Türkiyənin Afrodisias şəhəri UNESCO Dünya İrsi Siyahısına daxil oldu

Afrodisias Fotonun müəllifi Aydın İl Kültür ve Turizm Müdürlüğü

Türkiyədə yerləşən qədim Afrodisias şəhəri bazar günü UNESCO Dünya İrsi Siyahısına daxil olub.

Polşanın Krakov şəhərində keçirilən UNESCO 41 Dünya İrsi Komitəsinin toplantısında Aydının Karacasu vilayətindəki Afrodisias arxeloji ərazisinin UNESCO Dünya İrsi Siyahısına daxil edilməsi barədə qərar qəbul edilib.

UNESCO Türkiyə saytında Afrodisias qədim şəhəri "Yunan-Roma dövrünün memarlıq və şəhər xüsusiyyətlərini çox yaxşı əks etdirən bir yer" olduğu bildirilir.

Şəhərdəki Afrodit məbədi eramızdan əvvəl 3-cü əsrdə, şəhərin özü isə bundan yüz il sonra tikilib.

Afrodisias arxeloji şəhəri və şəhərin şimalındakı mərmər ocaqlarından ibarətdir. Şəhərin zənginliyi bu mərmər ocaqlarından irəli gəlir.

UNESCO Türkiyə saytında şəhərin xüsusiyyətlərindən ən əhəmiyyətlisi kimi "ocaqlardan cıxarIıan mərmərlərdən yerli məktəblərdə istifadə olunan heykəltəraşlıq əsərlərinin yayıldığı Aralıq dənizi hövzəsində qoyduğu dərin mədəni təsirlər" olduğu qeyd edilib.

Afrodisias arxeloji şəhərində məbədlər, bir teatr, bir meydan və iki hamam vardır.

Afrodisias ilə birlikdə Türkiyənin Dünya İrsi Siyahısında varlığının sayı 17 olub.

Afrikalı kölələrin Latın Amerikasında ilk ayaq basdığı yer

UNESCO 41 Dünya İrsi Komitəsi 2 iyuldan bu yana həyata keçirdiyi toplantılarda Türkiyədən başqa digər ölkələrdə yer alan bir çox təbii, tarixi və mədəni gözəllikləri də siyahıya daxil edib.

Bu il UNESCO Dünya İrsi Siyahısına daxil edilən yerlər arasında Brazilyanın Rio de Janeyro şəhərindəki Valongo Rihtimi də var.

Bu ərazi 1811-ci ildə afrikalı kölələrin Latın Amerikasında ilk ayaq basdığı yer olaraq tanınır. Təqribən 900 min afrikalının Valongo Rihitmi üzərindən Latın Amerikasına gətirildiyi ehtimal olunur.

Bu bölgə afrikalı kölələrin Amerika qitəsinə gəlmələrinin fiziki olaraq ən böyük dəlili kimi qəbul edlilir.

Qadınların daxil ola bilmədiyi müqəddəs ada

UNESCO komitəsinin Dünya İrsi Siyahısına daxil etdiyi yerlər arasında Yaponiyanın Okinoşima adası da var.

Okinoşima adası 17-ci əsrdə dənizçilərin qorunması üçün yaradılmış Okitsu Məbədinə ev sahibliyi edir və adaya qadınların daxil olması qadağandır.

Adaya ayaq basmamışdan əvvəl kişilərə bütün paltarlarını soyunaraq dənizdə təmizlənmələri lazımdır.

Ada hər il sadəcə bir gün, 27 mayda ziyarətçi qəbul edir və ziyarətçi sayı 200 nəfərlə məhdudlaşdırılır.

Ziyarətçilər adanı tərk edən zaman heç bir anı özləri ilə götürə bilmirlər. Mərasimin xırdalıqlarını paylaşmaları da qadağandır.

Ziyarət sırasında keçmişdən bu yana tətbiq olunan qaydalara riayət olunur.

Bu barədə daha geniş