Britaniya mətbuatı: Uşaqları çox təmiz saxlamaq niyə təhlükəlidir?

Fotonun müəllifi IAN HOOTON/SCIENCE PHOTO LIBRARY

Uşaqları çox təmiz saxlamaq niyə təhlükəlidir?

"The İndependent" yazır ki, bəzi valideynlərin öz uşaqlarını həddindən artıq təmiz saxlaması onların sağlamlığına xeyirdən çox ziyan gətirir.

Məqalədə tanınmış mikrobioloqa istinadən deyilir ki, əksər valideynlər uşaqların çirkli mühitdə olmasının faydasını başa düşmürlər.

Professor Jack Gilbert bildirib ki, uşaqların mikroblarla daha çox təmasda olması onların müdafiə immun sisteminin daha güclü olmasına kömək edir.

Professor bu mövzuda hətta kitab da yazıb: "Çirk yaxşıdır: Miokrobların uşağınızın immun sisteminin möhkəmləndirilməsindəki rolu".

"Valideynlərin çoxu elə bilir ki, mikrobların hamısı ziyanlıdır. Bu doğru fikir deyildir. Mikrobların əksəriyyəti uşaqların immun sisteminin möhkəmliyinə xidmət edir" - Gilbert "The İndependent" qəzetinə deyib.

Chicago Universiteti Mikrobiom Mərkəzinin direktoru professor Gilbert bildirib ki, bəzən valideynlər uşaqların yaşadığı mühiti həddən artıq sterilləşdirirlər. Alimin fikrincə, bağçada palçığın içində oynayan uşağın dərhal əl-üzünü yumağa tələsmək lazım deyil.

Gilbert deyir ki, mikroblara görə uşaqların heyvanlarla oynamasının da qarşısı alınmamalıdır. Onun fikrincə, məsələn itin uşağın üzünü yalaması onun immun sisteminə töhfə verir.

Alim bildirir ki, hazırda bizim evlərimiz müxtəlif təmizləyici vasitələrin sayəsində son dərəcə təmizdir.

Professor Gilbert bunu da vurğulayır ki, adi sabun dezinfeksiya vasitələrindən daha məsləhətlidir. Gilbertin fikrincə, müasir evlərin sanitariya baxımından çox təmiz olması uşaqların immun sisteminin zəifliyinə səbəb olub.

"The İndependent" yazır ki, professor Gilbert bu nəticəyə elə-belə gəlməyib. O, dini icma olan amişlərin uşaqlarının immun sisteminə dair elmi araşdırmalarının nəticələrini 2016-cı ildə dərc etdirib.

Məsələ burasındadır ki, Amerikada yaşayan bu dini icmanın uşaqlarında astmaya qarşı güclü müqavimət olur.

Alim bu nəticəyə gəlmişdi ki, buna səbəb amiş uşaqlarının "mikroblarla zəngin" fermalarda yaşamasıdır.

Gilbert bu nəticəyə gəlib ki, bizim əcdadlarımız öz immun sistemlərini kütləvi mikrob təmasları ilə gücləndirirdilər.

İndi ətraf mühitdə belə bol mikrob məkanları olmadığından insan ən sadə allergenlərin qarşısında belə aciz qalır.

Professor deyir ki, "beş saniyə" konsepsiyası kökündən yanlışdır. Bu konsepsiyaya görə, yerə düşən yağlı çörəyi beş saniyədən sonra artıq yemək olmaz, beləki belə buterbrodun üzərinə çox sayda mikrob toplaşır.

Alim bildirir ki, belə prinsip buterbrodun düşdüyü yer son dərəcə təhlükəli mikrobların cəmləşdiyi məkan olduqda keçərlidir. Lakin professor qeyd edir ki, belə patogen zonalar müasir həyatımızda çox az tapılır.

İsveçdə 300 min uşaq arasında aparılmış müşahidələr göstərib ki, yerə düşən əmziyi yuyulmadan ağzına aparan uşaqlarda allergiyalar əhəmiyyətli dərəcədə az olub.

Alim xəbərdarlıq edir ki, mənzilinizin xəstəxanasayağı sterilləşdirilməsi, uşaqları reallıqda xəstə edə bilər.

Fotonun müəllifi Empics

Uşaq nağılının qəhrəmanı Vinni Pux Çin hökumətini qəzəbləndirir

"The Guardian" sual edir ki, görəsən məşhur ingilis nağılı Vinni Pux-un eyni adlı qəhrəmanı niyə Çin senzurasının qəzəbinə gəlib?

AA Milnenin "balsevər qəhrəman ayı balasının" adı çəkilən postlar Çinin sosial şəbəkələrində bloklanıb.

Hakimiyət orqanları bunun səbəbini izah etmirlər, lakin bəzi sosial şəbəkə istifadəçiləri bildirirlər ki, səbəb Çin prezidenti Xi Jinping-in "beyindən balaca" Vinni Puxa bənzədilməsidir.

Hələ həftənin əvvəllərində ayı balası Vinni Puxun şəkilləri olan postlar yerli Weibo şəbəkəsində dolaşırdı, lakin az sonra belə postlar yığışdırılıb. Söhbət ilk növbədə Puxun çin dilindəki adından gedirdi.

Vinni Pux şəkilləri WeChat saytının rəsmi emblemindən də götürülüb.

Xi və Vinni Pux arasında bənzətmələr 2013-cü ildən başlanıb. O vaxt sosial mediada Çin prezidenti Barack Obama ilə birlikdə görünürdü, həmin şəkillərin yanında isə Vinni Pux və nağılın pələng qəhrəmanı Tigger təsvir olunmuşdu.

Fotonun müəllifi WEIBO/AFP

2014-cü ildə isə Çin liderinin Yaponiyanın baş naziri Shinzō Abe ilə fotosunun yanında yerləşdirilən şəkildə Vinni Pux nağılın uzunqulaq qəhrəmanı Eeyore ilə birlikdə təsvir edilmişdi.

2015-ci ildə siyasi təhlilçilər deyirdilər ki, prezident Xi-nin Vinni Puxla yanaşı verilən fotoları sosial şəbəkələrdə ən çox senzuraya məruz qalan materialdır.

Çinin hakim Kommunist Partiyası ölkə liderinin belə komikləşdirilməsinə çox əsəbi və həssas yanaşır.

Həftənin əvvəllərində Çinin sosial media istifadəçiləri Vinni Puxun "ay qardaş!" dediyi epizodu əks etdirən şəkilləri paylaşmışdılar. Onlar senzuranın buna necə yanaşacağını yoxlamaq istəyirdilər.

Nağılda Vinni Pux hər dəfə işlər yaxşı getməyəndə "ay qardaş!" deyir.

Postlardan birində isə belə yazılmışdı: "Zavallı Pux, görəsən belə sevimli məxluq kimin xətrinə dəyib?"

Əlaqəli mövzular