Britaniya mətbuatı: Trump xəyanət və casusluq ittihamları ilə üzləşə bilər

Fotonun müəllifi Getty Images

Trump xəyanət və casusluq ittihamları ilə üzləşə bilər

"The Guardian" yazır ki, "New York Times" qəzeti ötən ilin yayında ABŞ prezidenti Donald Trump-ın oğlu Donald Trump JR-un bir rusiyalı vəkillə görüşdüyünü açıqladıqdan sonra Amerikada Rusiyanın seçkiyə müdaxiləsinə dair aparılan təhqiqatda dramatik dəyişiklik yarana bilər.

Qəzetin yazdığına görə, Manhattandakı Trump Tower otelində baş vermiş bu görüşdə Trump-ın kürəkəni Jared Kushner və Trump seçki kampaniyasının rəhbəri Paul Manafort da olublar.

Rusiyalı vəkilin Nataliya Veselnitskaya olduğu bilinir. O da bilinir ki, bu vəkil ABŞ-ın Rusiyada insan haqlarını pozanları hədəfləyən qanununun Konqresdən keçməməsi üçün lobbiçilikdə iştirak edib.

Bu da bəlli olub ki, görüş, 2013-cü ildə Trump-ın gözəllik yarışına Moskvada ev sahibliyi etmiş Emin Ağalarovun təşkilatçılığı ilə baş tutub. Rusiyalı-azərbaycanlı biznesmen Araz Ağalarovun oğlu olan Emin Britanıyanın musiqi agentlərindən biri olan keçmiş bulvar qəzeti jurnalisti Rob Goldstone-la əlaqəyə girib.

Ötən çərşənbə axşamı oğul Donald Trump özünün Rob Goldstone-la email mübadiləsini dərc edib. "The Guardian" yazır ki, bu emaillər ifşaedicidir.

Emin Ağalarov indicə zəng etmişdi…

3 iyun 2016-cı ildə Goldstone yazırdı: "Emin indicə mənə zəng etdi və maraqlı bir məsələ ilə bağlı sizinlə əlaqə yaratmağımı istədi. O deyirdi ki, Araz Rusiyanın baş prokuroru ilə görüşüb və bildirib ki, o Hillary-ni və onun Rusiya ilə əlaqələrini ifşa edəcək bəzi rəsmi sənəd və informasiyalara malikdir və bunlar sizin atanız üçün çox faydalı ola bilər".

Goldstone əlavə edir: "Bu, açıq-aşkar çox yüksək səviyyəli və həssas informasiyadır, lakin Rusiya hökumətinin cənab Trump-a dəstəyinin bir hissədir. Bu işdə Araz və Emin yardımçı olublar".

Belə görünür ki, oğul Trump bu xəbəri yaxşı qarşılayıb. O 17 dəqiqə sonra cavab emaili yazıb və bildirib ki, təklifi yüksək qiymətləndirir: "Bu sizin dediyiniz kimidirsə, mən bunu xüsusilə də yayın axırında çox xoşlayardım".

Bundan sonra Goldstone-dan gələn məktublar Veselnitskaya ilə görüşün iyunun 9-a təyin edildiyindən bəhs edir. Goldstone yazır ki, Veselnitskaya "Rusiya hökumətinin vəkilidir və Moskvadan ora uçur".

Belə bir müqəddimə verdikdən sonra "The Guardian" bütün bu məlumatlardan yaranmış vəziyyətin təhlilini verir:

Bütün bunlar nə dərəcədə ciddidir?

Çox ciddidir. Belə görünür ki, bu əlbirliyin olmasının ilk konkret sübutudur. Hazırda FTB-nin xüsusi prokuroru Bob Mueller Trump kampaniyasının 2016-cı il seçkisi dövründə Rusiya ilə əlaqəyə girməsi məsələsini araşdırır.

Hələ 2015-ci ildə Britaniyanın baş kəşfiyyat orqanı Trump-ın yaxın çevrəsinin Rusiya agentləri ilə şübhəli əlaqələrə girdiyini müşahidə etmişdi. Bu görüşlər Londonda və Avropada baş verirdi və 2016-cı ildə də davam etdirilmişdi. Bu arada isə Trump-ın vəzifəli fiqurları Rusiya səfiri Kislyakla söhbətlərdə olublar.

Trump israr edirdi ki, bu əlaqələrin heç biri işbirliyi anlamına gəlmir. Lakin indi oğul Trump-ın Goldstone-la yazışması isbat edir ki, Rusiya vəkili ona Clinton-a dair "həssas" və kompromat məlumat gətirməliymiş.

