Antarktidadan nəhəng aysberq qopub

Aysberq Fotonun müəllifi NASA/SUOMI NPP/SIMON PROUD
Image caption Aysberqin Nasa-nın Suomi NPP peykindən çəkilmiş görüntüsü.

Antarktidada qeydə alınmış ən nəhəng aysberqlərdən biri buz şelfindən qopub.

Nəhəng buz dağının tutduğu sahə təxminən 6000 kvadrat km təşkil edir.

Bu isə o deməkdir ki, misal üçün, 5765 kvadrat km ərazisi olan Bruney kimi bir dövlət həmin ərazidə rahat yerləşə bilər.

Qopmuş aysberqi ABŞ peyki çərşənbə günü Larsen C adlı buz şelfi üzərindən uçarkən müşahidə edib.

Alimlər üçün bu buz dağının qopması gözlənilən hadisə idi.

Onlar 10 ildən də artıq müddət ərzində Larsen C şelf buzlağında yaranmış çatın inkişaf etməsini müşahidə ediblər.

Çatın dərinləşməsi 2014-cü ildən başlayaraq sürətlə davam edib.

Nəticədə buz dağının buzlağın əsas hissəsindən qopacağı qaçılmaz olub.

Larsen C şelf buzlağı Antarktidanın şimalında mühüm mövqe tutan şelf buzlağıdır.

Qalınlığı 200 metr olan yastı formalı aysberqin yaxın müddət ərzində uzaqlaşma sürətinin yüksək olmayacağı zənn edilir.

Qopmuş aysberqin dəniz axınları və küləyin təsiri altında Antarktikanın şimalına doğru hərəkət edəcəyi istisna olunmur.

Belə olacağı təqdirdə həmin buz dağının bu zonada hərəkət edən gəmilər üçün risk mənbbəyinə çevriləcəyi qeyd olunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş