Çin: ticarət mərkəzi bazarlıq edən qadınlara "ər saxlancı" xidməti təklif edir

Çin ticarət mərkəzində 'ər saxlancı' köşkü Fotonun müəllifi The Paper
Image caption Arvad bazarlıq etdiyi müddətdə ər köşkdə oturub kompüter oyunları ilə əylənə bilər.

Çində bir ticarət mərkəzi alış-verişə ərləri ilə gələn qadınlara "ər saxlancı" xidməti təklif edir.

Belə ki, qadın ticarət mərkəsində müxtəlif şöbələri gəzdiyi vaxt, onun əri xüsusi köşkdə oturaraq orada vaxt keçirə bilər.

The paper vebsaytının yazdığına görə, Şanxaydakı Global Harbour ticarət mərkəzində şüşədən hazırlanmış bir necə belə köşk qurulub. Bazarlıq üçün bura gələn xanımlar, mərkəzi gəzib-dolaşmağa həvəssiz olan ərlərini həmin köşklərdə qoyub rahat sürətdə alış-verişlə məşğul ola bilərlər.

Hər köşk bir fərd üçün nəzərdə tutulub, içərisində kreslosu, monitoru, kompüteri və kompüter oyunları pultu da var.

Hazırda bu xidmət pulsuzdur, lakin mərkəz əməkdaşlarının bildirdiyinə görə, yaxın aylarda bu xidmətə müəyyən, kiçik ödənişin tətbiq ediləcəyi nəzərdə tutulub.

Belə köşklərdə vaxt keçirmiş bir neçə kişi bu xidmət növünü tərifləyərək, "yenilik" olduğunu The Paper nəşrinə deyiblər.

Kişilərdən biri köşklərdə sərinkeş və ya kondisionerin qurulmasını arzuladığını bildirərək, deyib: "Cəmi beş dəqiqə oturdum, tər yuyub apardı".

Sözügedən köşklər Çin sosial şəbəkələrində müzakirələrə və yumorlu şərhlərə səbəb olub.

İstifadəçilərdən biri qərarı bəyənərək yazıb ki, "bu köşklər kişini arvadı ilə birgə ticarət mərkəzinə gəlməyə həvəsləndirərək xanımının bazarlıq hesabını da ödəməyə xidmət edəcək"

Lakin digər istifadəçi fərqli fikir bildirib: "Əgər ərim ticarət mərkəzinə yalnız oyun oynamağa gəlirsə, onun ora gəlməsinin nə mənası?"

Əlaqəli mövzular

Bu barədə daha geniş