Hindistan: kişi arvadını yemək üstündə öldürüb

Xina ilə bəzədilmiş əl

Hindistanda polis, yeməyi gec gətirdiyi üstündə arvadını güllələyən 60 yaşlı kişini həbs edib.

Dehli yaxınlığında yerləşən Ğaziabad şəhərinin polis rəsmisi Rupesh Singh-in BBC-ə bildirdiyinə görə, Ashok Kumar şənbə günü axşam evə sərxoş vəziyyətdə gələrək, arvadı ilə yemək üstündə mübahisə edib.

Mübahisə zamanı ərinin tapançadan açdığı atəş nəticəsində başından güllə yarası alan 55 yaşlı Sunaina hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Kumar törətdiyi cinayəti boynuna alaraq öz əməlindən təəssüfləndiyini bildirib.

"O, hər gün içirdi. Şəhbə günü də evə içib gəlmişdi. Arvadı ilə mübahisə edib. Arvad ərinin evə gündə içib gəldiyindən narazı idi və bu barədə danışmaq istəyirdi. Lakin o, arvaddan yemək gətirməsini istəyirdi", - Singh deyib.

Polis nümayəndəsinin sözlərinə görə, kişi yeməyin gecikdirilməsindən qəzəblənib arvadının başına tapançadan atəş açıb.

Ev zorakılığı Hindistanda son 10 il ərzində qadınlara qarşı ən çox qeydə alınan cinayət növüdür.

BBC müxbirinin sözlərinə görə, ev zorakılığı təkcə Hindistan problemi olmasa da, məhz Hindistanda tez-tez ört-basdır edilir.

Bunun səbəblərindən biri kimi, ölkənin ictimai fikrində ərin arvadını döyməsinə müəyyən hallarda haqq qazandırılmasıdır.

Hökümətin sifarişi ilə keçirilmiş sorğunun nəticələrinə əsasən, kişilərin 54%-dən çoxu və qadınların 51%-dən çoxu hesab edir ki, əgər ərin valideynlərinə hörmətsizlik edilirsə və ya evə və uşaqlara arvad tərəfindən qayğı göstərilmirsə, o zaman arvadın döyülməsinə haqq qazandırıla bilər.

Bəzi respondentlər isə arvadın ər tərəfindən döyülməsinə haqq qazandıran səbəblər cərgəsinə hətta yeməyin duzunun az və ya çox olmasını da əlavə edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş