Şimali Koreyanın raket proqramı

Hwasong raketləri hərbi paradda - Pxenyan, 15 aprel 2012. Fotonun müəllifi AFP
Image caption Şimali Koreyada raketlər paradlarda nümayiş etdirilir.

Şimali Koreyanın raket arsenalı onilliklər ərzində inkişaf etdirilib. Bu sahədə İkinci Dünya müharibəsi dövründən qalmış sadə artilleriya raketlərindən tutmuş Sakit Okeanda hədəfləri vura bilən ortamənzilli raketlərədək yol keçilib.

Uzaqmənzilli raketlər

Şimali Koreya hazırda səylərini ABŞ ərazisinə çata bilən uzaqmənzilli raketlər yaratmaq məqsədinə yönəldib.

Şimali Koreyada 2012-ci ildən bəri keçirilən paradlarda KN-08 və KN-14 adı ilə tanınan iki növ qitələrarası ballistic raketlər nümayiş etdirilib.

Hərbi nəqliyyat vasitəsi üzərində quraşdırılmış üç pilləli KN-08 raketinin uçuş məsafəsi təxminən 11,500 km təşkil edir.

KN-14 raketinin iki pilləsi var, uçuş məsafəsinin 10,000 km-ə bərabər olduğu güman edilir.

Bununla belə, güman olunduğuna görə, həmin raketlərin hədəfi dəqiqliklə vurmaq qabiliyyəti və ya nüvə başlığını miniatürləşdirmək imkanı Şimali Koreyada məhduddur.

Qitələrarası raketlər

Qitələrarası raketləri olan ölkənin planetin istənilən nöqtəsində yerləşən opponentinə güc nümayiş etdirmək imkanı qazandırır.

Bu raketlərə vaxt, pul və səy sərf etmək yalnız o zaman özünü doğrulda bilər ki, həmin raketlər nüvə başlığı daşıya bilsin.

Qitələrarası ballistic raket bir neçə pillədən ibarət olur, bərk və maye yanacaqla işləyir, faydalı yükü atmosfer qatını keçib kosmik fəzaya daşıya bilir.

Bəzi bu tipli raketlərin çoxsaylı döyüş başlıqları olur, nəticədə bir raketlə müxtəlif hədəfləri vurmaq imkanı yaranır.

Soyuq Müharibə dövründə qitələrarası raketlərin parametrləri və potensialı "qarşılıqlı məhv təhdidi" konsepsiyasının yaranması ilə nəticələndi.

Həmin konsepsiya Soyuq Müharibə dövründə sülhün təmin olunmasında həlledici rollardan birini oynayırdı, çünki qarşıduran tərəflərdən heç biri özünü rəqibinin cavab zərbəsindən sığortalanmış saya bilməzdi.

Raket proqramının mərhələləri

Şimali Koreyanın raket proqramı Scud raketlərindən başlayıb. Həmin raketlərin ilk növləri ölkəyə Misir vasitəsilə 1976-cı ildə gətirilib.

1984-cü ildə Şimali Koreyada həmin raketlərin yerli versiyası Hwasong adı altında yaradılıb.

Həmin raketlərin maksimum uçuş məsafəsi təxminən 1,000 km təşkil edib və onlar güman olunduğuna görə, kimyəvi və biloji döyüş başlıqları daşıya bilir.

Hwasong raketinin təkmilləşdirilməsi nəticəsində uçuş məsafəsi 1,300km-ə çatan Nodong adlı yeni raket yaradıldı.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) 2016-cı ilin aprelində yazdığına görə, həmin raketlər Cənubi Koreyanın bütün ərazisində və Yaponiyanın böyük bir hissəsində hədəfləri vurmağa qadirdir.

Bundan sonra, 2016-cı ildə daha da təkmilləşdirilmiş Musudan raketləri sınaqdan keçirildi.

Musudan raketinin imkanlarına dair rəylər müxtəlifdir.

İsrail kəşfiyyatının məlumatına görə, həmin raketin maksimum uçuş məsafəsi 2,500 km təşkil edir.

Pentaqon bu göstəricinin təxminən 3,200 km olduğunu hesab edir.

Digər mənbələrə görə, həmin raket 4,000 km-lik məsafəni qət etməyə qadirdir.

Digər bir inkişaf 2016-cı ilin avqustunda qeydə alınıb. Həmin dövrdə Şimali Koreya sualtı qayıqda quraşdırılmış "orta-uzaqmənzilli ballistik raketini" sınaqdan keçirdiyini bəyan etdi.

Pukguksong adı verilmiş həmin raketin ikinci sınağı 2017-ci ilin fevralında quruda keçirildi.

Bu barədə daha geniş