Xərcəngin yayılması "şəffaf" siçanlar vasitəsilə öyrənilir

Alim laboratoriyada Fotonun müəllifi Dan Kitwood
Image caption Laboratoriya şəraitində işıqsaçan bədxassəli hüceyrələr yaradılıb.

Yaponiya alimləri xərçəng hüceyrələrinin orqanizmdə nəcə hərəkət edib yayıldığını görməyə imkan verən 3-ölçülü model yaratmağa nail olublar.

Tokio Universiteti və RIKEN bioloji mərkəzinin elmi qrupu yeni texnologiyanın xərçəng xəstəliyinin bədəndə necə yayıldığını anlamağa imkan verdiyini bildirib.

Yeni üsulu hələlik siçanlar üzərində sınaqdan keçirən alimlər ümid edirlər ki, nəticələr insanın onkoloji xəstəliklərinin müalicəsində də faydalı ola bilər.

Xərçəng xəstəliklərinin əksəriyyəti limfa düyünlərində, qaraciyərdə, ağciyərdə və onurğa sütununda metastazların yaranmasına gətirib çıxarır.

Metastaz yaranmamışdan əvvəl xərçəngin bədəndə yayılmasının qarşısını almağa və xəstəni müalicə etməyə ümid qaldığı halda, metastazlar əmələ gəldikdən sonra bunu etmək xeyli çətinləşir.

Xərçəng xəstəliyi inkişaf etdikdə isə, metastazlar bədənin müxtəlif hissələrində, demək olar ki, eyni vaxtda yaranmağa başlayır.

Bəzi hüceyrələr xərçəng şişindən ayrılaraq, bitişdirici toxumalara sızır, qan və ya limfa ilə bədəndə yayılaraq yeni metastazların yaranmasına təkan verir.

Bu prosesin dərindən öyrənilməsi xəstəliyin müalicəsini yeni üsullarla aparmağa imkan verə bilər.

Siçanların büllurlaşdırılması

Laboratoriya şəraitində yaradılmış işıqsaçan bədxassəli hüceyrələr siçanlara yeridilib.

Tədqiqatçılar xəstəliyə inkişaf etmək imkanı verdikdən sonra siçanlara büllurlaşdırıcı kimyəvi reaktiv yeridiblər. Beləliklə şəffaflaşan siçan bədənindəki daxili orqanları müşahidə etmək və xərçəngə məruz qalmış toxumaları müəyyənləşdirmək mümkün olub.

Fotonun müəllifi AFP
Image caption Laboratoriyada siçana, tərkibində bədxassəli hüceyrələr olan məhlul vurulur.

Tədqiqatın nəticələri Cell Reports jurnalında dərc edilib. Məqalədə ağciyər, bağırsaq və qaraciyər xərçəngi kimi xəstəliklər, onların orqanizmdə necə yayıldığı prosesi ətraflı sürətdə izah olunub.

Elmi qrupun üzvü doktor Hiroki Ueda deyib ki, "görüntülər xərçəngə tutulmuş toxumaları kifayətedici dəqiqliklə aşkar edir".

"Onların biçimi və həcmi müəyyən olunur - bu məlumat metastazların izlənməsi və aşkar edilməsi üçün vacibdir", - alim vurğulayıb.

Kimyəvi siqnallar

Hiroki Ueda BBC-ə deyib: "Biz indi həmin texnologiyanı insan nümunələrində də yoxlayırıq. Umid edirəm ki, yaxın gələcəkdə bu texnologiyanın köməyi ilə diaqnozun qoyulması daha asan, obyektiv və dəqiq bir işə çevriləcək".

Tədqiqatçılar xərçəng hüceyrələrinin orqanizmdə necə yayılmasını izləyə biliblər.

Doktor Kohei Miyazono deyib: "Xərçəng hüceyrələrinin əksəriyyəti qan dövranı vaxtı məhv olur və metastaz yarada bilmir".

Lakin xərçəng hüceyrələri sonradan kimyəvi siqnallar yaratmağa başlayır, həmin siqnallar xərçəng hüceyrələrinin inkişafına kömək edir.

Alimlər, TGF-beta adı verilmiş belə siqnallardan birini öyrənərək müəyyən ediblər ki, həmin siqnal ağciyər toxumalarında xərçəng hüceyrələrinin böyüməsini kəskin sürətdə artırır.

"Bu siqnalların bədəndə yayılmaq və yeni bədxassəli ocaqlar yaratmaq şansı daha yüksəkdir," - doktor Miyazono deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş