ABŞ-ın dəstəklədiyi qüvvələr "Raqqa divarını" yarıblar

SDF aylardır ki, Raqqanı mühasirədə saxlayır. Fotonun müəllifi Reuters
Image caption SDF aylardır ki, Raqqanı mühasirədə saxlayır.

Özünü İslam Dövləti adlandıran qruplaşmanın (İD) "paytaxtı" Raqqada şiddətli döyüşlər zamanı Köhnə Şəhərdəki divarın bəzi hissələri hava zərbəsilə məhv edilib.

ABŞ tərəfindən dəstəklənən Suriya qüvvələri (İD) Raqqadakı Köhnə Şəhər divarlarını yarmağa nail olublar, ABŞ hərbiyyəsi bildirir.

Məlumata görə koalisiyanın hərbi aviasiyası qədim Rafiqə divarına zərbə endirməklə Suriya demokratik qüvvələrinin (SDF) irəliləməsini təmin edib.

Havadan dəstək alan SDF qüvvələri aylardır şəhəri mühasirədə saxlayır.

2014-cü ildə Raqqanı ələ keçirən İD, şəhəri elan etdiyi "xilafətin paytaxtı" seçib.

Şəhər cihadçı qrupların əsas hərbi mərkəzi sayılır. ABŞ koalisiyasına əsasən şəhərdə 2500 İD döyüşçüsü var.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İranlı qadın kürd döyüşçülər - 360 video

"Raqqanın ən yaxşı müdafiə edilən hissələrinə SDF qüvvələrinin daxil olması üçün koalisiya Köhnə Şəhəri əhatə edən Rafiqə divarında hava zərbəsilə iki kiçik boşluq açıb", - ABŞ-ın Mərkəzi Komandanlığı bildirir.

Əsasən ərəb-kürd döyüşçülərindən ibarət SDF qüvvələri 2015-ci ildə yaradılıb.

Ötən həftə SDF Raqqanı tam mühasirəyə aldığını elan edib.

ABŞ tərəfindən dəstəklənən Suriya qüvvələri şəhərə doğru ötən ilin noyabr ayında irəliləməyə başlayıblar. Onların ilk hücumu iyunun 6-da baş verib.

Koalisiya bildirir ki, Raqqanın alınması İD üzərinə "həlledici zərbə" olacaq.

Döyüşlər şəhərdəki əhali üçün amansız sınağa çevrilib.

BMT iyun ayında ən azı 173 Raqqa sakininin həlak olduğunu bəyan edib.

Həqiqi rəqəmlərin daha artıq ola biləcəyini deyən beynəlxalq quruma əsasən "dinc əhali çevik hərbi qələbələr naminə qurban verilməməlidir".

Şəhərdə 100 min sakinin qaldığı güman edilir.

Xəbərlərə görə İD sakinlərin şəhərdən çıxmasına yol vermir.

6 ildir ki, davam edən vətəndaş müharibəsi 300 min nəfərin ölümünə bais olub. Daha 11 milyon adam didərgin düşüb.

Bu barədə daha geniş