Yeni Trump-Rusiya qalmaqalında Ağalarovların rolu nə olub? 5 suala cavab

Fotonun müəllifi Getty Images
Image caption Emin və Araz Ağalarov

1) Ağalarovlar kimdir?

Araz Ağalarov 1955-ci ildə Bakıda doğulub və 1977-ci ildə Bakı Politexnik Universitetində kompüter mühəndisliyini bitirib. 1983-cü ildə, o N. M. Şvernik Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbində təhsilinə davam etmək üçün ailəsi ilə birlikdə Moskvaya köçüb.

1989-cu ildə, o, Crocus İnternational şirkətini təsis edərək, ilk dəfə ABŞ-lı biznes müttəfiqlərilə Sovet İttifaqında kompüter sənayəsinə həsr olunmuş ticarət sərgisi keçirib.

Daha sonra daşınmaz əmlak səhasinə əl atan Crocus şirkəti bu sahədə Rusiyada ən mühüm şirkətlərdən biri olub və cənab Ağalarovu Rusiyanın ən varlı iş adamlarından biri edib.

Forbes jurnalının qiymətləndirməsinə əsasən, Araz Ağalarov hazırda Rusiyanın ən varlı şəxslərindən biridir və 1,9 milyard dollardan artıq sərvəti var.

2013-cü ildə Donald Trump-a məxsus olan Miss Universe (Miss Kainat ) gözəllik müsabiqəsini Moskvaya gətirən Araz Ağalarov, bu dövrdə Donald Trump-la tanış olub.

Hazırda cənab Ağalarovun Crocus şirkəti Rusiyanın ev sahibliyi edəcəyi 2018 Dünya Futbol Kuboku üçün iki stadion tikir. Hər stadionun dəyəri təxminən 18 milyard rubldur.

1979 təvəllüdlü Emin Ağalarov, ailəsi ilə birlikdə Moskvaya 1983-cü ildə köçüb. Məktəbi İsveçrədə bitirən Emin, ali təhsilinə ABŞ, New York-da yerləşən Marymount Manhattan College-də davam edib.

Crocus şirkətində Ticarət Direktoru vəzifəsinə 2001-ci ildə təyin edilən Emin, 2014-cü ildən bəri Crocus Group-un Birinci İdarəçi Vitse-Prezidentidir.

Emin Ağalarov 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva ilə evlənib. Lakin iki oğlu və övladlığa götürdükləri bir qızları olan cütlük, 2015-də bir-birindən ayrıldıqlarını elan ediblər.

Şəxsi həyat və ailəvi biznes fəaliyyətindən başqa, artıq bir neçə ildir ki, Emin həmçinin peşəkar ifaçı karyerasını təqib edir.

Qaynanası və Azərbaycanını hazırki birinci vitse-prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə keçirilən Eurovision 2012-də, o, müsabiqənin fasiləsində bir mahnı ifa edib.

İndiyədək onun səkkiz musiqi albomu buraxılıb.

Fotonun müəllifi Getty Images
Image caption Qalmaqal oğul Donald Trump-ın Twitter hesbında paylaşdığı şəxsi emaillərlə başlayıb

2) Ağalarovlara qarşı olan iddialar nədir?

Çərşənbə axşamı Donald Trump-ın böyük oğlu, Oğul Donald Trump, Twitter hesabında britaniyalı musiqi agenti Rob Goldstone ilə email yazışmalarını paylaşıb. O, bunu New York Times qəzetinin emailləri əldə etdiyi və dərc edəcəyini eşitdikdən sonra edib.

Keçən ilin iyun ayında baş vermiş yazışmalarda, cənab Goldstone Donald Trump-ın oğluna Rusiyadan aldığı məlumatı çatdırır.

"Sabahın xeyir, Emin indicə zəng edib maraqlı məlumatla məndən səninlə əlaqə saxlamağımı xahiş etdi", cənab Goldstone yazır.

"Rusiyanın Kral Prokuroru bu səhər Eminin atası Arazla görüşüb və görüşdə prokuror sənin atana kömək etmək üçün Hillary Clinton-un Rusiya ilə əlaqələrində cinayət əlamətlərini göstərən bəzi rəsmi sənədlər və məlumatları ötürməyi təklif edib."

"Bu həssas məlumat, Emin və Araz Ağalarovun köməyilə, Rusiya və onun hökumətinin cənab Trump-a dəstəyini göstərir", cənab Goldstone əlavə edib.

Rusiyanını Kral prokuroru yox, Baş prokuroru var. Kral Prokuror Xidməti Britaniyada faəliyyət göstərir.

2015-ci ildə Rusiyanın Baş prokruroru Yuri Çayka və onun ailəsinə qarşı korrupsiya iddiaları müxalifət lideri Aleksey Navalnının təsis etdiyi qurum tərəfindən dərc edilmişdi.

Növbəti həftə, Rusiyanın Kommersant qəzetində "Şəxsi düşüncəm" başlıqlı məqalədə, Araz Ağalarov bu iddiaları rədd edərək, Yuri Çayka və ailəsini müdafiə etmişdi.

Oğul Trump-ın emailləri dərc edildikdən sonra, Aleksey Navalnı bu məqaləni bir daha dərc edərək, cənab Çayka və Ağalarov arasında sıx əlaqənin olduğunu iddia edib.

Fotonun müəllifi Getty Images
Image caption Emin və Araz Ağalarov Donald Trump-a məxsus olan Miss Universe gözəllik müsabiqəsini 2013-cü ildə Rusiyaya gətiriblər

3) Ağalarovlar Trump və ailəsilə necə tanış olublar?

2013-cü ildə, o zaman Donald Trump-ın sahib olduğu, Miss Universe (Miss Kainat) adlı gözəllik müsabiqəsi ilk dəfə Rusiyada keçirilmişdi.

Müsabiqəni Rusiyaya gətirən və onun keçirilməsi üçün cənab Trump-a təxminən 14-20 milyon dollar arasında məbləği ödəyən Araz Ağalarov olub.

Müsabiqə üçün Moskvaya səfər edən Donald Trump, daha sonra Araz Ağalarova Twitter-də yazıb: "Mən sən və ailənlə əla həftəsonu keçirdim. Sən ƏLA bir iş gördün. TRUMP QÜLLƏSİ - MOSKVA növbətidir. EMİN ƏLA idi! (11 noyabr 2013).

Eyni dövdrdə, Donald Trump Emin Ağalarovun müsabiqə ilə bağlı çəkdiyi musiqi videosunda iştirak edib.

Fotonun müəllifi Getty Images
Image caption Forbes jurnalına bu ilin mart ayında verdiyi müsahibədə isə, Emin Ağalarov Donald Trump-ın inaqurasiyası zamanı oğul Trump-la əlaqədə olduğunu bildirib

4) Bəs bu əlaqələr necə davam edib?

2014-cü ilin sonunda, Emin Ağalarov 35 yaşına həsr etdiyi videoda Donald Trump-dan aldığı şəxsi təbrik mesajını yerləşdirib:

"Emin, mən inana bilmirəm ki, sənin 35 yaşın olacaq! Sən getdikcə qocalırsan, amma sən qalibsən, sən çempionsan. Sən daşınmaz əmlak sahsində əlasan və doğrudan da insanları əyləndirə bilirsən. 35-ci ad gününü təbrik edirəm..."

2016-cı ilin sonunda, Rusiya televiziyasına müsahibə verən Emin Ağalarov Donald Trump-ın oğulları, Donald və Eric-lə "tez tez" görüşdüyünü deyib.

"Biz həmişə bir birimizlə yazışırıq", o, əlavə edib.

Forbes jurnalına bu ilin mart ayında verdiyi müsahibədə isə, Emin Ağalarov Donald Trump-ın inaqurasiyası zamanı oğul Trump-la əlaqədə olduğunu bildirib və Trump-la birlikdə Rusiyada Trump-ın adını daşıyan binanın tikintisinə dair ilkin müqavilə imzalandığını bildirib.

Lakin cənab Trump-ın prezidentliyə seçilməsi bu planları dayandırıb.

Oğul Donald Trump-ın yaydığı emaillərlə aydındir ki, Ağalarov və Trump ailələri arasındakı əlaqələr hələ də möhkəmdir.

Fotonun müəllifi Getty Images
Image caption Leyla Əliyevaya 9 il evli olan Emin Ağalarovun vəkili CNN-ə Eminin musiqi agentinin paylaşılan emaillərdə Ağalarovlar barədə verdiyi məlumatları "cəfəngiyyat" adlandırıb

5) Ağalarovların Trump-Rusiya qalmaqalına münasibəti nədir?

Emin və Araz Ağalarov bu mövzu barədə mətbuata şərh verməkdən çəkinirlər.

Oğul Donald Trump və Rusiya hökumətini təmsil etdiyi iddia edilən rusiyalı vəkil Nataliya Veselnitskaya arasında görüşü təşkil edən musiqi agenti Rob Goldstonde əvvəla Emin Ağalarovun bu barədə şərh vermək istəmədiyini deyib.

Lakin daha sonra, cənab Goldstone özü artıq mətbuatın müraciətlərinə cavab verməməyə başlarıb.

Əvəzində, çərşənbə günü ABŞ-ın CNN telekanalına Ağalarovlar ailəsinin vəkili Scott Balber müsahibə verib.

Müsahibədə, o, cənab Goldstone-un emaillərdə yalan dediyini və "çaşdığını" bildirib.

Email yazışmasında Emin Ağalarov və oğul Donald Trump-la təşkil olunan telefon zənginin baş vermədiyini bildirən vəkil, Emin Ağalarovun sadəcə bir tanışı olan xanım Veselnitskaya və oğul Donald Trump-la ünsiyyət yaratmaq istədiyini deyib.

Cənab Balber buna səbəbin, xanım Veselnistkayanın Maqnitski qanunua qarşı apardığı kampaniyasına dəstək göstərmək olduğu deyib.

"Sizin müştəriniz cənab Goldstone-u nə vaxt işdən çıxarıb?", CNN müxbiri soruşur.

"Məndə onun işdən çıxarılması barədə məlumat yoxdur, niyə işdən....",

"Bu kişi sizin müştəriniz barədə bu cür yalan deyir və o, onu hələ də agenti kimi işindən çıxarmayıb?", müxbir qayıdır.

Lakin vəkil buna cavabında deyir ki, "biz bu emaili yalnız dünən gördük" və hələ hadisədən heç 24 saat keçmədiyini bildirir.

Emin Ağalarovun agentinin və öz musiqi karyerası barədə hələ qərar vermədiyini deyən vəkil Ağalarovların emaillərdəki iddialardan çox narahat olduqlarını və iddiaların "cəfəngiyyat" olduğunu təkrar edir.

Bu barədə daha geniş