Şimali Koreya ballistik raket sınağının uğurunu alqışlayır

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Şimali Koreyanın qitələrarası raket sınağına dair rəsmi televiziya bəyanatı

Şimali Korea ilk "qitələrarası ballistik raket sınağı"nın uğurla keçirildiyini bildirir.

Dövlət televiziyası bildirib ki, Yapon dənizinə düşən raket dünyanın istənilən yerində hədəflərə zərbə endirməyə qadirdir.

Lakin ABŞ və Rusiya raketin orta mənzilli olduğunu bildirib. Hər iki ölkə onu özü üçün təhlükə olaraq görmür.

Şimali Koreya Yaponiyaya doğru ballistik raket atıb. Ballistik raket 40 dəqiqəyədək uçub.

Bu ilk dəfədir ki, Şimali Koreya ABŞ ərazisinə çata biləcək qitələrarası ballistik raket sınağının uğurla başa çatdığını iddia edir. Raketin uçduğu məsafə əvvəlki sınaqlarda olduğundan daha uzaqdır.

Əgər Şimali Koreyanın iddiaları doğrudursa, o zaman bu raket, Alyaskanı hədəfə alacaq gücdədir və bu vəziyət President Donald Trump-a, Şimali Koreyaya cavab verməsi üçün təzyiqləri artıracaq.

Bundan öncə cənab Trump demişdi ki, Pxenyan ABŞ-ı vuracaq gücə malik raket istehsal edə bilməz.

Bu gün sınaq barədə xəbərlərdən sonra cənab Trump Çini bu "cəfəngiyyata birdəfəlik son qoymağa" çağırıb.

Fotonun müəllifi Reuters

Hwasong-14 raketinin buraxılmasını Şimali Koreya lideri Kim Jong-un izləyib, ölkənin dövlət televiziyası bildirir.

Cənubi Koreya bəyan edib ki, səhər saatlarında buraxılan raket təxminən 40 dəqiqə ərzində 930 kilometr məsafəni qət edib.

ABŞ-ın Sakit okean komandanlığı raketin ortamənzilli olduğunu bildirir.

Şimali Koreya son zamanlar həyata keçirdiyi sınaqların sayını artırıb. Bu, bölgədə gərginliyin kəskinləşməsinə səbəb olub.

Pxenyan tərəqqiyə nail olsa da, ballistik raketlərin dəqiqliklə hədəfə çatdırılması texnologiyasına malik deyil.

O, həmçinin nüvə başlığını raketə yerləşdirmək üçün kifayət qədər kiçiltməyə qadir deyil.

Əsas sual - Stephen Evans, BBC News, Seul


Əsas sual budur: Raket ABŞ ərazisinə çata bilərmi?

Ekspertlərdən biri artıq hesab edir ki, raket Alyaskaya çata bilsə də, cənubdakı ştatlar onun hədəf radiusu kənarında qalır.

"Xəbərlər düzgündürsə, həmin raketin standart trayektoriya ilə uçuş məsafəsi 6,700 km çata bilər", - Union of Concerned Scientists qrupundan fizik David Wright bildirir.

"Bu məsafə, raketin 48 ştat və Havayın iri adalarına çatması üçün kifayət etmir. Lakin o Alyaskaya çata bilər".

Şimali Koreyaya yalnız raket lazım deyil. O, həmçinin atmosferə yenidən daxil olan raketin nüvə başlığının qorunmasını təmin etməlidir.

Yanvar ayında prezident Trump Şimali Koreyanın ABŞ-a zərbə endirməyə qadir olmadığını deyib.

"Bu baş verməyəcək", - qısa tvitində Trump yazıb.

Həqiqət budur ki, bu baş verə bilər. Bir sıra ekspert hesab edir ki, Şimali Koreya buna beş il və bəlkə də daha qısa müddət ərzində nail ola bilər.

Görəsən o zaman prezident Trump nə edəcək?


Qitələrarası ballistik raket (QABR) nədir?

Fotonun müəllifi EPA
Image caption Yaponiya televiziyası raketin buraxılmasını geniş işıqlandırıb.
  • QABR adətən nüvə başlığı daşıyan uzaq mənzilli raketdir.
  • Raketin ən aşağı uçuş məsafəsi 5500 kilometrdir, hərçənd ki, onların çoxu 10000 və daha artıq məsafələri qət edə bilər.
  • Pxenyan QABR raketlərinin iki növünü nümayiş etdirib: Bunlar 11500 km məsafəli KN-08 və 10000 km məsafəli KN-14 raketləridir. Lakin 4 iyuladək onların uçuş sınağından keçirildiyi açıqlanmayıb.
  • Pxenyanın ikinci çətinliyi QABR raketlərinə yerləşəcək kiçik ölçülü nüvə başlığının hazırlanmasıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş