Hesabat: Səudiyyə Ərəbistanının Britaniyada ekstremizmlə "aydın əlaqəsi var"

seudi Fotonun müəllifi Getty Images

Səudiyyə Ərəbistanı Böyük Britaniyada "islamçı ekstremizmin baş xarici təbliğatçısıdır", yeni hesabatda iddia edilir.

Henry Jackson Cəmiyyəti bildirib ki, xaricdən maliyyələşdirilən islamçı təşkilatlar, nifrət nitqi yayan vaizlər və zorakılığı təbliğ edən cihadçı qruplar arasında "aydın və artan əlaqə" var.

Xarici işlər üzrə təhlil mərkəzi Səudiyyə Ərəbistanı və digər Fars Körfəzi ölkələrinin rolunu ictimai şəkildə sorğulamağa çağırıb.

Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfirliyi deyib ki, iddialar "tamamilə yalandır".

Nazirlər Böyük Britaniyada mənzillənmiş islamçı qruplar üzrə məruzənin dərc edilməsinə görə təzyiq altındadır.

2015-ci ildə sabiq Baş Nazir David Cameron-un göstərişi ilə cihadçı təşkilatların mövcudluğu və təsiri üzrə daxili işlər nazirliyinin hesabatının başa çatdırılacağı deyilsə də, onun nə zaman dərc olunacağı barədə suallar var.

Tənqidçilər hesab edirlər ki, bu, Körfəz ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə sıx və çoxillik diplomatik, təhlükəsizlik və iqtisadi əlaqələrə malik olan dövlət üçün rahat mütaliə olmaya bilər.

Çərşənbə günü yayımlanan hesabatda deyilir ki, bir sıra Fars Körfəzi ölkəsi, eləcə də İran ekstremist vaizlərin nitq söyləməsinə və ekstremist materialların yayılmasına şərait yaradan məscid və İslam təhsil müəssisələrinə maliyyə dəstəyi göstərir.

Hesabatda bildirilir ki, siyahının zirvəsində Səudiyyə Ərəbistanı var. Hesabatın iddiasına görə, bir sıra fiziki şəxslər və fondlar "mədəniyyətsiz, fanatik Vəhabi ideologiyasının" ixracına cəlb olunub.

Səudiyyənin Londondakı səfirliyi məsələ ilə bağlı bəyanat yayıb və iddiaları "əsassız ittihamlar" adlandırıb.

Bəyanatda o da deyilib ki, Səudiyyə Ərəbistanı dəfələrlə əl-Qaidə və özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən hücuma məruz qalıb.

Bu barədə daha geniş