Trump oğlunun rusiyalı vəkillə görüşündən "xəbərsiz olub"

Trump Fotonun müəllifi Getty Images

ABŞ prezidenti Donald Trump-ın oğlu Trump-ın seçki kampaniyasına kömək edə biləcəyini deyən rusiyalı vəkillə görüşü barədə atasına heç nə demədiyini bildirib.

Donald Trump-ın oğlu görüşü "heç nə" adlandırıb, amma əlavə edib ki, görüşlə bağlı fərqli davranmalı idi.

O, Hillary Clinton-a xələl gətirən materiallara sahib olduğunu deyən və Kreml ilə bağlı olduğu iddia edilən vəkil ilə görüşmək təklifini qəbul etdiyini göstərən elektron məktubları yayıb.

ABŞ rəsmiləri Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi iddialarını araşdırır.

Seçiləndən bəri, prezident Trump Rusiyanın xanım Clinton-un kampaniyasını pozmağa cəhd etməsi ittihamları ilə üzləşib.

Həm cənab Trump, həm də Rusiya bu ittihamları dəfələrlə təkzib edib.

Oğul Trump Fox News kanalına rusiyalı vəkillə ötən il baş tutan görüş barədə deyib ki, "bu 20 dəqiqəlik vaxt sərfiyyatı olub".

Məlumata görə, oğul Trump Hillary Clinton-u ifşa etmək üçün Rusiyadan sənədlər vəd edən britaniyalı musiqi agenti Rob Goldstone-dan e-mail alıb.

Bundan sonra 2016-cı ilin iyun ayında oğul Trump, prezident Trump-ın kürəkəni Jared Kushner və Trump-ın seçki kampaniya sədri Paul Manafort rusiyalı vəkil Natalia Veselnitskaya ilə New York Trump Tower-də görüşüblər.

Twitter hesabında paylaşdığı şəxsi emaillərdə, oğul Trump Rob Goldstone-un Azərbaycan əsilli Rusiya milyarderi Araz Ağalarovun Rusiya hökumətindən Hillary Clinton barədə aldığı sənədləri cənab Trump-ın prezidentlik kampaniyasına dəstək olaraq paylaşmaq istədiyini bildirib.

Fox News-a müsahibəsində oğul Trump fərqli davranmalı olduğunu desə də, öz hərəkətlərini müdafiə edib.

Prezident Trump oğlunun müdafiəsi üçün qısa bəyanatla çıxış edərək onu "yüksək keyfiyyətli insan" kimi xarakterizə edib və oğlunun şəffaflığını alqışlayıb.

Cənab Goldstone əvvəllər Rusiya hökumətinin ABŞ seçkilərinə müdaxiləsi barədə məlumatsız olduğunu deyib.

Xanım Veselnitskaya bəyan edib ki, o, heç vaxt xanım Clinton barədə zərərli məlumatlara sahib olmayıb və onun Kremllə heç bir əlaqəsi yoxdur.

Cənubi Carolina-nın respublikaçı senator Lindsey Graham yayımlanmış elektron məktubları "çox narahatverici" adlandırıb.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ən yüksək vəzifəli demokrat Adam Schiff oğul Trump və görüşün digər iştirakçılarının komissiya qarşısında ifadə verməsini istəyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş