Britaniya mətbuatı: Almaniya Erdoğana yenə də mitinq icazəsi vermədi?

Merkel and Erdogan Fotonun müəllifi Getty Images
Image caption Türkiyə Prezidenti Recep Tayyip Erdoğan (sağda) Almaniya Kansleri Angela Merkel (solda) ilə şəxsən problemi olmadığını deyib.

"The İndependent" qəzetinin yazdığına görə Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Berlin ona Almaniyada keçirilən türk mitinqində çıxış etmək imkanı verməməklə "intihara qalxmış" olub.

Erdoğan Almaniyanın Die Zeit qəzetinə deyib ki, "Almaniya bu səhvi düzəltməlidir, çünki bizim bir-birimizə ehtiyacımız var".

Türkiyə prezidenti Hamburq şəhərində keçirilən G20 sammitinin əsnasında türk icması qarşısında çıxış etməyi planlaşdırırdı.

Almaniya bu ölkədə yaşayan kürdlərin etirazlarına görə Erdoğanın çıxışını qadağan edib.

Xarici işlər naziri Sigmar Gabriel deyib ki, Erdoğanın çıxışı "yaxşı ideya deyil", çünki G20 sammiti günlərində hər hansı başqa tədbirdə asayişi təmin etmək üçün kifayət qədər polis qüvvəsi olmayacaq.

Erdoğan bu ilin əvvəllərində Almaniyada və Hollandiyada yerli türk icmasının onu dəstkləyən mitinqlərinə icazə vermədiyinə görə diplomatik qarşıdurma yaratmışdı.

O Avropanı "faşıst və qəddar", hollandları isə "nasistlərdən qalma töküntü" adlandırmışdı.

Lakin alman qəzetinə müsahibədə Türkiyə prezidenti yumşaqlıq nümayiş etdirib və deyib ki, onun şəxsən kansler Angela Merkellə heç bir problemi yoxdur.

Merkel-in sədrlik etdiyi G20 sammitinə Erdoğan da qatılacaq.

"The İndependent" yazır ki, son vaxtlar iki NATO üzvü - Almaniya və Türkiyə arasında münasibətlər xeyli gərginləşib.

Çərşənbə axşamı Türkiyə, Almaniya hökuməti binasının qarşısında qurulmuş incəsənət kompozisiyasını "zorakılığa çağırış" kimi pisləyib.

Bu kompozisiyada Erdoğan Putin və Səudiyyə kralı ilə yanaşı "diktator" adlandırılırdı.

Bu sammit ərzində Merkel həm də Fransa lideri Emmanuel Macron və Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsini müzakirə edəcək.

Erdoğana gəldikdə isə onun Almaniyadan incikliyinə bir səbəb də var. Berlin Türkiyədə iyul çevrilişi cəhdində ittiham olunanlardan bəzilərinə sığınacaq verib və onları Türkiyəyə təslim etmək istəmir.

Almaniya və başqa Avropa ölkələri bu qənaətdədirlər ki, Erdoğan çevriliş cəhdini bəhanə gətirərək özünün siyasi opponentlərinə divan tutur.

Fotonun müəllifi Getty Images

Səudiyyə vəhabiliyi xeyriyyəçiliklə yayır

"The Guardian" yazır ki, yenicə açıqlanmış hesabata görə Britaniyadakı ekstemizmin sponsorları siyahısında Səudiyyə Ərəbistanı birinci yerdə gəlir, lakin bəzi mənbələrin məlumatına əsasən hökumət ekstermizmin bütünlükdə Körfəz üzrə maliyyələşdirilməsinə dair hesabat hazırlamağı planlaşdırır.

Henry Jackson Cəmiyyətinin hesabatı hökumətə tövsiyə edir ki, o Birləşmiş Krallıqda məscidlər də daxil bütün dini təsisatlardan xaricdən aldıqları maliyyənin mənbələrinin açıqlanmasını tələb etsin.

Bu hesabat elə bir vaxtda açıqlanıb ki, Theresa May terrorizmin xaricdən maliyyələndirilməsinə dair hökumətin özünün hazırladığı hesabatın açıqlanması üçün təzyiq altındadır.

Bu hesabat 6 ay əvvəl hazırlansa da, hökumət hələ də onun açıqlanmasında tərəddüd göstərir. Rəsmi London narahatdır ki, belə bir hesabatın açıqlanması hökumətin zəngin Körfəz dövlətləri ilə münasibətlərini korlaya bilər.

"The Guardian" yazır ki, bu hesabatın Səudiyyəni əsəbiləşdirəcəyi şəksizdir, çünki onun özü Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edir.

Lakin Britaniyada hazırlanmış hesabat bunun tam əksini deyir: "Səudiyyə Ərəbistanı 1960-cı illərdən bəri İslam dünyası boyunca vəhabiliyin yayılmasına milyonlarla dollar vəsait xərcləyib".

Daha sonra hesabatda oxuyuruq:

"Birləşmiş Krallıqda maliyyələşdirmə əsasən məscidlərə və İslam təhsili təsisatlarına ayrılan fondlar şəklində rəsmiləşdirilib, lakin əslində pullar ekstremist vaizlərə və ekstremist ədəbiyyata çatıb. Burada Britaniya müsəlman liderlərinin Səudiyyədə dini təhsil almaları da əsas rol oynayıb. İş o yerə çatıb ki, Britaniyadakı müstəqil İslam məktəblərində Səudiyyə dərsliklərindən istifadə edilib".

Hesabatda deyilir ki, Britaniyanın bir sıra ən qatı nifrət vaizləri sələfi-vəhabi İslamına xidmət edirlər. Onların bir çoxu xaricdəki ekstremizmin sponsorlaşdırılması ilə məşğul olub.

Hesabatda həmçinin hökumətdən terrorizmin maliyyələşdirilməsinə dair yeni rəsmi təhqiqatın aparılması və ölkədə ekstremizimin yayılmasının qarşısını almaq məqsədilə tədbirlərin görülməsi tələb olunur.

Hesabatın müəlliflərindən, Radikallaşmaya Reaksiya Mərkəzinin əməkdaşı Tom Wilson deyib: "Körfəz ölkələri və İran ekstremizmin yayılmasında təqsirlidirlər, lakin Səudiyyə bu siyahının başında gəlir".

Hesabatda deyilir ki, 2007-ci ildə Səudiyyə Ərəbistanının, dünya boyunca vəhabiliyin yayılmasına 2 milyard dollar xərclədiyi təxmin edilirdi. 2015-ci ilədək bu rəqəmin iki dəfə artdığı düşünülür.

Bu da qeyd olunur ki, Səudiyyənin vəhabilik və sələfiliyə belə böyük məbləğləri xərcləməsi Britaniyada bilavasitə öz əksini tapıb. Məsələn 2007-ci ildə Britaniya məscidlərinin 68-i sələfilik və vəhabiliyi yayırdısa, artıq 7 il sonra bu rəqəm 110-a çatıb.

Hesabatda deyilir ki, Səudiyyənin islami xeyriyyə qrupları da əslində vəhabi ideologiyasını yayamaqla məşğuldur. 2014-cü ildə Britaniyadakı sələfi məscidləri icmasındakıların sayı 45 min nəfərə çatlıb.

Hesabatda yalnız Səudiyyənin adı hallandırılmır. Bu da bildirilir ki, Qətərin maliyyələşdirdiyi Əl-Müntəda fondu Britaniyada gənclərin radikallaşdığı bir neçə məscidlə bağlıdır.

Avstriyada məscidlərin xaricdən maliyyələşdirilməsi qadağan edilib, Fransada da belə maliyyələşdirməyə müvəqqəti qadağan qoyulub.

Bu istiqamətdə Almaniyada da tədbirlər görülür.

Fotonun müəllifi Getty Images

Smatfonu olanları bit basır?

"The Telegraph" yazır ki, alimlərin qənaətinə görə uşaqlarda baş bitinin yayılmasında smartfonların bilavasitə rolu var.

Onlar deyirlər ki, uşaqlar adətən telefonlarındakı şəkilləri bir-birlərinə göstərmək üçün uzun müddət baş-başa qalır və bu zaman baş bitinin, necə deyərlər, bir başdan başqa başa tullanmasına imkan yaranır.

200 yeniyetmə arasında aparılmış təhlil göstərib ki, smartfonu və ya tableti olanlarda baş bitinin yayılması ehtimalı belə cihazları olmayanlarla müqayisədə iki dəfə çoxdur.

Məlum olub ki, smartfonu olmayan 98 uşaqdan 29-da baş biti tapılıbsa, belə cihazları olan 104 nəfərdən 65-də bit aşkar edilib.

Müayinə zamanı bu da aşkara çıxıb ki, uşaqların tam yarısında ötən beş ildə baş biti olub.

Bu əvvəlki illərlə müqayisədə 22 dəfə çoxdur.

Lakin baş bitinin yayılmasına görə yalnız "selfi mədəniyyətinin" yüksəlişini günahlandırmaq olmaz.

2015-ci ildə Sharon Rink adlı bir həkim "sosial media biti" terminini zərb-məsələ çevirmişdi.

Oxford Universitetindən Tess McPherson qeyd edir ki, uşaqlarda baş biti bundan əvvəlki illərdə də kifayət qədər çox olub.

Alim razılaşıb ki, selfi mədəniyyəti bitin yayılmasında əhəmiyyətli rol oynayır. Lakin alim deyib ki, sosial media bitin yayılmasına yeganə səbəb deyil.

"The Telegraph" yazır ki, Britaniyada baş biti adətən 4 yaşından 11 yaşına qədər uşaqlar, ələlxüsus da qız uşaqları arasında yayılır.

Məqalədə bit haqqında yayılmış bəzi inancların da doğru olmadığı göstərilir. Məsələn bit daraq, papaq və balış vasitəsilə keçmir. İnsan biti adama heyvanlardan da düşə bilməz.

Bit başdan başa bilavasitə kontakt zamanı keçir və bu, saçın çirkli və ya təmiz, qısa və ya uzun olmasından asılı deyil.

Bu barədə daha geniş