Hindistanlı qadınlar niyə inək maskaları geyinir?

A woman with a cow mask Fotonun müəllifi Sujatro Ghosh

İnək maskaları geyinən foto layihə Hindistanda birdən böyük populyarlıq qazanıb. Belə ki, layihə siyasi bir sualı ortaya qoyaraq, qadınlara inəklərdən daha az hörmət bəsləndiyini irəli sürür. Layihənin müəllifi 23 yaşlı fotoqraf məşhurlaşsa da, hindu milliyyətçilərinin gülüş obyektinə çevrilib.

"Mən ölkəmdə inəklərin qadınlardan daha üstün tutulması faktına görə utanıram. Təhqir və ya təcavüz olunmuş qadının haqqı, hinduların müqəddəs hesab etdikləri heyvandan daha azdır," Delhidə yaşayan fotoqraf Suiatro Ghosh BBC-ə deyib.

Hindistan qadına qarşı təcavüzün ən çox olduğu ölkələrdəndir. Dövlətin verdiyi məlumatlara əsasən, polisə hər 15 dəqiqədə təcavüz məlumatı daxil olur.

"Bu cür işlər günahkar cəzalanana qədər illərlə davam edir, lakin, əgər inək kəsilərsə, hindu ifratçı qrupları dərhal bunda günahkar bilinən istənilən kəsi döyür və ya öldürürlər."

O söyləyib ki, layihə vasitəsilə 2014-cü ildə baş nazir Narendra Modi-n başçısı olduğu Bharatiya Janata Partiyasının hakimiyyətə gəlməsi ilə daha da fəallaşan hindu milliyyətçilərinin inəyi müdafiəsinə "etirazını bildirməyə" çalışır.

"Mən Dadri qətli [mal əti həm yeyib, həm də evində saxladığı haqqında şayiələr yayılan və hindu ifratçı tərəfindən öldürülən müsəlman kişi] və digər dini hücumlardan sonra inəyə verilən dəyərdən qəzəbləndim," Ghosh deyib.

Fotonun müəllifi Sujatro Ghosh
Fotonun müəllifi Sujatro Ghosh

Son aylarda inək Hindistanın ən qorunan heyvanına çevrilib.

BJ Partiyası iddia edir ki, heyvan müqəddəsdir və qorunmalıdır. İnək kəsimi bir neçə ştatda qadağan olunub və cinayətkarlara qarşı ciddi cəza təqdim olunub. Parlamentdə bununla bağlı ölüm hökmünün qüvvəyə minməsi müzakirə edilir.

Lakin, mal əti müsəlmanlar, xristianlar və aşağı kastaya mənsub milyonlarla dalitlər üçün önəmlidir. Onlar inəyi qoruyan qruplar tərəfindən təhdidlə üzləşirlər.

Ötən iki il ərzində təxminən onlarla insan inək naminə öldürülüb. Hədəflər adətən əsassız şayiələr əsasında seçilir və hətta, inək südü qəbuluna görə hücuma məruz qalan müsəlmanlar da var.

Ghosh əslən şərqdə yerləşən Kolkata (keçmiş Kəlküttə) şəhərindədir və deyir ki, bu "din ilə siyasətin təhlükəli qarışımından" yalnız bir neçə il öncə Delhiyə köçdükdən sonra agah olub. Layihəni isə "təsir yarada bilmək üçün etirazın dinc yolu" adlandırır.

Bu ayın əvvəlində New York-a səfəri zamanı o, əyləncə dükanından inək maskası alıb və evə qayıtdıqdan sonra, qadınların başına taxaraq turistik yerlər, hökumət binaları qarşısında, küçələr və ya evlərində onların şəkillərini çəkməyə başlayıb.

"Mən cəmiyyətin hər təbəqəsindən olan qadınların şəklini çəkmişəm. Layihəmə paytaxt olduğuna görə siyasət, din və əksər debatların qaynaqlandığı Delhidən başladım."

"İlk fotonu turistlərin ən çox baş çəkdiyi məşhur Hindistan Darvazası önündə lentə aldım. Sonra isə bir modeli prezident sarayı qarşısında, digərini fonda Hovrah körpüsü Kolkatadan axan Huqli çayı üzərində qayıqda çəkdim."

Fotonun müəllifi Sujatro Ghosh
Fotonun müəllifi Sujatro Ghosh

Onun modelləri isə indiyədək yalnız dost və tanışları olub, çünki, "bu o qədər həssas mövzudur ki, yadlardan bunu istəmək çətin olardı".

Layihəyə İki həftə qabaq Instagram-da start verən andan müsbət şərhlər gəlməyə başlayıb.

Elə ilk həftədəcə şəkillərim yayılmağa başladı, tanıdığım və tanımadığım hər kəs işimi qiymətləndirdi."

Hindistan mediası bundan xəbər tutduqdan sonra, Facebook və Twitter-də də geniş yayılan layihəyə pis baxanların da sayı artıb.

"Bəziləri hədələyici şərhlər yazırlar. Twitter-də bəziləri məni ələ salır və hətta deyirlər ki, mən modellərim ilə birlikdə Delhinin Cümə Məscidində doğranım və ətimiz milliyyətçilərin nifrət etdiyi qadın jurnalist və qadın yazıçılara yedirilsin. Onlar yazırdılar ki, anamın meyitim üstündə ağlamasını görmək istəyirlər."

Fotonun müəllifi Sujatro Ghosh
Fotonun müəllifi Sujatro Ghosh

"Bəziləri hətta, Delhi polisinə müraciət edərək məni ixtişaşa təşviqdə günahlandırır və axtarış tələb edirlər."

Ghosh sarkazmlara görə təəccüblənmir və etiraf edir ki, işi ilə BJ Partiyasına "dolayı mesaj" ötürür.

"Mən siyasi bəyanat verirəm, çünki bu, siyasi mövzudur. Amma, dərinə varsaq, hindu üstünlüyünün həmişə var olduğunu görə bilərik. Bunun son iki ildə ortaya çıxmasının səbəbi isə hazırkı hakimiyyətdir."

Təhdidlər isə onu qətiyyən qorxutmayıb. "Mən qorxmuram, bilirəm ki, çoxluğun yaxşılığı üçün çalışıram."

Layihə isə yüksək sürətlə yayılır və dünyanın müxtəlif ölkələrindən qadınlar da kampaniyaya qoşulmaq istədiklərini deyirlər.

Buna görə də inək, Ghosh deyir, səyahətinə davam edəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş