Britaniya mətbuatı: “Ləyaqət qanunları” ləyaqətləri, yoxsa hökumətləri qoruyur?"

Fotonun müəllifi Getty Images
Image caption May ayında Birmada bir qadın özünün Facebook səhifəsində ölkənin de facto lideri Aung San Suu Kyi-ni (qırmızı geyimli) tənqid etdiyinə görə azadlıqdan məhrum edilib.

"Ləyaqət qanunları" ləyaqətləri, yoxsa hökumətləri qoruyur?

"Economist" yazır ki, Birmanı mülki hakimiyyət sisteminə qaytaran 2015-ci ilin seçkisindən bir ay əvvəl Maung Saungkha adlı bir şair Facebook səhifəsində bir şeir parçası yerləşdirmişdi. Şeirdə deyilirdi ki, "şair öz cinsiyyət orqanina cənab prezidentin portretini döydürüb və bundan sonra sevgilisi ilə arası dəyib".

Bundan az sonra şair prezident Teyn Seynin "ləyaqətini təhqir etdiyinə görə" 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Sonralar Maung Saungkha deyirdi ki, hökumət onu həbsxanaya atmaqla ölkədə bəri başdan "xof və qorxu" yaratmaq istəyirdi.

"Economist" yazır ki, hökumətlərin xof və qorxu təlqin etmək vasitələri çoxdur.

Onlar İndoneziya, Pakistan və onlarca başqa ölkələrdə mövcud olan "böhtan qanunlarından" istifadə edə bilərlər.

Əslində bir çox hökumətlər böhtan qanunlarından istifadə etməklə medianı öz istəklərinə uyğun əymək imkanındadırlar. Rusiyada Vladimir Putin və onun yoldaşları məhz belə bir sistem yaradıblar.

Ya da hökumətlər sadəcə olaraq azad sözü qadağan edə bilərlər. Çin və Vyetnamda müstəqil blogerlər bir qayda olaraq həbsxanaya salınırlar.

Bu yaxınlarda Laosda üç vətəndaş internetdə hökuməti tənqid etdiklərinə görə uzunmüddətli həbsxana cəzasına məhkum edilib. Çünki bu ölkədə sadəcə olaraq hökuməti tənqid etmək qanunla qadağandır.

Əlbəttə bütün bunlar beynəlxalq tənqidlərə səbəb olur. Buna görə də əksər hökumətlər "böhtan qanunlarına" əl atırlar. Defamasiya qanunları, demək olar bütün ölkələrdə vətəndaş iddiası əsasında pul cərimələrinə səbəb olur.

Lakin əgər defamasiya cinayət hərəkəti sayılırsa, iş cərimədən də o yana gedə bilər.

"Economist" yazır ki, bir sıra ölkələr defamasiya üzərindəki kriminallığı qaldırır, lakin onu, əksinə kriminallaşdıran ölkələr də var.

Məqalədə deyilir ki, defamasiya hətta həbsxana ilə nəticələnməsə də, çox vaxt tənqidçinin susdurulması ilə nəticələnir.

Bu mənada əlbəttə, ən demokratik qanunlar Amerikadadır. ABŞ Konstitusiyasındakı birinci düzəliş ifadə azadlığını, xüsusilə də dövlət adamlarının tənqid və hətta təhqir olunması hüququnu ciddi mühafizə edir.

Lakin Asiyanın, Afrikanın, Cənubi Amerikanın və Yaxın Şərqin əksər ölkələrində defamasiya cinayət əməli sayılır. Amerikanın qonşuluğundakı Kanada və Avropa İttiafqının 23 üzvü olan ölkədə də bu, belədir.

"Economist" yazır ki, 2009-2014-cü illər arasında ən azı 15 Aİ ölkəsində jurnalistlər təhqir və böhtan ittihamları əsasında cinayətə görə məhkum edilib.

Məqalədə deyilir ki, böhtan qanunlarının da müxtəlif formaları olur. Məsələn Taylandda az qala ilahi sayılan kralın cüzi tənqidi belə qadağandır.

İran jurnalisti Siracəddin Mirdamədi "dövlət əleyhinə təbliğat" ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Üç il bundan əvvəl Mərakeşdə polisin rüşvət aldığına dair rep mahnısına görə 17 yaşlı yeniyetməni "ictimai mənəviyyata zərər vurma" və "dövlət təsisatının təhqiri" ittihamları ilə həbsxana cəzasına məhkum etmişdilər.

Mərakeşdə kral ailəsinə qarşı hər hansı sərt tənqid və "ərazi bütövlüyünə qəsd" yol verilməzdir.

Ərazi bütövlüyü məsələsi bu ölkədə Qərbi Saxaranın mübahisəli ərazi olması ilə bağlıdır.

"Economist" yazır ki, əlbəttə belə qanunları olan ölkələrdə hökuməti tənqid etmək üçün cəsarət tələb olunur.

Məsələn Kambocada baş nazir 1985-ci ildən bəri ona görə hakimiyyətdə qalıb ki, bütün siyasi opponentlərini böhtan ittihamı ilə sıradan çıxarıb.

Məqalədə deyilir ki, bir sıra ölkələr xaricə qaça bilmiş müxalifətçiləri və jurnalistləri onlar barəsində qiyabi böhtan hökmü çıxarmaqla sürgündə saxlayır.

"Economist" yazır ki, defamasiyanın mülki qanun pozuntusu olduğu ölkələrdə məhkəmə tənqid və ya təhqir edilənin maddi ziyan çəkdiyini sübut etməlidir, lakin defamasiyanın kriminal əməl olduğu ölkələrdə tənqid və təhqirlərin özü cinayət sayılır.

May ayında Birmada bir qadın özünün Facebook səhifəsində ölkənin de facto lideri Aung San Suu Kyi-ni tənqid etdiyinə görə azadlıqdan məhrum edilib.

Defamasiya qanunları çox vaxt demokratik yolla hakimiyyətə gələn hökumətlərin də sevimli alətinə çevrilir. Bir vaxtlar demokratiya fədaisi sayılan xanım Suu Kyi hakimiyyətə gələndən bəri defamasiya qanunu ilə 65 nəfər məhkum edilib, halbuki hərbi hakimiyyət bu qanundan cəmi 7 dəfə istifadə etmişdi.

"Economist" yazır ki, defamasiya qanunlarından, tənqidçilərin susdurulması, onlardan qisas alınması üçün təkcə hökumətlər yox, iri şirkətlər, pulu çox olan adamlar istifadə edirlər.

Məsələn Taylandda BBC jurnalistinə qarşı məhkəmə iddiasını onun reportajından narazı qalmış bir vəkil qaldırıb. Yunanıstanda bir jurnalisti məktəb direktorunu tənqid etdiyinə görə 3 ay müddətinə azadlıqdan məhrum ediblər. Elə bu ölkədə bir biznesmenin şikayəti ilə başqa bir jurnalist 26 ay müddətinə həbsxanaya atılıb.

Sinqapurun əsasını qoyan Lee Kuan Yew isə lap açıq danışıb. O ölkədə mövcud olan müxalifətçilər barədə demişdi: "Biz onları ciddi siyasi fiqur hesab etsəydik,indiyədək siyasi mövcudluqlarına imkan verməzdik. Onları da korrupsiyaya bulaşdırardıq".

"Economist" yazır ki, BMT-nin keçmiş xüsusi məruzəçisi Agnes Callamard dünya boyunca defamasiya üzərindən kriminallığın qaldırılmasını alqışlayır. Son illərdə Yamayka, Keniya, Zimbabve və Meksika kriminal defamasiya qanunlarını ləğv edib.

Amma hökumətlər hətta belə demokratik addımlar atanda da fənd işlədirlər. Məsələn Kambocada böhtan artıq həbsxanalıq əməl sayılmır. Amma əvəzində yeni düzəlişə görə məhkəmənin cərimə qərarını yerinə yetirməyənlər üçün yenə də həmin həbsxana kameraları nəzərdə tutulub.

Fotonun müəllifi Getty Images
Image caption Rusiya prezidenti Vladimir Putin (solda) və Ramzan Kadırov (sağda).

Kadırov deyir ki, "Çeçenistanda gey tapsanız Kanadaya aparın"

"The Telegraph" yazır ki, Çeçenistanın moskvayönlü lideri Ramzan Kadırov onun respublikasında homoseksualların işgəncəyə məruz qoyulması və hətta öldürülməsi barədə iddiaları hiddətlə rədd edib.

O ümumiyyətlə Çeçenistanda geylərin olmadığını bəyan edib.

Rusiyada çıxan "Novaya qazeta" Çeçenistanda bu bahar 100-dək homoseksualın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini, sonradan işgəncələrə məruz qoyularaq öldürüldüyünü yazandan bəri Ramzan Kadırov kəskin beynəlxalq tənqidlə üzləşmişdi.

"Bu cəfəngiyyatdır. Burda bizdə elə adamlar yoxdur. Əgər varsa, götürüb Kanadaya aparın" - deyib Kadırov HBO Real Sports televiziyasına müsahibəsində.

HBO iyunun 30-da alınmış müsahibənin hissələrini ötən cümə günü efirə verib. Kadırov həmçinin Çeçenistan haqqında şayiə yayanları "iblis" adlandırıb.

"Bizi ittiham etdiklərinə görə Allah onlara lənət etsin" - deyib Kadırov.

"The Telegraph" yazır ki, 1990-cı illərdə iki separatçı müharibədən çıxan Çeçenistan mərhum prezident Axmat Kadırovun hakimiyyəti dövründə daha da mühafizəkarlaşıb.

Atasının bu sərt siyasətini onun yerinə Putin tərəfindən təyin edilmiş oğlu Ramzan Kadırov da davam etdirib.

Ümumiyyətlə Kadırovun təhlükəsizlik qüvvələri kütləvi insan haqları pozuntularında, fəalların oğurlanmasında və öldürülməsində ittiham edilir.

Rusiya müxalifətinin lideri Boris Nemtsovu 2015-ci ildə məhz bu qüvvələrin keçmiş zabiti sui-qəsdlə qətlə yetirib.

Ramzan Kadırov Çeçenistanda özünün dediyi kimi İslam mədəniyyətini təbliğ edir və Qroznıda Avropanın ən böyük məscidini tikməsi ilə öyünür.

Özü də boksçu olan Kadırov respublikada həm də əlbəyaxa idman növlərinin inkişafına diqqət yetirir.

HBO bildirib ki, Kadırovla tam müsahibə efirə çərşənbə axşamı veriləcək.

Müsahibədə Kadırov vurğulayır ki, "Amerika Birləşmiş Ştatları anti-Rusiya siyasəti yürüdür".

"Amerika bizim üçün kifayət qədər güclü ölkə deyil ki, biz onu Rusiyanın düşməni sayaq. Bizim güclü hökumətimiz var və biz nüvə dövlətiyik. Əgər hətta bizim hökumətimiz məhv olsa belə, nüvə raketlərimiz avtomatik atacaq" - deyir Ramzan Kadırov.

Əlaqəli mövzular

Bu barədə daha geniş