniz sahələrinə görə mübahisəyə qatılıb.

ABŞ "dəniz və hava məkanlarına aşırı iddialar irəli sürülməsinə qarşı" tədbirlər həyata keçirməkdədir.

Həmin tədbirlər "naviqasiya azadlığı" adlı proqram çərçivəsində həyata keçirilir.

ABŞ bildirir ki, bu proqramın məqsədi BMT-nin dəniz qanunvericiliyinin bütün ölkələr tərəfindən gözlənildiyini təmin etməkdir.

May ayında ABŞ-ın USS Dewey hərbi gəmisi Spratly adaları zonasında Çinin yaratdığı Mischief adlı süni rifə yaxınlaşmışdı.

ABŞ Müdafiə naziri James Mattis bu hadisədən bir neçə gün sonra bildirmişdi ki, ABŞ Çinin regionda yaratdığı süni adaları hərbiləşdirmək siyasətini qəbul etmir.

Hansı ölkələr adalara maraqlıdır?

Ötən illərdə ABŞ buna bənzər əməliyyatları Çin, Malayziya, Filippin, Tayvan və Vyetnama qarşı da həyata keçirib.

Cənub Çin dənizinin sözügedən sektoru uğrunda qonşu ölkələr arasında rəqabət əsrlər boyu davam etməkdədir.

Bu zona ticarət gəmiçiliyinin gur işlədiyi sahədə yerləşir, dənizin bu hissəsi balıq və neft-qaz ehtiyatları ilə olduqca zəngindir.

Bu regionda adalar və sular uğrunda rəqabət Tayvan, Çin, Vyetnam, Filippin, İndoneziya, Malayziya və Bruney arasında gedir.

Hansı adalar mübahisə mövzusudur?

Mübahisə, əsasən, iki qrup adalar uğrunda gedir - Paracels və Spartlys adaları uğrunda.

Çin bu zonanın böyük bir hissəsinə iddialıdır və öz iddiasını 1947-ci ilin xəritəsilə əsaslandırır.

Prezident Xi Jinping dövründə, Çin həmin adalara ərazi iddialarını daha qətiyyətli tərzdə irəli sürməyə başlayıb.

Çin həmin adaları hərbiləşdirdiyinə dair iddiaları rədd edərək bildirir ki, qurduğu infrastruktur mülki və müdafiə məqsədi daşıyır.

Ötən il beynəlxalq tribunal Çinin sözügedən əraziyə iddiasını rədd edərək Filippinin mövgeyini dəstəkləyib.

Çin çıxarılmış qərarı əsassız adlandıraraq onu tanımayacağını bəyan edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş