Britaniya mətbuatı: Öpüşməyin elmi cəhətdən sübut edilmiş 6 xeyri

kissing Fotonun müəllifi George Marks

Britaniya mətbuatı yazır: Fransa "ekoloji inqilaba" hazırlaşır, Marsda həyat axtaranları məyus edəcək xəbər, Öpüşməyin elmi cəhətdən sübut edilmiş 6 xeyri.

Fotonun müəllifi THOMAS SAMSON/AFP/Getty Images

Fransa "ekoloji inqilaba" hazırlaşır

"The İndependent" yazır ki, Fransanın yeni ekologiya naziri 2040-cı ilədək ölkədə benzin və dizel yanacağını tamamilə qadağan etməyi planlaşdırır.

Nazir Nicolas Hulot deyib ki, onun bu təşəbbüsü prezident Emmanuel Macron-un 2050-ci ilədək Fransanı karbonsuz ölkə etmək planının tərkib hissəsidir.

Cənab Hulot deyib ki, bu planların Fransa avtomobil sənayesi üzərinə qoyacağı təzyiqi başa düşür, lakin avtomobil istehsalçıları da gələcək planlarını bu ekoloji siyasətə uyğun qurmalı olacaqlar.

Bu planın tərkib hissəsi kimi yoxsullara öz köhnə avtomobillərini daha "təmiz alternativlərə" dəyişmək imkanı veriləcək.

Bundan əvvəl Volvo avtomobilqayırma şirkəti bildirmişdi ki, 2019-cu ildən etibarən yalnız elektrik və hibrid (elektrik və benzin) avtomobillər istehsal edəcək.

Fransanın ekologiya naziri cənab Hulot müxbirlərə bildirib ki, Fransa 2022-ci ilədək elektrik enerjisinin kömürdən alınmasına son qoyacaq.

O, həmçinin deyib ki, yeni təmiz enerji layihələrinə 4 milyard avro investisiya yatırılacaq.

Cənab Hulot bildirib ki, Fransa iqlim siyasətində lider olmağı qət edib.

"The İndependent" yazır ki, Fransa daxiliyanma mühərrikləri ilə işləyən maşınları qadağan etməyi planlaşdıran yeganə ölkə deyil.

Hollandiya və Norveç bəyan ediblər ki, benzin və dizel yanacaqlı avtomobilləri 2025-ci ilədək ləğv etməyi planlaşdırırlar.

Hindistan eyni planı 2030-cu ildək həyata keçirmək niyyətindədir.

Fransanın ekologiya naziri bunu da elan edib ki, ölkə palma yağının və soyanın idxalını tamamilə qadağan etməyi düşünür.

Bu qadağada məqsəd Amazon, Cənub-Şərqi Asiya və Konqoda meşələrin qırılmasının qarşısını almaqdır. Belə ki bu ölkələrdə meşələri kənd təsərrüfatı bitkilərinə görə qırmaqda davam edirlər.

Keçmişdə televiziya aparıcısı olmuş nazir Hulot deyib ki, karbon emissiyasını azaltmağa çalışarkən meşələrin qırılmasına göz yummaq "şizofreniya" olardı.

Fransa parlamenti bu payız qaz, neft və kömür yataqlarının inkişaf etdirilməsini tamamilə qadağan edən qanun qəbul edəcək.

Fotonun müəllifi ESA

Marsda həyat axtaranları məyus edəcək xəbər

"The Guardian" qəzeti Mars planetində həyat axtaranları bir qədər dilxor edəcək məqalə ilə çıxış edib.

Məqalədə deyilir ki, Mars barədə əldə edilmiş son məlumat bundan əvvəl bu planetdə həyat əlamətlərinin olduğuna dair mülahizələrin üstündən xətt çəkə bilər.

Bəlli olub ki, "qırmızı planetin" səthi hər hansı yaşayan orqanizmi məhv edə biləcək zəhərli kimyəvi maddələrlə örtülüb.

Mars səthindən gətirilmiş maddələr üzərində aparılmış eksperimentlər göstərir ki, planetin qərq olduğu ultrabənövşəyi şüalar onun torpağını bakterisidə çevirir. Başqa sözlə bu şüalar Mars səthində mövcud olan istənilən həyat formasını məhv edə bilərdi.

"The Guardian" yazır ki, bu tapıntı Mars səthində aparılacaq gələcək təhqiqatlar üçün ciddi problemlər yaradır. Alimlər bu qənaətdədirlər ki, Marsda hər hansı həyat formasını aşkar etmək üçün planetin dərin qatlarını qazmaq lazım gələcək.

Onların fikrincə, ola bilər ki, torpağın altında mikroorqanizmlər və ya başqa həyat formaları öldürücü ukltrabənövşəyi şualardan qoruna bilir.

Edinburgh Universitetinin professoru, astrobioloq Jennifer Wadsworth bir neçə il bundan əvvəl Mars torpağı nümunələrində çox güclü oksidləşdirici kimi tanınan perxloratları aşkar etmişdi. Əslində bu fakt hələ 40 il əvvəl NASA-ya məlum idi, lakin elmi baxımdan yalnız 2015-ci ilədək təsdiqlənməmişdi.

2015-ci ildə Mars Reconnaissance Orbiter modulu Mars yarğanlarından süzülən yaş və duzlu mayenin perxlorat olduğunu aşkarlamışdı.

Lakin bir çox alimlər hələ də ümid edirdilər ki, nəzəri baxımdan yadplanetli bakteriyalar perxloratlı mühitdə ən azı torpağın dərin qatlarında yaşaya bilər.

Wadsworth və Edinburgh Universitetindən başqa bir astrobioloq Charles Cockell təcrübələrində Bacillus subtilis torpaq bakteriyalarından istifadə etmişdilər. Onlar sonradan bu bakteriya materialını perxloratla qarışdırıb ultrabənövşəyi şüaların təsirinə məruz qoyublar. Məlum olub ki, belə şəraitdə bakteriayalar ikiqat sürətlə məhv olub.

Bundan sonra alimlər təcrübələri dəmir və hidrogen oksidləri ilə təkrar ediblər, çünki bu oksidlər də Mars səthində mövcuddur. Bəlli olub ki, bu maddələr hər hansı canlı bakteriya üçün perxloratlardan da öldürücüdür.

Beləliklə, alimlər bu nəticəyə gəliblər ki, Mars səthində mövcud olan toksik maddələr hər hansı canlı orqanizmin yaşamasına imkan vermir.

NASA-nın California-dakı Ames Araşdırma Mərkəzindən Chris McKay deyib ki, təcrübə nəticələrində həm yaxşı, həm də pis xəbər var: "Yaxşı xəbər budur ki, biz bundan sonra Marsa canlı orqanizmlər göndərərkən həmin planetin olmayan ekosistemini poza bilmərik.

Bu da yaxşı xəbərdir ki, Marsa gedəcək astronavtların hər hansı xəstəliyə yoluxması şansının olmadığı üzə çıxıb. Pis xəbər isə odur ki, Mars planetində həyatı daha dərin torpaq qatlarında axtarmalıyıq."

2020-ci ildə Avropa Kosmik Agentliyi "qırmızı planetə" özügəzənini göndərməyi planlaşdırır. Bu özüyeriyən qurğu "mikroskopik marslıları" tapmaq üçün Mars səthini iki metr dərinliyində qaza biləcək.

London Universitetinin alimi Andrew Coates ExoMars proqramında görüntü komandasına rəhbərlik edir. O deyir ki, bu gün Mars səthinin həyat üçün son dərəcə sərt olması barədə faktlar məlumdur.

Alimin fikrincə, məhz buna görə də planetin səthaltı materialının öyrənilməsi son dərəcə mühümdür.

Coates inanır ki, hətta 2 millimetr dərinliyində torpaq da qatı öldürücü şüalardan qoruya bilir. 1, 5 metrlik dərinlik isə Günəşdən və qalaktikadan gələn ion radiasiyası üçün keçilməzdir.

Odur ki, Marsda həyat tapılacağına ümid edənlər, hələ bir qədər də məyus olmaya bilərlər.

Fotonun müəllifi Jeff J Mitchell/Getty Images

Alimlər öpüşməyin faydasından nə deyirlər?

"The Telegraph" qəzeti isə öpüşməyin 6 elmi faydasından yazıb. Jessica Carpani-nin Beynəlxalq Öpüş Gününə həsr olunmuş məqaləsində deyilir ki, "öpüşmək" sözünün özü artıq müsbət emosiyalar yaradır. Üstəlik də elm indi öpüşməyin ən azı 6 faydasından əmindir:

1. Öpüşmək əhval-ruhiyyəni qaldırır

Alimlər bu qənaətdədirlər ki, insanın öpüşərək işə getməsi onun əmək qabiliyyətini xeyli yaxşılaşdırır. Bunun elmi izahı var: Öpüşmək yaxşı əhval-ruhiyyə hormonu olan oksitosinin qandakı miqdarını artırır.

