İstanbul'da şiddetli yağış
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İstanbulda şiddətli yağış: Evləri və ofisləri su basıb

İstanbulda səhər 08:30 radələrindən başlayan leysan yağış səbəbindən şəhərin bir çox hissəsində nəqliyyatın hərəkəti dayanıb.

Doğan xəbər agentliyinin yayımladığı görüntülərdə Gayrettepe və Aksaray metro stansiyalarında su daşqınları görünür.

Bir çox iş yerlərini və bazarı su basıb. Bəzi yeraltı keçidlər də su altında qalıb.

Güclü yağış yol kənarlarında olan bəzi ağac və dirəkləri aşırıb.

Hava şəraitinə görə Avrasiya Tuneli və Anadolu-Avropa İstiqaməti müvəqqəti olaraq nəqliyyat üçün qapadılıb.

İstanbul Böyükşəhər Bələdiyyəsi Fəlakət Koordinasiya Mərkəzi (AKOM), şəhərin soyuq və yağışlı havanın təsiri altında olduğunu bildirərək, fırtına formasındakı yağışın sel və su daşqınlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

İstanbul İcra Hakimiyyəti sosial media hesabında açıqlama yayıb və insanlardan xahiş edib ki, nəqliyyatda çətinlik çəkməmək üçün zəruri olmadıqca şəxsi maşınlarla yola çıxmasınlar.

Meteorologiya Baş İdarəsi Tekirdağ və Kırklareli üçün də yağış xəbərdarlığı edib.