Bəlkə də hadisə baş verməyib. Lakin oğul Trump-ın emailində niyyət var. O bu görüşdən imtina edə bilərdi və yaxud bu barədə FTB-ni məlumatlandırmalıydı. O bunların heç birini etməyib. Bu görüşün baş tutması isə göstərir ki, Trump-ın kampaniyasındakı adamlar Kremldə Clinton-a dair çirkli materialın olmasına inanıblar.

Görüşün vaxtı nədənsə xəbər verirmi?

Əslində görüşün günü - 9 iyun 2016-cı il kritik tarixdir. Bu görüş Rusiyanın iki xüsusi orqanının Demokratik Partiyanın serverlərinə haker hücumundan iki gün sonra baş tutub. Elə həmin gün Trump Clinton-a onun emailləri mövzusunda hücuma keçib və tvit yazıb: "Sizin sildiyiniz 33 min email hardadır?"

Bunun ardınca iyul ayında WikiLeaks Demokratik Milli Konqresin 20 min emailini internetə buraxıb. İyulun 22-də Floridada keçirilən mətbuat konfransında isə Trump deyib: "Rusiya, əgər sən məni eşidirsənsə, ümid edirəm ki, itmiş 30 min emaili tapa biləcəksən".

Bu hüquqi baxımdan nə deməkdir?

Hüquqi baxımdan bu, Trump-ı çətin vəziyyətdə qoyur. Əgər prokuror Mueller bu faktda fəal əlbirliyin olduğunu qət etsə, ABŞ prezidentini dövlət xəyanəti və casusluq ittihamları gözləyə bilər.

Əgər hətta bu baş verməsə də, əcnəbilərdən kömək alınması qarşısında ciddi məhdudiyyətlər mövcuddur. Kömək dedikdə, əsasən pul nəzərdə tutulur, lakin bu kömək rəqib barədə ziyanlı informasiya da ola bilər.

Ortalıqda böyük bir qəsd sualı var. Demokratların emaillərini oğurlayan Rusiya hakerləri cinayət əməli törədiblər. Onlarla bağlılığı olan, bu cinayətdən fayda götürmək istəyən hər bir kəs bu qəsdin iştirakçısına çevrilir.

Kreml bu görüşdən nə istəyirdi?

"The Guardian" yazır ki, 2012-ci ildə Obama administrasiyası hər iki partiyanın dəstyi ilə Magnitsky Act deyilən qanunu Konqresdən keçirmişdi. Bu qanun Rusiyanın bir sıra rəsmilərinə qarşı sərt sanksiyalar qoyur. Bu qanun Vladimir Putini qəzəbləndirmişdi.

O vaxtdan bəri Kremlin qarşısına qoyduğu əsas məqsədlərdən biri bu sanksiyaların qaldırılmasıdır. Veselnitskayanın oğul Trump-la görüşü də bu cəhdlərin bir hissəsi ola bilərdi.

FTB nələri bilir?

Kreml iddia edir ki, Veselnitskaya ilə heç bir əlaqəsi yoxdur. Bu iddiaya inanmaq çətindir. Moskva bir qayda olaraq "nüfuz əməliyyatlarında" oliqarxlardan və üçüncü tərəflərdən istifadə edir ki, sonradan bunları danmaq mümkün olsun.

Moskva bu məqsədlə DMK-nın emaillərini faş etmiş WikiLeaks-dən istifadə edib. İndi isə belə görünür ki, Ağalarovlardan istifadə olunub. Kremlin lobbiçisi kimi tanınan Veselnitskaya böyük bir ehtimalla ABŞ kəşfiyyat orqanlarının müşahidəsi altında olmalıydı.

ABŞ bundan əvvəl ona viza verməkdən imtina etmişdi. Bu mənada demək olar ki, FTB hətta oğul Trump onları dərc etdirməzdən əvvəl də email zəncirindən xəbərdar idi. Bu emailləri oxuyan üç mənbə onlar barədə bu həftə New York Times qəzetinə məlumat verib.

Trump Britaniya Baş Hökumət Kommunikasiyaları Qərargahını Obama adminsitarsiyası üçün casusluq etməkdə günahlandırır. Bu iddia doğru deyil. Trump-ın adamlarının izlənməsinə o səbəb ola bilərdi ki, onların Rusiyanın bəlli kəşfiyyat əməliyyatçıları ilə görüşmələri diqqət çəkmişdi.

