Qədim İraq artefaktlarının qaçaqmalçılıqla ABŞ-da gətirilməsinə dair istintaq başlayıb

Mixi yazısı həkk olunmuş qədim daş lövhələr Fotonun müəllifi Dept of Justice
Image caption Hobby Lobby şirkəti İncil müzeyi üçün nəzərdə tutulmuş bu artefaktların alınmasına $1.6m pul xərcləyib.

İncəsənət və sənətkarlıq sahəsində fəaliyyət göstərən ABŞ-ın iri şirkəti İncil muzeyi üçün aldığı qədim İraq artefaktlarına mülkiyyət hüququndan məhrum olunub.

Xristianlığa aid incəsənət və sənətkarlıq nümunələrinin toplanması sahəsində ixtisaslaşan Hobby Lobby şirkəti əldə etdiyi qaçaqmal artefaktlarını təhvil verməyə və 3 milyon dollar məbləğində pul ödəməyə razılıq verib.

ABŞ prokurorlarının bildirdiyinə görə, şirkət minlərlə mixi yazısı həkk olunmuş daş lövhə, medalyon və digər qədim bəzək əşyalarını "keramika nümunələri" adı ilə idxal etməklə ABŞ federal qanunlarını pozub.

Hobby Lobby bildirib ki, idxala başlayarkən bu prosesin "çətinlik dərəcəsini tam şəkildə anlamayıb".

2014-cü ildə dini zəmində qadın işçilərə kontraseptiv xərcləri ödəməkdən boyun qaçırdığına görə şirkətin işinə ABŞ Ali Məhkəməsində baxılmışdı.

Həmin qalmaqal yadda qalan olmuşdu.

Qədim artefaktlar ABŞ-a BƏƏ və İsrail vasitəsilə qaçaqmalçılıq yolu ilə çatdırılmışdı.

ABŞ-a çatdırılmış yükə saxta "keramika nümunələri" adı verilərək, sənədlərdə həmin yükün guya Türkiyə və İsraildən göndərildiyi göstərilmişdi.

"Şirkət ehtiyatsız addım ataraq dəllallarla iş görüb və yükün sənədləşdirilməsində diqqətsizliyə yol verib", - Hobby Lobby bildirib.

Lakin prokurorların bildirdiyinə görə, ekspertlər şirkətə bu yüklə bağlı müvafiq xəbərdarlıq etmişdilər.

Bu əşyaların İraqda talançılıq yolu ilə əldə edilməsi barədə xəbərdarlığa baxmayaraq, Hobby Lobby sözügedən 5500 artefaktın alınması üçün 1.6 milyon dollar xərcləyib.

"Bu əşyalara qiymət qoyulduğu halda, İraq xalqı üçün əşyalar qiymətsizdir", - ABŞ Gömrük İstintaqı rəsmisi Angel Melendez bildirib.

Prokurorlar bildirib ki, sövdələşmənin şübhəliliyi əvvəlcədən aydın olub və şirkət dəllallarla birbaşa yox, ortada gəzənlərlə iş görərək 7 özəl bank hesabına ödəmələr edib.

Şirkətin prezidenti Steve Green, eyni zamanda, Washington-da hazırda tikilən muzeyin sədridir.

40 min kvadrat metr sahəsi olacaq bu muzey şəhərin ən böyük müzeylərindən birinə çevriləcək.

Steve Green bildirib ki, şirkət heç zaman birbaşa olaraq İraqdan əşyalar almayıb.

Onun sözlərinə görə, aparılmış istintaqdan "mühüm nəticələr çıxarılıb".

Əlaqəli mövzular

Bu barədə daha geniş