Britaniya mətbuatı: Trump Ağ Evin təsərrüfat müdirliyinə də "öz adamını" təyin edib

Trump və ailəsi Fotonun müəllifi Getty Images
Image caption Respublikaçı partiyadaşları da Trump-dan yalvarışla "özünü prezident kimi aparmağı" rica edirlər, Emory Universitetinin professoru Carol Anderson yazır.

Emory Universitetinin professoru Carol Anderson "The Guardian" qəzetində dərc edilmiş məqaləsində oxucuları "Trump administrasiyası" əvəzinə, "Trump rejimi" ifadəsindən istifadə etməyə çağırır.

Məqalədə deyilir ki, Trump-ın əxlaq normalarını aşan və qadınlara qarşı təhqiramiz olan tvitləri, mətbuat üzərinə bağırtılı hücumları, "prezident administrasiyası" deyilən bir şeylə Ağ Ev rejimi arasında nə qədər böyük bir uçurumun olduğunu göstərir. Hətta respublikaçı partiyadaşları da Trump-dan yalvarışla "özünü prezident kimi aparmağı" rica edirlər.

Professor yazır ki, Amerika tarixində bir sıra başqa prezidentlərin də qüsurları olub. Məsələn Lyndon Johnson-un kobudluğu məşhur idi, səriştəsiz Warren G Harding-in də eyibləri vardı. Amma onları bircə şey xilas edirdi. Bu prezidentlərin administrasiyası vardı.

Hətta bu prezidentlər də adminsitrasiyasının Konqreslə gah əməkdaşlıq, gah da ona qarşı mübarizədə, müqavilələrin imzalanması üçün danışıqlarda və iqtisadi-siyasi siyasətlərin formalaşdırıb icra edilməsindəki mühüm rolunu başa düşürdülər.

Müəllif yazır ki, Trump-ın problemi başqadır. O hökümət yox, hökmranlıq istəyir. Elə bir hökmranlıq ki, "onun bir sözü bizim hamımız üçün əmr sayılsın". Məhz buna görə də o Filippin, Rusiya və Türkiyədəki rejimlərin heyranıdır və əksinə, Angela Merkel və Justin Trudeau-nun hökumətlərinə nifrət edir. Məhz buna görə də o, bir ovuc pərəstişkarının ona mədhiyyələr yağdırdığı mitinqlər təşkil edir və elə buna görə də onun mətbuat konfranslarından zəhləsi gedir.

Məqalədə deyilir ki, məhz bu səbəbdən də Trump hamıdan Amerika konstitusiyasına yox, özünə loyallıq tələb edir. Prezident elə buna görə azad medianı "saxta xəbərlər" və "zibilxana jurnalizmi" adlandırır. Çünki o bu mediaya nəzarət edə bilmir. Professor yazır ki, Trump alimləri və elmi də xoşlamır, çünki alimlər onun nadanlığı qarşısında əyilmirlər.

Anderson yazır ki, Trump-ın xaotik hakimiyyətinin ağır nəticələri olur. O bircə tviti ilə Lockheed və Boeing-in səhmlərini qiymətdən salır, NATO-nu rədd edir, Kanada, Meksika, Almaniya və London meri ilə dava-dalaş salır. Trump özünün mühüm və böyük adam olduğunu göstərmək üçün müttəfiqlərin verdiyi kəşfiyyat sirlərini faş edir.

"Bütün bunlar əks-nəticə verir, - yazır alim, - Trump-ın hakimiyyəti Amerikanı cılızlaşdırır. ABŞ-ın bütün dünyadakı nüfuz və statusu kəskin enib. Hətta İngiltərə kraliçası da Trump-ın onun ölkəsinə səfər etməsini istəmir".

İdarəetmə və inzibatçılığın bir tərəfə düşüb qaldığı vaxtda, Trump rejimini hər yerdə görmək olur. Onun qohumbazlığı sayəsində kürəkəni Jared Kushner və qızı İvanka heç bir hökumət təcrübələri olmadan Ağ Evdə əyləşdirilir.

Trump-ın dostbazlığı ona səbəb olur ki, Ağ Evin təsərrüfat müdiri təcili qaydada işdən qovulur və onun yerinə bu posta Trump-ın Washington otelindəki otaqlara administratorluq edən şəxs gətirilir. Üstəlik bu şəxsin əvvəllər yalnız nikah mərasimlərini təşkil edən oğlu Eric-ə New York şəhərində federal mənzil təsərrüfatı həvəla olunur.

Anderson yazır ki, bütün bunların arxasında Trump-ın acgözlüyü görünür. O prezident vəzifəsindən özünün qolf kurslarının satışını yüksəltmək üçün sui-istifadə edir.

Məqalədə deyilir ki, Trump 46 ABŞ prokurorunu işdən azad edib və onların kiminləsə əvəzlənməsini planlaşdırmır. O hələ yanvar ayında bütün planet boyunca ABŞ səfirlərini istefa verməyə məcbur edib. Nəticədə bir çox mühüm missiyalar başsız qalıb.

Məsələn, bu yaxınlarda ABŞ-ın hərbi gəmisi ilə Yaponiyanın balıqçı gəmilərindən biri toqquşarkən bu məsələni yapon tərəfi ilə müzakirə edəcək rəsmi şəxslər yox idi. Nə Yaponiyada səfir vardı, nə də ABŞ-da dənizçiliyə cavabdeh olan birisi. Halbuki bu insedentdə 7 ABŞ dənizçisi həlak olmuşdu.

Professor yazır ki, Trump-ın bütün rejimi ərzində Müdafiə, Sosial Təminat və Veteranlarla iş üzrə nazirliklərdə, Ağ Evin özünün elm və texnika departamentlərində onlarca post boş qalır. İyunun 2-nə olan məlumata görə Senatda təsdiq olunması tələb edilən vəzifələrin yalnız 3 faizinə təyinatlar olub.

"Amma axı Trump-a idarəetmə aparatı yox, rejim lazımdır, - yazır alim, - Amerikanın müstəqillik gününü bayram etdiyi bir vaxtda, bizlər də bizə nə lazım olduğunu bəyan etməliyik".

ABŞ Suriyanın taleyini Moskvanın öhdəsinə buraxıb

Fotonun müəllifi Getty Images
Image caption Suriyada 6 ildir davam edən vətəndaş müharibəsi 300 min nəfərin ölümünə bais olub. Daha 11 milyon adam didərgin düşüb.

"The İndependent" bəzi mənbələrə istinadən yazır ki, ABŞ dövlət katibi Rex Tillerson BMT-nin baş katibi ilə şəxsi söhbətində Suriyanın taleyinin indi tamamilə Rusiyanın əlində olduğunu deyib.

Məqalədə Foreign Policy məcmuəsinə istinadən deyildiyinə görə Rex Tillerson Dövlət Departamentində keçən şəxsi görüşdə Antonio Guterres-ə bildirib ki, ABŞ İŞİD-ə qarşı missiyasını məhdudlaşdırmağa başlayıb.

Bu söhbətdən xəbərdar olan azı üç diplomatik mənbə bildirib ki, Tillerson ABŞ-ın Suriyaya dair Cenevrə konfransına sadiq qaldığını deyib. Lakin dövlət katibi əlavə edib ki, Qərbin Suriyada keçid hökuməti yaratmaq cəhdlərinə baxmayaraq Suriyanın gələcək taleyi Rusiyanın əlindədir.

İddia edildiyinə görə Rex Tillerson söhbət zamanı bunu da deyib ki, ABŞ-ın kimyəvi silahlardan istifadənin qarşısını almaq üçün məhdud taktikası və onun Suriyada İslam Dövlətinə qarşı döyüşən qüvvələri dəstəkləməsi, Əsəd hökumətini zəiflətmir və müxalifətin danışıqlardakı mövqeyini möhkəmlətmir.

Newsweek məcmuəsi yazır ki, dövlət katibinin BMT-yə bu mesajı Rusiya və ABŞ arasında Suriyaya görə "söz müharibəsindən" sonraya təsadüf edib.

ABŞ və Rusiya arasında Suriyada kommunikasiya kanalının mövcud olmasına baxmayaraq ötən iyun ayında Birləşmiş Ştatların döyüş təyyarəsi Rusiyanı xəbərdar etmədən Suriya hərbi təyyarəsini vurub salmışdı.

Bunun ardınca Əsədlə müttəfiq olan Moskva bildirmişdi ki, bu insidentdən sonra Rusiya hərbiyyəsi ABŞ təyyarələrini "hədəf" hesab edəcək.

Facebook pulsuz Wi-Fi tapmaqda kömək edəcək

Fotonun müəllifi Getty Images
Image caption Facebook "Wi-Fi tap" proqramını genişləndirmək ərəfəsindədir.

Business Insider saytı yazır ki, Facebook evdən kənarda olduğunuz vaxtlarda Wi-Fi bağlantısı qurmağınıza kömək edən proqram hazırlayıb.

Sosial şəbəkə bildirir ki, özünün "Wi-Fi tap" proqramını genişləndirmək ərəfəsindədir. Bundan əvvəl Facebook-un bu proqramına yalnız bir neçə ölkədə giriş mövcud idi.

İndi isə proqram bütün dünya boyunca, həm Android, həm də iOS istifadəçilərinin ixtiyarına veriləcək.

"Find Wi-Fi" adlı proqram sizə olduğunuz yerin yaxınlığında müştərilərinə pulsuz Wi-Fi xidməti göstərən biznesləri tapmaqda kömək edəcək və belə obyektəri nümayiş etdirən xəritə verəcək.

Bu, siqnalın pis olduğu yerlərdə və siz rabitə xərclərinə qənaət etmək istəyəndə xüsusilə gərəkli proqramdır.

Yeganə istisna bundan ibarətdir ki, belə pulsuz Wi-Fi bağlantısı yalnız bu xidməti göstədiklərini özlərinin Facebook səhifələrində elan edən obyektlər vasitəsilə mümkün olacaq.

Bu da bildirilir ki, yeni proqramı qəbul etdikdən sonra "Find Wi-Fi" proqramını aplikasiyanın "more" sütunundan yükləyə biləcəksiniz.

Bununla belə, ictimai şəbəkələrə bağlanarkən ehtiyatlı olmalısınız. Bu xüsusilə də kafe və restoranlara aiddir.

Kafelər adətən mobil telefonları üçün daha yaxşı rabitə istəyənləri cəlb edir, lakin unutmaq olmaz ki, bu obyektlərin təhlükəsizlik standartları o qədər yüksək olmur.

Bu barədə daha geniş