Biz indiyədək nələri bilirik?

Oğul Trump bu görüş barədə bir-birindən fərqli izahlar verib. O əvvəlcə deyib ki, görüşdə rusiyalı uşaqların övladlığa götürülməsi müzakirə olunmalıymış.

Lakin qarşısına daha çox dəlillər qoyulduqdan sonra o, sözünü dəyişib və deyib ki, ona Clinton barədə kompromat vəd edilibmiş. Kremlin bu görüşdən nə istədiyi bəlli deyil. Amma e-maillərdən belə başa düşmək olar ki, son məqsəd Trump-a kömək etmək olub.

Fotonun müəllifi AFP

Avropa İnsan Haqları Məhkəməsi müsəlman qadınların niqab şikayətini rədd edib

"The İndependent" yazır ki, Avropa İnsan Haqları Məhkəməsi Belçikada burqaların və üzü tamamilə örtən başqa islami niqabların qadağan edilməsini dəstəkləyən hökm çıxarıb.

Avropa Məhkəməsinin hakimləri bidliriblər ki, ölkə boyunca 2011-ci ildən tətbiq olunan bu qadağan şəxsi və ailə həyatı haqlarını və din azadlığını pozmur.

Məhkəmənin hökmündə deyilir ki, Belçika "birgə yaşayış" prinsiplərinin bərqərar edilməsi, habelə başqalarının hüquq və azadlıqlarının təmin olunması məqsədilə məhdudiyyətlər qoymaqda haqlıdır.

Avropa Məhkəməsinin qərarında bu da deyilir ki, Belçika onun cəmiyyəti ilə ziddiyyət təşkil edən praktikaları qadağan etməklə sosial ünsiyyətin və insanlararası münasibətlərin qurulmasına şərait yaradıb və bunlar fəaliyyətdə olan demokratiya üçün vacib amillərdir.

Avropa Məhkəməsi Belçika ilə bağlı iki apellyasiya şikayətini rədd edib. Bunlardan biri ölkə boyunca qadağana, digəri isə üç bələdiyyənin 2008-ci ildə qəbul etdiyi yasaqlara aid idi.

Birinci şikayəti iki müsəlman qadın - Samia Belcacemi və Yamina Oussar vermişdilər. Onlar bundan əvvəl burqa və başqa müsəlman qadın örtüklərini qadağan edən qanunun ləğvi üçün Belçikanın Konstitusiya Məhkəməsinə müraciət etmişdilər.

Onlar şikayət ərizələrində qadağanın bir müsəlman qadın kimi onların həyatını necə təsirləndirdiyindən yazmışdılar. Qadınların şikayəti spesifik olaraq gözlər istisna olunmaqla üzü tamamilə örtən niqab və ya rubəndin qadağanı ilə bağlı idi.

Xanım Belcacemi deyib ki, o əvvəllər rübəndlə ictimai yerlərə gedirmiş, lakin sonradan həbs və ya cərimə olunacağından qorxaraq niqabını çıxarıb. Xanım Oussar isə deyib ki, qadağan onu evdən çölə çıxmamağa məcbur edib.

İkinci şikayət ərizəsi isə Fuziya Dakir tərəfindən verilmişdi və Pepinster, Dison və Verviers bələdiyyələrindəki qadağan barədə idi. Bu bələdiyyələr qadağanı hətta ümumölkə qadağanı qanunundan üç il əvvəl qəbul etmişdi.

Qadın iddia edirdi ki, üzünü niqabla örtməsi onun Avropa İnsan Haqları Konvensiyasından qaynaqlanan hüququdur.

Göründüyü kimi Avropa Məhkəməsi bu iddia ilə razılaşmayıb.

Bu, Avropa məhkəmələrinin müsəlman örtüklərinin qadağanı ilə bağlı çıxardığı ilk hökm deyil.

Ötən mart ayında Avropa Ədalət Məhkəməsi şirkətlərin öz işçilərinə baş örtüyünü qadağan etməsinə icazə verən hökm çıxarıb.

Bu arada Avropa boyunca müsəlman qadınlarının baş, üz və bədənlərini örtən geyimlərin qadağanı barədə qanunların qəbulu davam edir.

Belçika və Bolqarıstanda tam qadağan, İtaliya, İspaniya, Danimarka və İsveçrədə isə qismən və ya regional qadağanlar qüvvədədir.

Almaniya, Avstriya və Hollandiya parlamentləri üzü tamamilə örtən müsəlman niqablarının qadağanına səs veriblər.