Səudiyyə qadınları ruhaninin məqbul paltar barədə məsləhətini cavabsız qoymayıblar

Əba geymiş qadınlar Fotonun müəllifi GCShutter

Səudiyyə Ərəbistanı qadınları Səudiyyə ruhanisinin naxışlı paltar geyməmək və makiyajdan istifadə etməmək barədə məsləhətini tənqid ediblər.

Səudiyyə Ərəbistanında tanınmış ilahiyyət alimi Məhəmməd Əl-Arifi, müsəlman ölkələrində yayılmış, qadınların əl, ayaq və üzündən başqa bütün bədənini örtən - boş xalat və ya əba geyiminə dair tovsiyəsini açıqlayıb.

Bazar günü Əl-Arifi Twitter-də yerləşdirdiyi postunda bildirib: "Ey mənim qızım: Naxışlı əba alma. Paltarın kəsiyi, açıq yeri, bəzəyi olmamalıdır. Xahiş edirəm, qızım, makiyajı nümayiş etdirmə. Cahillik dövrü makiyajından qaç".

Ruhanin göstərişinə bir çox qadının cavabı istehzalı olub. Onlar əba geyərək şəkil çəkdiriblər və həmin şəkilləri paylaşaraq alimin buna razılığını istəyiblər.

Fotonun müəllifi @vegialaa/Twitter
Image caption Twitter istifadəçisi ruhanidən öz əbasına dair məsləhət istəyib

Ərəb Twitter-ində ilahiyyatçının tovsiyəsi 31,000-dən çox dəfə, əsasən, Körfəz ölkələri sakinləri tərəfindən paylaşılmışdı.

Bir qadın paltarlarının fotosunu paylaşaraq soruşub: "Mənim əbam barədə nə fikirdəsiniz, şeyx? Gələn dəfə rəngbərəng, bəzəkli və açıq əba alacağam. Elə bir əba alacağam ki, onu heç cahillik dövründə də geyməyiblər".

Daha bir qadın isə belə bir qeydini tvitləyib: "Mən gözəl açıq əbalar kolleksiyamı paylaşmaq istərdim".

Müsəlman dəb aləmində əba getdikcə populyar bir geyim növünə çevrilməkdədir.

Belə ki, müasir moda nümayişləri zamanı podiumlarda əba nümayiş etdirən modellər, moda jurnallarının üz qabığında əba şəkilləri artıq nadir hal sayılmır.

Londonun ən dəbdəbəli mağazası sayılan Harrods da moda ilə ayaqlaşan müştərilərinə əba geyimini təklif etməyə başlayıb və bu trendin qloballaşma ehtimalı nəzərdən keçirilir.

Lakin Səudiyyə Ərəbistanında bəziləri üçün əba moda yox, geyim standartıdır.

Qadınların əba vasitəsilə özlərini kişi gözündən qorumalı olduqları Səudiyyədə bu geyim növünün dəb paltarına çevrilməsi ziddiyyət doğurur.

2016-cı ilin dekabrında bir qadın paytaxt Ər-Riyad-ın küçələrindən birində əbasız şəklini çəkdirmişdi.

Həmin foto sosial media şəbəkələrində hay-küyə səbəb olmuşdu.

Mələk adlı qadının fotosuna sayı 9,000-dən çox olan və onu həbs etməyə çağıran həştəqli tvitlər göndərilmişdi.

Bu barədə daha geniş