Türkiyə silah məsələsində NATO-ya arxa, Rusiyaya üz çevirir?

S400 Fotonun müəllifi PAUL GYPTEAU/AFP/GETTY IMAGES
Image caption Türkiyə Rusiyadan 4 dəst raket sistemini almaq istəyir, "The Financial Times" yazır.

"The Financial Times" yazır ki, Türkiyə Rusiyadan S400 raket sistemlərini almaq məqsədinə bir az da yaxınlaşıb.

Bu sövdələşmə ilə yaxından tanış olan iki rəsmi şəxs qəzetə deyiblər ki, Türkiyə və Rusiya artıq qiymət məsələsində də razılığa gəliblər.

Bu razılaşmaya əsasən Türkiyə Rusiyadan 4 dəst raket sistemini və müəyyən sayda raketləri 3 milyard dollara alacaq.

Bundan əvvəl Bloomberg qiyməti 2, 5 milyard dollar olaraq vermişdi. Bloomberg habelə yazırdı ki, "texnoloji transfer" razılaşması çərçivəsində bu sistemlərdən iki dəsti Türkiyədə istehsal olunub yığılacaq.

Adının çəkilməsini istəməyən Türkiyə rəsmisi deyib ki, bu sövdələşmə ilkin saziş xarakteri daşıyır.

"Financial Times" yazır ki, saziş reallaşsa, bu, son 65 ildə Türkiyə ilə NATO arasında ilk əhəmiyyətli ixtilaf olacaq.

Məqalədə deyilir ki, ABŞ hələ də Türkiyənin İncirlik bazasından İŞİD-ə qarşı hava zərbələrinin endirilməsi üçün istifadə edir, lakin Ankara ilə NATO müttəfiqləri arasında ABŞ-ın kürdlərə dəstəyinə görə soyuqluq yaranıb.

Bu arada Türkiyə ilə diplomatik qarşıdurma səbəbi ilə Almaniyanın hərbi kontingenti İncirlik bazasını tərk etməyə hazırlaşır.

Türkiyə Almaniya millət vəkillərinə İncirlikdəki alman hərbçilərə baş çəkmək icazəsi verməmişdi.

Eyni zamanda Recep Tayyip Erdoğan 2015-ci ildə Rusiya təyyarəsinin Suriya sərhədi üzərində vurulmasından sonra Vladimir Putinlə daha yaxın əlaqələrə can atır.

Məqalədə deyilir ki, Erdoğanın Suriyadakı planlarını həyata keçirməsi üçün onun Putinlə dil tapması xüsusi önəm daşıyır.

Bu məqsədlərə Suriyada Amerika tərəfindən dəstəklənən kürd hərbi qüvvələrinin məğlubiyyətə uğradılması da daxildir.

Türkiyə ordusunun keçmiş mayoru, hazırda isdə Tepav analitik mərkəzində ekspert olan Ali Özcan qəzetə deyib ki, silah alınması sadəcə silah alış-verişi deyil.

"Bu həm də siyasi və iqtisadi məsələdir" - deyib ekspert.

Bununla yanaşı, Özcan vurğulayıb ki, S400 sistemini Türkiyənin müdafiə sisteminə inteqrasiya etmək asan olmayacaq. Bu sistem Türkiyənin mövcud radar və peykizləmə sistemlərinə köklənməlidir.

Bu, ölkə ərazisinə daxil olan düşmən təyyarələri vurmaq üçün lazımdır və ekspertin dediyinə görə hələlik belə bir əməliyyat mümkün olmayacaq.

"Financial Times" yazır ki, bütün bunlar artıq bir-neçə ildir müzakirə olunan bu sazişin baş tutacağı ilə bağlı müəyyən şübhələr oyadır.

Bəzi təhlilçilərin fikrincə, Erdoğan Rusiya və ABŞ arasında davam edən qarşıdurmadan bu kimi addımlarla siyasi mənfəət qazanmağa çalışır.

Məqalədə deyilir ki, Türkiyənin NATO-ya bağlı hazırkı havadan müdafiə sistemləri Egey sahili boyunca və ya Ermənistana tərəf tuşlana bilmir.

