Çində şərikli lüks əl çantaları xidməti fəaliyyətə başlayıb

Lüks əşyalar Çin gəncləri arasında çox populyardı. Fotonun müəllifi LAURENT FIEVET/AFP
Image caption Lüks əşyalar Çin gəncləri arasında çox populyardı.

Çində lüks əl çantalarından şərikli istifadə xidməti fəaliyyətə başlayıb.

Rəsmi eNorth saytının xəbər verdiyinə görə, internet istifadəçiləri bundan sonra əl çantalarını kirayəyə götürə bilər.

Bu qayda o cümlədən, Louis Vuitton, Gucci, Chanel və Dior kimi məşhur brendlərə də aiddir.

Bunun üçün istifadəçilər WeChat mobil messenger proqramından istifadə edə bilərlər.

Çantanın keyfiyyətindən asılı olaraq istifadəçilərdən tələb olunan ödəniş 99 yuandan ($15) 1,878 yuanadək ($276) ola bilər. Bu xidməti göstərən Dou Baobao şirkəti istifadəçilərdən çantanın bazar qiymətinin 30-50% məbləği həcmində girov ödənməsini də tələb edir.

Dou Baobao şirkətinin təsisçisi Cheng Kaiwen Securities Daily nəşrinə bildirib ki, bu növ biznesin "iqtisadiyyata və ətraf mühitə" təsiri baxımından üstünlükləri var.

Onun qənaətincə, bu cür xidmət Çin müştərilərinə, getdikcə müxtəlif məmulatlarla daha intensiv sürətdə dolan bazarda saxta və həqiqi mal arasında fərqi hiss etməyə imkan verir.

E-kommersiya sahəsində Çinin aparıcı Alibaba şirkəti 2016-cı ilin dekabrında ABŞ-da saxta malların satışı "yüksək dərəcədə" olan "bədnam bazarlar" siyahısına daxil olunub.

Lüks əşyaların şərikli istifadəsi xidməti ABŞ və Yaponiya kimi ölkələrdə artıq göstərilməkdədir.

Bu arada Sina Weibo mikrobloq saytının istifadəçiləri buna bənzər biznesin Çin-də uğur qazanacağına şübhə bildiriblər.

Çoxları bu cür xidmətin "həqiqi kommunizmə" nə qədər uyğun olduğu barədə sual edirlər.

Digərləri isə, velosiped, telefon batareyasını dolduran cihaz və çətirlərin şərikli istifadə xidmətinin artıq fəaliyyət göstərdiyini xatırladaraq, sual edirlər ki, görəsən, növbəti şərikli xidmət daha hansı əşya ilə bağlı olacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş