Hesabat: Səudiyyə Ərəbistanı "Britaniyada ekstremizmin əsas təşəbbüskarıdır"

Man holding Islamic State flag Fotonun müəllifi Reuters
Image caption Səudiyyə Ərəbistanının Londondakı səfirliyindən bildirilib ki, ölkə özü də əl-Qaidə və İslam Dövlətinin hücumlarına məruz qalıb

Səudiyyə Ərəbistanı İslam ekstremizminin Böyük Britaniyadakı ən əsas xarici təşəbbüskarıdır, yeni təqdim olunan məruzədə deyilib.

Henry Jackson Cəmiyyətindən bildirilib ki, ölkədəki İslam təşkilatları ilə zorakılığa təşviq edən cihadçı qruplar arasında "açıq-aydın və inkişaf edən əlaqə" mövcuddur.

Xarici işlər üzrə ekspertlər komissiyası Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin rolu ilə bağlı ictimai sorğu keçirib.

Londondakı Səudiyyə səfirliyi isə iddiaları "tamamilə yanlış" adlandırıb.


Həmçinin oxuyun:


Hazırda nazirlər Britaniyada yerləşən islamçı qruplar haqqında məruzələrinin çapı üzərində çalışırlar.

Keçmiş baş nazir David Cameron-un başçılığı ilə 2015-ci ildə başladılan Daxili İşlər Nazirliyinin ölkədə cihadçı təşkilatların varlığı və təsiri ilə bağlı məruzəsinin dərc edilmə tarixi isə hələ dəqiqləşməyib.

Tənqidçilərə görə, hakimiyyətin Körfəz ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə yaxın və uzunmüddətli diplomatik, təhlükəsizlik və iqtisadi əlaqəsi olduğu üçün bu, bir az çətin olacaq.

BBC təhlükəsizlik müxbiri Frank Gardner deyib ki, məruzə "çox güman ki, hazırdır və Theresa May-in masası üzərindədir", lakin, "utancverici" məzmun ucbatından çapı gecikdirilir.

"Qeyri-liberal ideologiya"

Henry Jackson Cəmiyyəti liberal demokratiya, qanunun aliliyi və bazar iqtisadiyyatının yayılması ilə məşğul olan araşdırma mərkəzidir.

Onların məruzəsində göstərilir ki, bir neçə Körfəz ölkəsi, eləcə də İran, ekstremist mövzulu materialların məscidlər və İslam təhsil müəssisələrində yayılması üzrə dəstəkçidir.

Siyahının başında BK-n Orta Şərqdə ən yaxın müttəfiqi və ticarət tərəfdaşı olan Səudiyyə Ərəbistanı gəlir.

Fərdlər və fondların "qeyri-liberal və biganə Vəhhabi ideologiyasının" yayılmasında yaxından iştirakı misallar əsasında göstərilib.

Səudiyyə tərəfindən maliyyə dəstəyi alan BK-dakı institutların çox az bir hissəsi birbaşa Səudiyyə Ərəbistanı tərəfindən idarə olunur.


Niyə BK Səudiyyə Ərəbistanı ilə bu qədər yaxındır

Fotonun müəllifi Getty Images

BBC təhlükəsizlik müxbiri Frank Gardner-in təhlili

Britaniyanın İslamın beşiyi və hazırda dünyanın ən böyük neft hasilatçısı və ixracatçısı Səudiyyə Ərəbistanı ilə yaxın, uzunmüddətli və bəzən də mübahisə doğuran münasibəti mövcuddur.

İllik qarşılıqlı ticarətin dəyəri milyardlarla funt sterlinqlə ölçülür. Eləcə də BK Səudiyyə Ərəbistanına ixracat edir, hər iki ölkədə insanları işlə təmin edir və hər iki ölkə terrora qarşı sıx əməkdaşlıq edir.