Lafayette Kollecində aparılan təcrübə zamanı ayrı cinslərdən olan cütlərin 15 dəqiqə ərzində, musiqi sədaları altında öpüşməsi bu kimyəvi maddənin miqdarını sıçrayışla artırıb. Fakültə dosenti, neyroalim Wendy Hill, NBC.news şəbəkəsinə deyib ki, oksitosinin miqdarı hətta sadəcə əl-ələ tutan cütlərdə də yüksəlib, amma öpüşənlərdəki qədər heyrətamiz olmayıb.

2. "Selik mübadiləsi" immuniteti artırır

"Selik" sözü ilk səslənişdə adamı bir az diksindirir, amma öpüşərkən mübadilə olunan ağız seliyi sizi sərt qışın soyuqdəyməsindən qoruya bilər.

2014-cü ildə Microbiome jurnalının sifarişi ilə aparılmış araşdırma göstərib ki, tez-tez öpüşmək və ya elmi dildə desək, tez-tez ağız seliyi mübadiləsini həyata keçirmək öpüşənlərdə müxtəlif viruslara qarşı qarşılıqlı immunitet yaradır.

Hətta belə bir dəlil də var ki, öpüşmək hamilə qadını bətnin utero teratogenesis virusundan mühafizə edə bilər.

"The Telegraph" yazır ki, bu mənada öpüşməyi immun sisteminin gücləndirilməsi proseduru hesab etmək olar.

Bunu da unutmaq olmaz ki, öpüşmənin onca saniyəsi ərzində 80 milyon bakteriya mübadilə olunur. Yəni ağızdan-ağıza keçir.

3. Öpüş sizə uyğun olanı sizdən yaxşı tanıyır

"The Telegraph" yazır ki, öpüşmə tərzi insan haqqında hər hansı təfərrüatlı xasiyyətnamədən daha dəqiq informasiya daşıyır.

Professor Helen Fischer Chemistry.com saytına deyib ki, 58 kişi və 122 qadın arasında aparılmış araşdırma mühüm bir həqiqəti aşkara çıxarıb. Kişilərin 59, qadınların isə 66 faizi deyib ki, ilk öpüş onların qarşı cinslə münasibətə son qoymasının əsas səbəbi olub.

Professior bildirir ki, öpüşmə zamanı partnyor barədə qoxu, dad və əhval-ruhiyyə kimi mühüm informasiyalar alınır. Bütün bu informasiya toplanaraq beyinə gedir və beyin bu öpüş sahibi ilə yaşayıb-yaşamamaq məsələsi barədə qərara gəlir.

4. "Març-murç" kalori yandırır

Öpüşmək də bir növ idmandır. Qucaqlaşma və öpüşmə prosesində üzün 34 əzələsi iştirak edir və hər dəqiqədə 26 kalori yanmış olur. Bu isə o deməkdir ki, 10 dəqiqə öpüşməklə Mars şokoladından alınan kalorini sərf etmək olar.

5. Stresi azaldır

Alimlərin dediyinə görə, öpüş stres hormonu kortizolun miqdarını azaldır.

"The Neurobiology of Love 2005" kitabında deyilir ki, işdə alınmış stresi, evdə öpüşməklə heçə endirmək mümkündür.

6. Öpüşməyə allergiyanız yoxdursa, öpüş allergiya dərmanıdır

Öpüşmək allergiklərə də kömək edə bilər. Amma bunun üçün sevdiyinizlə bir saat-filan öpüşmək lazım gələcək.

Physiology and Behavior jurnalının 2003-cü ilə aid sayında dərc edilmiş yapon tədqiqatının nəticələrində deyilir ki, atopic dermatit və ya allergik rinit (burun qıcılanması) pasientlərinin yaxşı musiqinin müşayiəti ilə yarım saat öpüşməsi bu xəstəliklərin simptomlarını əhəmiyyətli dərəcədə azaldır.

Öpüşün və ən azı aramsız asqırmaqdan xilas olun, yazır qəzet.