Britaniya mətbuatı: Sevgi münasibətinizin gələcəyinin olmadığını göstərən 5 əlamət

Getty Fotonun müəllifi George Marks

Britaniya mətbuatı yazır: ABŞ Şimali Koreyaya nə edə bilər?, Xristian dünyasında cindarlıq niyə yüksəlişdədir?, Sevgilini və həyat yoldaşını düzgün seçmək üçün 5 şərt.

Fotonun müəllifi Image copyrightKCNA/REUTERS

ABŞ Şimali Koreyaya nə edə bilər?

"The New Statesman" məcmuəsində dərc edilmiş məqaləsində Koreya üzrə ekspert, Britaniya-Cənubi Koreya şurasının üzvü Jack Hands belə bir sual verir: Şimali Koreya nüvə ölkəsidir və onunla necə davranmaq olar?

Məqalədə deyilir ki, Şimali Koreyanın qitələrarası Hwasong-14 raketini sınaqdan keçirməsi və onun Alyaskaya çatmaq qabiliyyətində olması barədə xəbərlər ilk növbədə ABŞ prezidenti üçün təhlükəli vəziyyət yaradır.

Sözü gedən raket 2800 metr yüksəliyə qalxıb və 39 dəqiqə ərzində uçub. Ekspertin dediyinə görə buna təəccüblənməyə dəyməz, çünki Pxenyan artıq illərdir ki, öz raketlərini təkmilləşdirməklə məşğuldur və bu sahədə getdikcə daha böyük irəliləyişə nail olub.

Məqalədə deyilir ki, Kim Jong-un-un aqressiv davranışı daha çox onun ölkə daxilində üzləşdiyi problemlərlə bağlıdır. Başqa sözlə, Şimali Koreyanın lideri öz hakimiyyətini qoruyub saxlamağa çalışır.

Atası öldükdən sonra, 2011-ci ildə hakimiyyəti irsi yolla qəbul etmiş Kim qatı konfusian cəmiyyətində təcrübəsinin olmadığına görə böyük risklərlə üzləşmişdi.

Məhz buna görə də hakimiyyətini möhkəmlətmək məqsədilə Kim Jong-un dayısı Jang Song-thaek də daxil bütün düşmənlərini qəddar şəkildə repressiya edib.

O ölkə daxilində öz qüdrətini nümayiş etdirmək üçün Şimali Koreyanın raket proqramına rəhbərliyi tam olaraq öz üzərinə götürüb və özünü Şimali Koreyanı ölkənin xarici düşmənlərindən müdafiə etməyə qabil olan bir lider kimi tanıtmağa çalışıb.

Jack Hands sual edir: Belə bir vəziyyətdə eskalasiya riskini azaltmaq üçün nə etmək olar? Hazırda Donald Trump-ın masası üzərində olan vasitələr məsələnin təcili çözümünə imkan vermir. Məqalədə deyilir ki, yeni prezidentin hakimiyyətə gələndən az sonra hərbi hərəkət vasitəsinə əl atmasının ağır nəticələri ola bilər.

Milli Təhlükəsizlik Şurasında Asiya məsələləri departamentinin keçmiş rəhbəri Victor Cha deyib ki, belə bir müharibənin xərcləri 1 milyard dollar, lakin həlak olacaq bir milyonadək insan bir yana, törədəcyi dağıntıların ziyanı 1 trilyon dollara çata bilərdi. Bu, sadəcə fəlakət olardı.

Şimali Koreyanın üzərinə qoyulmuş ağır sanksiyalar artıq onilliklərdir ki, davam edir və ölkə buna tam şəkildə alışıb. Buna görə də sansksiyalar rejimin silahlanma siyasətini dayandıra bilməyəcək.

Əslində burada Trump-ı qınamaq da olmur, çünki Şimali Koreya indiyədək neçə-neçə ABŞ prezidentini səriştə ilə manipulyasiya edə bilib.

Çin, əlbəttə Şimali Koreya üzərində təsirə malik olsa da, nəzarətə malik deyil. Bundan başqa Çinin öz maraqları var və Şimali Koreya rejiminin devrilməsi bu maraqlara daxil olmaya da bilər.

Ötən həftə Cənubi Koreyanın yeni seçilmiş prezidenti Moon Jae-in Washington-da Trump-la görüşüb və bildirib ki, o məsələnin danışıqlar yolu ilə həllinə tərəfdardır.

Hands inanır ki, Trump-ın Şimali Koreya ilə münasibətlərində ABŞ-Cənubi Koreya alyansına böyük ehtiyac var. Ekspertin fikrincə, Trump bu situasiyada Moon-un Şimali Koreya ilə dialoq qurmasına tam dəstək verməlidir.

Ekspertin qənaətinə görə, Churchill demişkən, belə məsələlərdə "çənə-çənə dava-davadan yaxşıdır".

Bundan başqa Trump, o Ağ Evə gələndən bəri boş qalan Şimali Koreya səfiri postuna kimisə təyin etməlidir.

Ekspert yazır ki, Şimali Koreya liderinin əsas amalı sülalə hakimiyyətinin davam etməsidir, bu isə ən azı bu istiqamətdə müzakirə aparmaq imkanı yaradır.

Fotonun müəllifi Spencer Platt/Getty Images

Xristian dünyasında cindarlıq niyə yüksəlişdədir?

"The Telegraph" dini araşdırmalar aparan analitik mərkəzlərdən birinə əsasən yazır ki, son vaxtlarda ziyanlı Xristian eksorsizminin və ya cindarlığının geniş yayılması miqrant icmaları ilə bağlıdır.

"Theos" dini-analitik mərkəzinin yeni hesabatında deyilir ki, Xristian dünyası boyunca cindarların və ya cinqovanların artması və ümumilikdə eksorsizm sənayesinin yüksəlişi adamların ruhi sağlamlığı üçün böyük risk yaradır.

Xristianlıq və ruhi sağlamlıq arasında münasibətləri araşdıran hesabatda qeyd olunur ki, hazırda Birləşmiş Krallııqda cindarlıq gəlhagəlli sənayeyə çevrilib.

Hesabatda deyilir ki, bunun əsas səbəbi miqrant icmaları və əllincilər kilsəsinin eksorsizm praktikasına açıqlığıdır.

Araşdırma göstərib ki, çox vaxt adi ruhi xəstəlik müalicəsinə ehtiyacı olan şəxslər cindarların əlinə düşür.

Bu hesabatın müəlliflərindən Ben Ryan deyir ki, Anqlikan kilsəsində cindarlığın diqqət mərkəzinə gəlməsi belə praktikaya artan tələblə bağlıdır.

Ekspert bildirir ki, cindarlıq praktikası daha çox kilsələrdən xaricdə həyata keçirilir. Onun özlərinə görə, Londonun mərkəzindəki Old Kent Road küçəsi ilə gəzişmək kifayətdir ki, hər tinbaşı cindarların elanlarına rast gələsən.

İngiltərə Kilsəsi bəyan edib ki, eksorsizmlə bağlı hər bir hal ayrılıqda araşdırılır və buna çox ciddi diqqət yetirilir.

Bəyanatda deyilir ki, kilsələr xüsusilə də sarsıntı vəziyyətində olan insanlara diqqətlə yanaşmalıdır.

Keşişlər isə bildirirlər ki, eksorsizmin geniş yayılmasına səbəb cəmiyyətdə qeyri-ənənəvi dinlərə, məsələn satanizmə sitayiş edənlərin artmasıdır.

Fotonun müəllifi Jeff J Mitchell/Getty Images

Sevgilini və həyat yoldaşını düzgün seçmək üçün 5 şərt

"The İndependent" yazır ki, insanın sevdiyi adamla münasibətlərinin gələcəyindən narahat olarkən diqqət yetirəcəyi 5 əsas amil var.

Ailə həyatı qurmağa hazırlaşdığınız insandan 100 faiz əmin olmaq mümkün deyil, amma sözü gedən 5 faktor müəyyən mənada faydalı ola bilər.

Miami Universitetinin professoru Berit Brogaard deyir ki, burada söhbət əslində 5 faktordan yox, 5 təhlükə siqnalından gedir.

Bu siqnallara əsasən sevgilinizin gələcək həyat yoldaşınız olmağa layiqli olub-olmadığını müəyyən edə bilərsiniz. Bu siqnallar evliliyin elə ilk ayları və illəri üçün də keçərlidir.

1. Siz müxtəlif təməl dəyərlərə maliksiniz

Təməl dəyərlər adətən insanın dərindən inandığı və müzakirəyə çıxarmağı belə lazım bilmədiyi dəyərlərdir. Burada söhbət evlənərək Parisə köçmək və ya övlad sahibi olmaqdan da gedə bilər.

Siz gələcək niyyətlərinizdən hansını sevgilinizin xətrinə dəyişmək fikrində olmadığınızdan əmin olmalısınız. Əgər sevgiliniz sizin əsas niyyətlərinizi bölüşmürsə, onun bu niyyətləri gələcəkdə bölüşəcəyinə ümid etmək təhlükəlidir.

Professor Brogaard istisna etmir ki, sizin əsas dəyərləriniz dəyişə bilər. Amma diqqət yetirməlisiniz ki, bu dəyişiklik təzyiq altında və ya romatikanın sərxoşluğundan irəli gəlməsin.

Hər hansı dəyərin dəyişdirilməsi sizin özünüzün gəldiyiniz nəticə olmalıdır.

2. Sevgiliniz sizə adi bir şey kimi baxırsa

Əgər münasibətlərinizdə bütün təşəbbüslər sevgilinizidən və ya partnyorunuzdan gəlirsə, deməli bu münasibətlərdə balans yoxdur.

2013-cü ildə aparılmış bir araşdırma göstərib ki, istər birgə yaşayış olsun, istərəsə də evlilik, cütə daxil iki insanın bir-birinə münasibətinin adiləşməsi hardasa 3 il 6 ay ərzində baş verir.

Əgər bu gün şama nə yeyəcəyinizi, şənbə günü hara gedəcəyinizi heç sizdən soruşmadan sevgiliniz və ya yoldaşınız müəyyən edirsə, belə münasibətlərdən narahat olmaq lazımdır, Brogaard deyir.

Bu o deməkdir ki, partnyorunuz sizin itaətli davranışınızı normal bir şey kimi qəbul edir. Bu, çox ciddi təhlükə siqnalıdır.

3. Sizə hörmətsizlik göstərir

Münasibətlər bərabərlər arasında qarşılıqlı hörmət deməkdir. Lakin hörmətsizlik özünü müxtəlif şəkildə büruzə verə bilər. Bura sözlə təhqir də daxildir, aqressivlik də…

Brogaard deyir ki, bəzən bunlar heç nəzərə çarpmadan da baş verə bilər. Amma əgər sevgiliniz və ya yoldaşınız sizi lap "zarafatla" belə təhqiramiz adlarla çağırırsa, xətrinizə dəyirsə və üzr istəməyi lazım bilmirsə, bunu görməmək mümkün deyildir. Belə davranış adətən partnyorun üzərində nəzarəti saxlamaq arzusundan irəli gəlir.

Psixoloq Peter Gray deyir ki, münasibətlərdə sevgi kifayət deyil, iki partnyor arasında hörmət də olmalıdır.

4. Partnyorunuz sizin emosional və seksual ehtiyaclarlınıza biganədir

Əgər sevgiliniz və ya yoldaşınız yalnız öz ehrtiyaclarının yerinə yetirilməsi qayğısına qalırsa, deməli sizin ehtiyaclarınız onu düşündürmür.

Burada riyaziyyata ehtiyac var. Hesablamağa çalışın neçə dəfə o sizin ehtiyaclarınıza diqqətli olub, neçə dəfə siz onun ehtiyaclarına…

5. Sevgiliniz yalnız qayğı gözləyir, qayğı göstərməyi düşünmür

Bunu da əvvəl-əvvəl hiss etmək asan deyil. Amma diqqət yetirsəniz, belə biganəlik sağalmaz yara vura bilər. Ola bilər ki, siz daim yoldaşınızdan narahat olub qayğısını çəkəcəsiniz, o isə bircə dəfə də belə münasibət göstərməsin.

Əgər münasibətləriniz bu səviyyəyə enibsə, artıq iki sevgilinin yox, valideyn-uşaq münasibətləridir.

Məhz valideyyn-övlad münasibətlərində adətən bir tərəfin verməsi məqbul sayıla bilər.