Trump-ın səyahət qadağası: Hakim “yaxın qohum” kateqoriyasını genişləndirir

Washington Dulles Airport, 26 June, 2017 Fotonun müəllifi Reuters
Image caption Nənələr və babalar ABŞ-da yaşayan qohumlarına baş çəkə bilər

ABŞ-da yaşayan insanların nənə-babaları və digər qohumlarına prezident Trump-ın ABŞ-a giriş qadağası şamil edilə bilməz, hakim qərar qəbul edib.

Qərarı Havayi dairə hakimi Derrick Watson çıxarıb.

Onun bu qərarı Trump-ın immiqrasiya sahəsində tətbiq etdiyi sərt tədbirlərə qanunvericilik müstəvisində növbəti bir zərbə kimi qiymətləndirilir.

Hakimin bildirdiyinə görə, səyahət qadağasında Ali Məhkəmə qərarının yozumu olduqça dar çərçivəlidir.

Keçən ay çıxarılmış həmin qərar qaçqınlara və altı müsəlman ölkəsindən gələn vətəndaşlara şamil edilən qadağanı qismən bərpa edib.

Qərarda deyilir ki, yalnız "həqiqi qohum əlaqəsi" olanlara ABŞ-a girişə icazə veriləcək.

Lakin Trump administrasiyasının qərarına əsasən, həmin kateqoriyaya nənə və babalar, nəvələr, əmioğlu, əmiqızı, bibioğlu, bibiqızı, dayıqızı, dayıoğlu, xalaoğlu, xalaqızı, əmi, dayı, xala, bibi, bacanaq, qayın, qayınana, qayınata, bacıoğlu, qardaşoğlu kimi qohumlar daxil edilməməlidir.

Lakin Hakim Derrick Watson bununla razılaşmayaraq həmin məhdudiyyətlərin tətbiq edilməməsi barədə qərar verib.

Hakim hökümətin müəyyən etdiyi yaxın qohumlar kateqoriyasının "əsassız tərzdə məhdudlaşdırıldığını" pisləyib.

"Nənə və baba yaxın qohum anlayışının nümunəsidir. Bu məlum bir həqiqətdir ki, nənələr və babalar ailənin yaxın üzvü sayılır", - o, deyib.

Prezident Trump-ın İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən gələn vətəndaşlara qarşı ABŞ-a giriş qadağası tətbiq etmək barədə qərarı elan edildiyi vaxtdan mübahisəli olub.

Ali Məhkəmə qanunun hazırkı versiyasını nəzərdən keçirməkdədir və iyun ayında müvəqqəti qadağanın qüvvəyə minməsi nəzərdə tutulur.

Prezident Trump-ın bəzi ölkələrdən gələn vətəndaşlar üçün ABŞ-a giriş qadağasını təhlükəsizlik məsələləri ilə bağlı və ölkəni terror hücumlarından qorumaq ehtiyacı ilə əsaslandırır.

Əlaqəli mövzular

Bu barədə daha geniş