Guardian: İŞİD-lə müharibədən hələki kürdlər qalib çıxıblar

Mosul Fotonun müəllifi Reuters

"The Guardian" yazır ki, İraq hökuməti Mosulda özünü İslam Dövləti (İD) adlandıran təşkilatın tam məğlubiyyətini elan edib. Lakin, bu, müharibənin yox, döyüşün qazanılması olub, qəzet yazır.

Məqalədə deyilir ki, indi İD-in minlərlə cihadçısı Qərbdə qisas aktları törədə bilər, ancaq ən böyük problem İraqın özünün bütövlüyünün qorunub saxlanması olacaq.

Bəzi şərhçilərin proqnozlarına görə, iraqlılar İD-ə qarşı birləşmişdilərsə, indi, ümumi və birləşdirici düşmənin məğlubiyyətindən sonra onlar qardaş qırğınına sürüklənə bilərlər.

Qəzet yazır ki, İD-lə müharibənin davam etdiyi müddətdə bu təşkilatın məğlubiyyəti zərurəti bütün qalan ixtilafları - regional, etnik və məzhəb qarşıdurmalarını sanki unutdurmuşdu. İndi isə İD-in öz ərazilərindən məhrum olduğu bir vaxtda köhnə gərginliklər bərpa oluna bilər.

Məqalədə deyilir ki, belə problemlərdən biri, xüsusilə də indi son dərəcə kəskinləşəcək.

2014-cü ildə İD Mosulu ələ keçirəndə Ərbilin də eyni taleyi yaşamaması üçün kürd regional hökuməti və kürd qüvvələri Mosulun şərqindəki Ninəva yaylasının böyük ərazilərini ələ keçirdilər. Halbuki bu ərazilər ərəblər və kürdlər arasında mübahisəli torpaqlar sayılırdı. Eyni şey Kərkükdə də baş verdi.

"The Guardian" yazır ki, post-Səddam konstitusiyasına görə bu ərazilərin taleyi referendumla müəyyən edilməliydi, referendum isə daim ləngidilirdi. Amma indi bu ərazilərdə keyfiyyətcə yeni vəziyyət yaranıb. 2014-cü ilədək mübahisəli ərazilərə ərəblər nəzarət edirdilər, indi isə bu əraziləri kürdlər tutublar.

Üstəlik də bu ərazidəki zəngin neft yataqları mübahisənin kəskinliyini artırır. Neftdən gələn gəlirlərin federal büdcədən bölüşdürülməsi məsələsi açıq qalır. Qarşıdansa kürdlərin sentyabrda keçirəcəkləri müstəqillik referendumu gəlir.

Daha bir böyük təhlükə sünni ərəblərlə şiələr arasında mövcud olan düşmənçilikdir. 2014-cü ildə İD Mosulu nisbətən rahat ələ keçirmişdi, çünki yerli ərəblər Bağdaddan incik idilər. Onların bir çoxu hətta Səddamdan sonra yaradılmış İraq ordusuna işğalçı şiə qüvvəsi kimi baxırdılar.

"The Guardian" yazır ki, indi Bağdad hökuməti sünni məsələsinə çox tez bir zamanda həll tapmalıdır. Bağdad həm də yerlə-yeksan edilmiş şəhərin bərpası üçün vəsait tapmalıdır.

Qalan şəhərlərdə də vəziyyət aydın deyil. Fəluca və Ramadi İD-dən azad edilib, lakin Fəlucanın meri hələ də cihadçılardan ehtiyat edərək Ərbildə yaşayır.

Bununla belə vəziyyətin çözümü üçün işıq yeri var. İraqın yeni baş naziri Hayder əl-Abadi xələfi Nuri əl-Malikidən daha barışdırıcı mövqe tutub.

Məqalədə deyilir ki, İraqın şiə liderlərindən də "dövlətçiliksayağı" nidalar eşidilir.

Məşhur şiə ruhanisi Müqtəda əs-Sədr "The Guardian" müxbirinə deyib ki, "İD-in məğlubiyyəti yeni fazanın yalnız başlanğıcıdır".

O deyib ki, İraqın milli müxtəlifliyi ilə fəxr edir, amma bu müxtəliflik gələcəkdə bir sıra etnik azlıqların və dini məhzəblərin soyqırımı ilə nəticələnə bilər.

Ruhani lider təklif edir ki, belə təhlükələri aradan qaldırmaq üçün sünni ruhani liderlər şiələrin, şiə liderlər isə sünnilərin yaşadıqları yerlərə gedib izahat işi aparmalıdırlar. Müqtəda əs-Sədr öz adından şiə silahlıları sünni ərəblərə qarşı zorakılığa yol verməməyə çağırıb. O deyib ki, belə hərəkətlərə yol verənlər çox amansızcasına cəzalandırılacaqlar.

Lakin şiə silahlıların liderləri ölkənin və şəxsi orduların gələcəyi barədə çox yayğın fikirlər söyləyirlər. Məqalədə deyilir ki, bütün bu şəxsi orduların özünü buraxıb nizami orduya qoşulması ən düzgün yol olardı.

"The Guardian" yazır ki, İraqın əl-Qaidə təşkilatına bağlı məzhəb qətllərinin yarası elə də tez sağalmayacaq. İD-ə qarşı döyüşlərdə yüzlərlə İran müşavirinin iştirakı da sünnilər arasına vahimə və anti-İran isteriyası salıb. Bəziləri hətta deyirlər ki, indi İraqı İran idarə edir. Səudiyyənin anti-İran siyasəti isə odun üstünə yağ tökmüş olur.

Məqalədə deyilir ki, bəzi sünni liderlər şiə əl-Abadinin hökuməti ilə əməkdaşlığa başlayıblar. Onları bu işdə ürəkləndirmək lazımdır.

"İŞİD-in məğlubiyyətindən sonra İraq ərəbləri sünni və şiə kimliyinin rol oynamadığı dəyərlərinə qayıtmalı olacaqlar" - deyilir məqalədə.

Bu barədə daha geniş