Avstriya qaçqınların qarşısını almaq üçün sərhədə qoşun göndərir

Kosovo, 2012-ci il. Avstriya hərbçiləri Fotonun müəllifi AFP
Image caption Brenner Pass keçid məntəqəsində belə zirehli maşınlar yerləşdirilə bilər.

Avstriya qaçqın axınının qarşısını almaq üçün İtaliya ilə sərhəddəki Brenner Pass keçid məntəqəsinə hərbçilər və texnika yerləşdirməyə hazır olduğunu bildirib.

Ölkənin müdafiə naziri bunu Kronen Zeitung qəzetinə müsahibəsində elan edib.

Hans Peter Doskozil-in sözlərinə görə həmsərhəd Tyrol bölgəsinə artıq 4 zirehli maşın göndərilib və 750 əsgər yola düşməyə hazır vəziyyətdədir.

Avstriya Macarıstanla sərhəd boyunca keçid məntəqələrində yoxlamalar aparır. Lakin digər sərhədlərdə Avropa İttifaqının (Aİ) şəffaf sərhəd qaydaları tətbiq olunur.

Cənab Doskozil deyib ki, [Aralıq dənizi üzərindən] İtaliyaya miqrant axını azalmazsa hərbçilərin yerləşdirilməsi qaçılmaz olacaq".

İnsan qaçaqmalçıları Liviyadakı zorakılıq və xaosdan faydalanır.

Bu ölkədən İtaliyaya ən qısa marşrutun uzunluğu cəmi 460 km təşkil edir.

İtaliya xəbərdarlığında bildirir ki, miqrant axını hazırkı səviyyədə qalarsa o, dəniz limanlarını bağlamağa məcbur ola bilər. O, həmçinin yardım agentliklərinin xilasetmə gəmilərinə qadağanın tətbiq edə biləcəyini də vurğulayır.

Avropa İttifaqı daxilində azad hərəkət sistemi 2015-ci ildəki miqrant axını ardınca təzyiq altına düşüb.

Balkan üzərindən Mərkəzi Avropaya yollanan miqrantların əksər hissəsi sığınacaq almaq məqsədilə Almaniyaya üz tutub.

O vaxtdan bəri Balkan sərhədlərinə sərt nəzarət Yunanıstandan gələnlərin sayını azaldıb.

Avstriyaya üz tutanların çoxu Macarıstandan daxil olub. Onlar arasında Suriya, İraq və digər münaqişə bölgələrinin sakinləri olub.

Brenner Pass potensial miqrasiya axınının əsas marşrutu hesab edilir.

Cari ildə İtaliyaya daha çox miqrant daxil olub. İlin ilk altı ayında ölkəyə gələn miqrant və qaçqınların sayı 85000-ə çatıb.

Bu ötən ilə nisbətdə 20 faiz artım təşkil edir, BMT Qaçqınlar Agentliyi - UNHCR bildirir. İtaliyaya çatmağa cəhd edərkən 2000 nəfər həyatını itirib.

Terminologiya ilə bağlı qeyd: BBC sığınacaq müraciəti prosesini başa vurmayan bütün insanlara dair miqrant terminini istifadə edir. Bu qrupa böyük ehtimalla Suriya kimi müharibəyə qərq olmuş ölkələrin sakinləri, habelə iş və həyat şəraitlərini yaxşılaşdırmaq istəyənlər aid edilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş