Britaniya mətbuatı: Səudiyyəyə silah satmaq qadağan edilə bilər

Fotonun müəllifi Getty Images
Image caption Şahzadə Charles 2014-cü ildə Səudiyyə Ərəbistanına səfər edib

Səudiyyəyə silah satmaq qadağan edilə bilər

"The Guardian" yazır ki, Britaniya Səudiyyə Ərəbistanı ilə silah satışı barədə çoxmilyardlıq sazişdən əl çəkməyə məcbur ola bilər.

Ölkənin Ali Məhkəməsi Səudiyyə Ərəbistanıəna silah satışı siyasətinə hüquqi qiymət verməldir.

Bu barədə qərar ikitərəfli münasibətlərin həlledici məqamında qəbul edilib. Hökumət ölkədə terrorçuluğun xaricdən maliyyələşdirilməsinə dair hesabatı gizlətməkdə ittiham edilir. Bu hesabatda Səudiyyə Ərəbistanı terroru maliyyələşdirdiyi söylənən ölkələrin sırasında birinci gəlir.

Səudiyyə ilə əldə olunmuş razılaşmaya görə Britaniya bu ölkəyə təkcə son iki ildə 3 milyard funt sterlinqlik silah satıb.

Səudiyyə bu dövr ərzində aqressiv siyasət yürüdüb. Yəməndə İranın dəstəklədiyi husi qiyamçılarına qarşı bombardman kampaniyası aparılıb. Bu əməliyyatlar minlərlə dinc sakinin həlak olması ilə nəticələnib.

Elə bu müddət ərzində Britaniya hökuməti Səudiyyə Ərəbistanına təyyarələr, dronlar və raketlərin satılması üçün lisenziya verib.

Lakin Silah Ticarətinə qarşı Kampaniya Səudiyyə ilə silah satışı sazişinin Birləşmiş Krallıq və Avropa İttifaqının qanunvericiliklərinə uyğunluğu məsələsini qaldırıb.

BMT palatasının ekspertləri, Avropa Parlamenti və humanitar QHT-lər Yəməndə aparılan bombardman əməliyyatlarını qanunsuz elan ediblər. Bu təşkilatların rəyinə görə bəzi hallarda Səudiyyə aviasiyası dinc sakinləri bilərəkdən hədəfləyib.

Avropa İttifaqının ümumi mövqeyi Birləşmiş Krallığın Səudiyyəyə silah satmasını şübhə altında qoyur.

Silah Satışına qarşı Kampaniyanı təmsil edən Leigh Day hüquq firmasından Rosa Curling deyib ki, hökumətin Səudiyyə Ərəbistanına silah satışı üçün lisenziyalar verməsi qanunsuzdur.

"The Guardian" yazır ki, hökumətə qarşı məhkəmə qərarı ümumilikdə Britaniyanın silah sənayesini çətin vəziyyətə sala bilər. Bu qərardan sonra Londonun başqa ölkələrə silah satışı da ciddi araşdırmaya məruz qala bilər

2015-ci ilin may ayından Britaniya hökuməti Qətərə 140 milyon funt sterlinqlik silah və hərbi avadanlıq satışı lisenziyası verib. Halbuki Qətərin də adı beynəlxalq terrorun maliyyələşdirilməsi ilə bağlı hesabatda çəkilir.

Bundan başqa on minlərlə insanın həbs edildiyi Türkiyəyə silah ixracı tənqid olunur.

Fotonun müəllifi Getty Images
Image caption Chris Christie uşaqların evləndirilməsini qadağan edəcək qanunun insanların din azadlığı ilə ziddiyyət təşkil etdiyini deyib.

ABŞ-da azyaşlıları evləndirirlər

"The İndependent" yazır ki, son 15 ildə Birləşmiş Ştatlarda 200 min uşaq evləndirilib.

Məqalədə deyilir ki, qanunvericilikdəki qüsurdan sui-istdifadə edilməsi nəticəsində evləndirilənlər arasında 10 yaşlı qızlar və 11 yaşında oğlan uşağı da olub.

ABŞ-da evlənmə üçün minimum yaş 18-dir, lakin hər bir ştatın qanunvericiliyində müəyyən istisnalar var. Bu istisnalara, əsasən valideynin razılığı və hamiləlik daxildir.

May ayında New Jersey-nin respublikaçı qubernatoru uşaqların evləndirilməsini qadağan edəcək qanunvericilik aktını imzalamaqdan imtina edib.

Chris Christie deyib ki, bu qanunvericilik insanların din azadlığı ilə ziddiyyət təşkil edir.

"The İndependent" yazır ki, ABŞ-da 2000 və 2015-ci illər arasında 207 min 468 azyaşlı envləndirilib.

Məqalədə deyilir ki, əslində bu rəqəm daha yüksək ola bilər, çünki 10 ştat bu statistika üçün lazım olan informasiyanı verməyib.

Unchained at Last kampaniyasının lideri Fraidy Reiss deyib ki, New Jersey ştatından aldığı məlumatlar onu "titrədib".

Bu ştatda 1995 və 2012-ci illər arasında 3500 uşaq evləndirilib.

2000 və 2015-ci illər arasında ölkə boyunca evləndirilmiş azyaşlıların 7-8 faizini qızlar təşkil edib. Onların əksəriyyətinin yaşı 16 və ya 17 idi.

Tennessee ştatında 10 yaşlı qızları 24, 25 və 30 yaşlarında olan kişilərə ərə veriblər. 2006-cı ildə eyni ştatda 11 yaşlı oğlan 27 yaşlı qadınla evlənib.

Alaska, Louisiana və South Carolina ştatlarında 12 yaşlı uşaqlara evlənmək icazəsi verilib.

Ümumilikdə 14 yaşından cavan 1000-dək uşaq evlənmək icazəsi alıb.

Əksər ştatlarda razılıqlı seks yaşı 16 və 18-dir. Bundan aşağı yaşlılarla cinsi əlaqə zorlama kimi qiymətləndirilə bilər.

"The İndependent" yazır ki, azyaşlıların yalnız 14 faizi azyaşlılarla evləndirilib. Evləndirilənlərin 60 faizi 18-29 yaşlılarla ailə bağı qurub.

Bəzi nadir hallarda uşaqların daha yaşlı adamlarla evlənməsinə icazə verilib.

Məsələn Alabama ştatında 14 yaşlı qız 75 yaşında kişiyə ərə gedib.

Uşaq haqları kampaniyaçıları deyirlər ki, evləndirilən azyaşlıların əksəriyyəti yoxsul ailələrdəndir.

Vəkil Jeanne Smoot "The İndependent" qəzetinə deyib ki, azyaşlıların evləndirilməsi praktikası qadağan olunmalıdır.

Bu barədə daha geniş