Türkiyədə çevriliş cəhdinin ildönümü: Erdoğan "dövlətçilik müdafiəçilərini" alqışlayıb

Dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı on minlərlə insan İstanbul körpüsünə toplaşıb. Fotonun müəllifi EPA
Image caption Dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı on minlərlə insan İstanbul körpüsünə toplaşıb.

Türkiyə prezidenti Recep Tayyib Erdoğan dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı on minlərlə insan qarşısında İstanbul körpüsündə keçirilən nümayişdə çıxış edib.

Bir il əvvəl çevriliş cəhdi vaxtı həmin körpüdə qiyam cəhdində iştirak edən hərbçilər sakinlərlə üz-üzə gəlmişdi.

Prezident Erdoğan deyib ki, həmin hadisələr zamanı 250 insan həlak oldu, lakin onlar həyatları bahasına ölkənin gələcəyini qorudu.

Erdoğan demokratiya və hökumətin müdafiəsinə qalxmış insanların və millət vəkillərinin cəsarətinə yüksək qiymət verib.

Fotonun müəllifi EPA
Image caption Prezident Erdoğan Ankarada parlamentin xüsusi sessiyasından öncə qvardiya əsgərlərini salamlayıb.

O, dövlət çevrilişi törətməyə cəhd edənlərə ölüm cəzası çıxarılmasını dəstəkləyərək onların Quantanamo Bay məhbusları formasını geyməyə layiq olduqlarını deyib.

"Çevriliş cəhdini hazırlayan xainlərin başı əziləcək", - Erdoğan çıxışında deyib.

2016-ci il iyulun 15-də bir qrup hərbçinin hakimiyyəti ələ keçirmək cəhdi nəticəsində 250-ə yaxın insan həlak olub, daha 2,196 nəfər xəsarət alıb.

Bu hadisənin ardınca iddia edilən qiyamçılar və onları dəstəkləyənlərə qarşı hökümətin gördüyü tədbirlər nəticəsində 150 min dövlət qulluqçusu işdən qovulub və 50 minə yaxın insan həbs edilib.

Hökümətin siyasi opponentləri dövlət çevrilişinə həsr olunmuş tədbirləri boykot ediblər.

Onların təbirincə, ötən ilin iyulun 15-dən sonra görülmüş tədbir fərqli düşünənlərə qarşı təqib və təmizləmə kampaniyasına çevrilib.

Belə ki, ən son dövrdə daha 7 min dövlət qulluqçusu vəzifəsindən kənarlaşdırılıb.

Müxbirlərin qeyd etdiyi kimi, bir il əvvəl cəmiyyətdə hiss edilən milli birlik ruhu ötən il ərzində zəifləyib, cəmiyyətdəki parçalanma isə dərinləşib.

Tənqidləri rədd edən hökumət bildirir ki, yalnız çevrilişə dəstək verənləri məsuliyyətə cəlb edir.

Prezident Erdoğan çıxışından sonra "15 İyul Şəhidləri Körpüsü" adı verilmiş İstanbul körpüsündə "şəhidləri anım memorialının" açılışında iştirak edib.

15 iyul tarixi Türkiyədə Demokratiya və Milli Birlik Günü elan olunub.

İstanbuldakı tədbirdən sonra prezident Erdoğan dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı Ankarada parlamentdə millət vəkilləri qarşısında da çıxış edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş