Britaniya mətbuatı: Rusiya Gürcüstan ərazisini "xəlvətcə və metr-metr" işğal edir

Fotonun müəllifi AFP

Rusiya Gürcüstan ərazisini "xəlvətcə və metr-metr" işğal edir

"The İndependent" yazır ki, Rusiya öz sərhədlərindən birini yüzlərlə metr xəlvətcə Gürcüstan ərazisinə "itələyərək" faktiki olaraq torpaq işğal edir.

Xəbər verildiyinə görə, ötən həftə Donald Trump-la Rusiya prezidenti Putinin görüşü ərəfəsində Rusiyanın sərhəd qoşunları Rusiya sərhəd nişanlarını işğal edilmiş Cənubi Osetiyanın ərazilərinə doğru keçiriblər.

Gürcüstanın Milli Təhlükəsizlik Agentliyi bildirib ki, bu hərəkət qanunsuzdur və onun nəticəsində Qori bələdiyyəsindəki fermerlər ziyana düşüblər.

Agentliyin bəyanatında deyilir ki, bu, "sərhədləşdirmə" deyilən qanunsuz prosesin davam etdirilməsidir və nəinki yerli sakinlərin təməl haqlarını pozur, üstəlik bölgədəki təhlükəsizlik vəziyyəti üçün hədə yaradır.

Gürcüstan prezidenti Giorgi Margelaşvili bu hərəkətdən hiddətləndiyini bildirib və beynəlxalq birliyi bu hadisəni pisləməyə çağırıb.

O deyib ki, Gürücüstan bu qanunsuzluğa son qoyulması üçün imkanındakı bütün diplomatik vasitələrdən istifadə edəcək.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi naziri Ketevan Tsixelaşvili deyib ki, bu hərəkəti öz adı ilə, yəni "açıq və dinamik işğal prosesi" adlandırmaq lazımdır.

Nazir bildirib ki, əslində Moskva eyni hərəkəti 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən bəri davam etdirir.

Tsixelaşvili deyib ki, "biz Gürcüstan ərazisinin hər cür hasarlardan, lövhələrdən və tikanlı məftillərdən təmizlənməsi üçün əlimizdən gələni edirik".

Nazir əlavə edib ki, Rusiyanın bu hərəkəti bir çox Gürcüstan fermerlərinin öz sahələrinə girişini mümkünüz edib.

ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi Kurt Volker Qərbi, Moskvanın təcavüzünü dayandırmağa çağırıb.

O BBC 4 radiosuna deyib ki, Rusiya hazırda zəif vəziyyətdədir, lakin bu zəifliyində də təcavüzünü dayandırmır.

Volker-in qənaətinə görə, buna əsas səbəb Qərbin sükut etməsidir.

1991-ci ildə Sovet İttifaqı dağılarkən Gürcüstanın şimalında ona məxsus Cənubi Osetiya Tbilisidən müstəqil olduğunu elan etmişdi. Bunun ardınca Gürcüstanın şimalında separatçı müharibə başlanmışdı. 2008-ci ildə Rusiya Cənubi Osetiya xalqının müdafiəsi bəhanəsilə bu əraziyə öz qoşununu yeritdi.

O vaxt ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənən Gürcüstan bəyan etmişdi ki, Rusiyanın əməliyyatı əslində açıq-açkar işğal aktı olub.

Gürcüstanla qısa müharibədən sonra Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Rusiyadan başqa bu diplomatik addımı atan bir neçə kiçik ölkələr olub.

Rusiyanın tənqidçiləri deyirlər ki, onun Cənubi Osetiayada törətdiyi müharibə, əslində 2014-cü ilin martında Ukraynanın Krım yarımadasının işğal edilməsi üçün hazırlıq məşqi idi.

Fotonun müəllifi EPA

Donald Trump-ın impiçmentinə ilk çağırış edildi

"The Telegraph" yazır ki, prezident Donald Trump-ın impiçment edilməsinə dair ilk konqresmen təşəbbüsü qaldırılıb.

Kaliforniyadan olan demokrat millət vəkili Brad Sherman prezidenti Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsinə dair təhqiqata mane olmaqda ittiham edir.

Millət vəkili parlament təşəbbüsündə bildirir ki, Trump-ın FTB rəhbəri James Comey-i vəzifəsindən azad etməsi ədalətə maneə kimi dəyərləndirilməlidir.

Məqalədə deyilir ki, bu təşəbbüsdən dərhal nəsə hasil olacağını gözləmək düzgün olmazdı.

Hazırda Konqresdə çoxluğa malik olan respublikaçılar öz partiyalarından olan prezidentə qarşı çıxmaq üçün həvəs göstərmirlər, digər tərəfdən isə Sherman-ın təşəbbüsü hələlik heç öz demokrat partiyadaşları tərəfindən də qəbul olunmur.

Lakin Brad Sherman ümidini itirmir. 62 yaşlı millət vəkili deyib ki, onun təşəbbüsü "uzun yolun yalnız başlanğıcıdır".

"Fəqət prezidentin çılğın səriştəsizliyi belə davam edərsə, qarşıdan gələn aylarda çox-çox respublikaçılar da mənim təşəbbüsümə qoşulacaqlar" - deyib millət vəkili.

Məqalədə deyilir ki, Konqresdəki demokrat liderlər hələlik impiçment söhbətlərindən aralı dayanırlar. Onlar düşünürlər ki, impiçment söhbətinin qabardılması yalnız Trump tərəfdarlarını səfərbər edəcək.

Hələliksə Sherman-ın təşəbbüsünü yalnız bir millət vəkili - Texasdan olan demokrat Al Green bölüşdürür.

Hazırda əksər millət vəkilləri bu qənaətdədirlər ki, prezident yalnız xəyanət və korrupsiya kimi ittihamlarla impiçment edilə bilər. Bu ittihamlar isə Trump-a qarşı irəli sürülməyib.

Ədalətin qarşısının alınması impiçment üçün əsas olmaya da bilər.

Fotonun müəllifi SHUTTERSTOCK

İngiltərə küçələrində tülkülər gəzirdi, indi də qabanlar gəlib

"The Telegraph" yazır ki, polis İngiltərənin Gloucester şəhərinin mərkəzində gecə vaxtı gəzən vəhşi çöldonuzunun təhlükəsizlik kamerası tərəfindən çəkilmiş videosunu yayınlayıb.

Xəbər verilir ki, ilk dəfə ötən çəşənbə axşamı gecə görünən heyvanı hələki tutmaq mümkün olmayıb.

Yerli polisin Twitter hesabına qoyulmuş fotonun altında belə bir sorğu var idi: "Siz donuzunuzu itirməməsiniz ki? İtirmisinizsə o dünən gecə şəhər mərkəzində cövlan edirdi".

Lakin yerli sakinlər çox tezliklə bu sorğuya cavab olaraq bildiriblər ki, şəkildəki vəhşi çöldonuzudur və şəhər mərkəzinə yaxınlıqdakı meşədən gəlmiş ola bilər.

Yerlilərdən biri - Ian Hatton Facebook-da yazıb: "Bu donuz deyil, çöldonuzudur. Vəhşi heyvandır. Belə heyvanın şəhər mərkəzinə gəlməsi vahiməlidir".

Jaclyn Davis isə bidirib: "Hər nədirsə, dörd ayağı və bir ağzı var. Rahatca qolumuzu qopara bilər".

Başqa bir yerli - Hannah Davenport isə yazıb: "Bu vəhşi çöldonuzudur və şəhər mərkəzinə Qlostaşir meşəsindən gəlib. Onlara yaxın getməyin, qorxuludur, sizi parçalaya bilər".

Bundan əvvəl qabanın bir növü olan çöldonuzlarını İngiltərənin Dean meşəsində müşahidə etmişdilər. Onların adamlara, itlərə və hətta avtomobillərə hücumları qeydə alınıb.

Qonşuluqdakı Yorkley, Lydney, Coleford Alvington şəhərlərinin sakinləri ətraf meşələrdə çöldonuzlarının kəskin artmasından narahatdırlar.

Verilən məlumata görə, son üç ildə çöldonuzlarının sayı üç dəfə artaraq 1562 başa çatıb.

Meşəçilik Komitəsi çöldonuzu sayının 400-dən çox olmamasına çalışır.

"The Telegraph" yazır ki, əvvəllər çöldonuzları meşəliyə yaxın kəndlərə gəlib çıxırdılar, lakin onların şəhər mərkəzində gəzməsi ilk belə hadisədir.

Yerli media xəbər verir ki, London da daxil, İngiltərə şəhərlərinin küçələrində tülkülərlə tez-tez rastlaşmaq mümkündür. İndi belə görünür ki, şəhər faunasına daha bir vəhşi heyvan əlavə olunub.