Bundan əlavə Suriyanın içərisindən İŞİD və kürdlərin atdığı artilleriya mərmiləri ötən il Türkiyə ərazisində Türkiyə vətəndaşlarını öldürdükdən sonra Erdoğan gileylənirdi ki, NATO ABŞ-ın Himar sisteminin Türkiyə-Suriya sərhədi boyunca quraşdırılmasını ləngidir.

Bu da xəbər verilir ki, hərbi hava qüvvələri qərargahının rəisi general David L. Goldfein də daxil olmaqla ABŞ rəsmiləri bu həftə Ankaranın Rusiyadan S400 sistemləri almasına qarşı lobbiçilik ediblər.

Onlar həm də əmin olmaq istəyirdilər ki, Türkiyənin ABŞ-dan 100 ədəd F35A təyyarələrini alması barədə razılaşma qüvvədə qalır.

General Goldfein çərşənbə günü deyib ki, "biz dostumuz və müttəfiqimiz Türkiyə Respublikasına sadiq qalırıq".

Fotonun müəllifi Getty Images

2035-ci ilədək Avropadakı bütün avtomobillər elektriklə işləyəcək

"The Guardian" yazır ki, cəmi iki onilliyin ərzində Avropada satılan təzə avtomobillərin hamısı elektriklə işləyəcək. Bu müddət ərzində batareyaların da qiyməti kəskin düşəcək. Bu barədə hesabatı Hollandiya banklarından biri hazırlayıb.

Bununla belə ING bankı xəbərdarlıq edir ki, əgər 2035-ci ilədək Avropadakı maşınların 100 faizi elektriklə işləsə, deməli Avropa avtomobil istehsalçıları ABŞ və Asiyadakı rəqiblərindən geri qalacaqlar.

"The Guardian" yazır ki, bu, indiyədək elektrik avtomobilləri barədə verilmiş ən cəsarətli proqnozdur. Britaniyanın National Grid firması bildirirdi ki, 2050-ci ilədək Birləşmiş Krallıqdakı avtomobillərin 90 faizi elektrikli olacaq.

Fransa hökuməti 2040-cı ilədək bütün benzin və dizellə işləyən maşınların satışını qadağan etməyi planlaşdırır.

Lakin ING öz proqnozundan əmindir.

Hesabatda deyilir ki, hardasa 2017-2024-cü illər arasında elektrik avtomobilləri alıcılar üçün rasional seçim olacaq. Beləki bu maşınların qiyməti düşməkdə davam edəcək və batareyadoldurma nöqtələrinin sayı sürətlə artacaq.

Hesabatda bu da qeyd olunur ki, 2024-cü ilədək Almaniyada elektrik maşınının öz qiyməti və yanacaq xərcləri benzinlə işləyən maşınların qiymət və xərclərinə bərabər olacaq.

Bank bildirir ki, burada əsas rolu batareya qiymətlərinin düşməkdə davam etməsi oynayacaq.

"Məsafə narahatlığı"

Hesabatda bu da deyilir ki, avtomobil həvəskarlarının "məsafə narahatlığı" deyilən bir problemi isə 2020-ci ilədək aradan qalxacaq.

Hazırda əksər elektrik avtomobilləri üçün iki batareyadoldurma məntəqəsi arasında olan məsafə 150-200 kilometrdir. Bəzi maşın markaları üçün bu məsafə 650 kilometrə çatır.

Gələn onilliyin sonlarında əksər avtomobil istehsalçılarının əsas diqqəti yalnız elektrik maşınlarına yönəlmiş olacaq. İsveçin Volvo şirkəti bildirib ki, 2019-cu ildən o yana yalnız elektriklə işləyən avtomobilləri istehsal edəcək.

ING ekspertləri deyirlər ki, yaxın gələcəkdə elektrik avtomobilləri qiymətdə benzin və dizel maşınlarından ucuz olacaq.

Bununla belə, hesabatda deyilir ki, Avropa "elektrik inqilabında" Asiya və ABŞ-dan geri qala bilər.

Çünki həmin yerlərdə artıq müasir batareya texnologiyaları istehsalı var.

ABŞ-ın Stanford Universitetindən iqtisadçı Tony Seba deyib ki, 2040-cı ilədək bütün dünyada yalnız elektrik avtomobilləri hərəkət edəcək.

Maraqlıdır ki, belə hesabat və proqnozlar neft və qaz şirkətlərini məyus edir və onlar da öz hesabat və proqnozlarını verirlər.

Ötən həftə İstanbulda keçirilən enerji konfransında İngiltərə-Hollandiya şirkəti Shell, Səudiyyənin Aramco dövlət neft şirkəti, habelə Beynəlxalq Enerji Agentliyi elektrik maşınlarının neft tələbatına zərbə vuracağına dair bəyanatları rədd ediblər.

Ötən cümə axşamı isə Beynəlxalq Enerji Agentliyi 2017-ci ildə neftə tələbatın günə 98 milyon barrelə çatacağını bildirib.

Fotonun müəllifi IStock

Hamilə qadın uşağa qala bilərmi?

"The İndependent" yazır ki, bu, son dərəcə nadir hadisədir, amma hamilə qadın təkrar uşağa qala bilər.

Məqalədə deyilir ki, bu hal "superfetasiya" (superfetation) adlanır və dünyada indiyədək cəmi 10 dəfə qeydə alınıb.

Londondakı Harley Street Fertility klinikasından doktor Suvir Venkataraman qəzetə deyib ki, belə hamiləliyin bətndəki uşaqlara heç bir mənfi təsiri yoxdur.

Bu da bildirilir ki, bu son dərəcə nadir hal heyvanlarda - gəmiricilərdə, dovşanlarda, bəbirlərdə, primatlarda, balıqlarda, bataqlıq vallabilərində və hətta kenqurularda da qeydə alınıb.

Superfetasiya mövsuzu diqqəti ötən il, avstraliyalı qadın Kate Hill 10 günün ərzində iki dəfə uşağa qalanda çəkib.

Ən maraqlısı isə bu idi ki, fertillik həkimləri Kate və onun əri Peter-ə demişdilər ki, onların birgəyaşayışında mayalanma heç vaxt baş verməyəcək. Xanım Hill yumurtalıqların polikistozundan əziyyət çəkirdi. Bu xəstəlik zamanı yumurtalıqlar yumurta buraxa bilmir. Lakin hormonal müalicə kursu keçdikdən sonra Kate uşağa qalmışdı.

Bu hal o qədər qəribə idi ki, ər-arvadın mamalıq həkimi doktor Brad Armstrong Google-da axtarış aparmalı olmuşdu.

"Əvvəllər belə bir şeyi heç vaxt görməmişəm. Mən kitablarda bu barədə heç nə tapa bilmədim və internetdə axtarış aparmalı oldum" - deyib doktor.

Superfetasiya yumurtanın artıq bətndə bir dölün olduğu vaxt təkrar mayalanmasıdır.

Bu hal mayalanmanın menstruasiyanın fərqli siklləri zamanı baş verməsindən törəyir. Bu halda iki dölün yaşları arasında kiçicik fərq olur.

Normal halda qadın uşağa qalıbsa, yumurtalıqlar yumurta buraxılmasını dayandırır.

Lakin superfetasiya zamanı qadının orqanizmi daha bir yumurta buraxır.

"Bu halda mayalanmış yumurta uşaqlığa oturur və bundan bir neçə gün sonra ora daha bir mayalanmış yumurta gəlir" - deyib doktor Venkataraman.

Digər diqqətəlayiq cəhət budur ki, superfetasiyalı hamiləlikdə iki dölün mayalanma yaşında fərq olduğundan onların doğum günləri də fərqli olur.

Xanım Hill dünyaya iki qız gətirib, onların çəkisində də fərq var idi.

Bu fenomen hələ eramızdan əvvəl 4-cü əsrdə Aristotel tərəfindən müşashidə edilmişdi.

Aristotel dovşanın bir neçə dəfə balaladığını görmüşdü.

Müxtəlif vaxtlarda doğulan balaların ölçüsü və forması fərqli idi. Adətən ikinci mayalanmadan doğulan balalar daha kiçik olurdu.

Bu barədə daha geniş