Lakin, BK və ABŞ-n təmin etdiyi qırıcı təyyarələr və hərbi sursat Səudiyyə Kral Hava Qüvvələri tərəfindən Yəmənə qarşı bəzən mülki şəxslərin ölümü ilə nəticələnən hücumlarda istifadə olunur.

Səudiyyə Ərəbistanı həmçinin insan haqları ilə bağlı ən çox tənqid olunan ölkələrdən biridir. Bu isə Leyboristlərin lideri Jeremy Corbyn kimi bəzi siyasətçilərin Səudiyyə Ərəbistanına satılan silaha embarqo qoyulması kimi çağırışlara səsləyib.

Lakin, Theresa May bu ittifaqın iqtisadi və təhlükəsizlik baxımından üstünlüklərini sadalayaraq Britaniyanın Körfəz Ərəb əməkdaşları ilə olan münasibətini qorumaq lazım gəldiyini dilə gətirib.


Səudiyyə Ərəbistanının Londonda yerləşən səfirliyinin yaydığı bəyanatda isə deyilir ki, krallığın önə çəkdiyi istənilən iddia "çox az sayda fərdlərə şamil edilən əsassız və sübutsuz" hesab olunur.

Eləcə də səfirlik bildirib ki, ölkə özü də əl-Qaidə və İslam Dövlətinin hücumlarına məruz qalıb.

Bəyanatda deyilib: "Biz zorakı ekstremizm addımları və ideologiyası ilə razılaşmırıq və razılaşmayacağıq və bu yolunu azmış insanlar və onların təşkilatları yox edilənədək də rahatlanmayacağıq."

Daxili İşlər Nazirliyi ekstremizmə edilən maliyyə yardımlarının qarşısını kəsəcəyini söyləsə də, ekspertlərin məruzəsi ilə bağlı şərh verməkdən imtina edib.

BBC müxbiri Frank Gardner deyib ki, məruzə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin Qətəri ekstremizmin müdafiəsinə görə təqsirli bildiyi həssas bir zamanda yayılıb.

Ərəb xarici işlər nazirləri çərşənbə günü Qahirədə Qətərə qarşı əlavə sanksiyalar barəsində görüşəcəklər. Qətər xarici işlər naziri isə ölkəsinin taleyi ilə bağlı Londonda mətbuat konfransı keçirəcək.

"Narahatedici" əlaqələr

Leyborist millət vəkili Dan Jarvis məruzənin Səudiyyə Ərəbistanı və ekstremizmə maddi dəstək arasındakı son dərəcə narahatedici əlaqələrə işıq saldığını bildirib. Və hakimiyyəti xarici maliyyələşmə ilə bağlı məruzəsini yaymağa səsləyib.

"Bu il yaşadığımız dəhşətli və faciəvi terror hücumlarından sonra, cəmiyyətimizin müdafiəsi naminə əlimizdə olan bütün vasitələrdən istifadə etməyə məcburuq," o deyib.

"Buraya ekstremizmi yayan və dəstəkləyən şəbəkələrin müəyyənləşdirilməsi və onları maliyyələşdirən iqtisadi şəbəkələrin bağladılması da daxildir."

O, təklif edib ki, sivil cəmiyyətə ekstremizmin nümunələrini göstərən yeni qurum olan Ekstremizmlə Mübarizə Komissiyası BK-dakı təşkilatların xaricdən maliyyələşdirilməsi məsələsinə böyük önəm verməlidir.

Aprel ayında Səudiyyə Ərəbistanına səfər edən baş nazir Theresa May isə təkidlə BK-n səhra krallığı ilə tarixi münasibətinin Britaniyanın təhlükəsizlik və ticarəti üçün mühüm olduğunu deyib.

Leyboristlərin lideri Jeremy Corbyn, insan haqları və Yəməndəki hərbi əməliyyatlar səbəbi ilə BK silahlarının Səudiyyə Ərəbistanına ixracını dərhal dayandırmağa səsləyib.

Bu barədə daha geniş