Tayvanlı qadın ismarıclarını oxumayan ərindən boşanıb

Line app Fotonun müəllifi Reuters
Image caption Line Asiyada WhatsApp kimi geniş istifadə olunur

Tayvanda bir qadın Asiyada geniş istifadə olunan, WhatsApp-ın bənzəri olan yazışma proqramı Line-da göndərdiyi ismarıca cavab yazmayan ərindən boşanıb.

Qadın boşanma ilə bağlı məhkəmədə proqramda ərinə göndərdiyi ismarıclar üçün gələn "oxundu" xəbərdarlığını dəlil kimi təqdim edib.

Proqramdakı xüsusiyyətlər ərinin ismarıçları oxuduğunu, ancaq heç birinə cavab vermədiyini göstərib.

Ayın əvvəlində keçirilən məhkəmə zamanı hakim göstərilən dəlilləri qəbul edərək qadının lehinə qərar çıxarıb. Bu funksiya "mavi klik" deyə tanınır.

İsmarıcı alan şəxsin onu oxuduğuna işarət edir. Bu funksiya WhatsApp və Line kimi yazışma proqramlarında var.

Tayvanın Hsinçu şəhərindəki ailə məhkəməsi proqramdakı "mavi klikləri" əsas gətirərək evliliyin davam etdirilməyəcək halda olduğuna və cütlüyün boşanmasına qərar verib.

Soyadı Lin olan tayvanlı qadın ərinə 6 ay boyunca mobil telefondan ismarıclar göndərib.


Həmçinin oxuyun:


Avtomobil qəzasını vecinə almayıb

Qadın ərinə göndərdiyi ismarıclardan birində avtomobil qəzası keçirdiyini və xəstəxanaya aparıldığını söyləyib.

Bir başqa ismarıcda da xəstəxananın təcili yardım xidmətinə aparıldığını söyləyərək ərinə ismarıclara niyə cavab vermədiyini soruşub.

Əri xanımını xəstəxanada bir dəfə ziyarət etsə də, məhkəmə ismarıcları görməzdən gəlməyin boşanmaya zəmin hazırladığına qərar verib.

Məhkəmə qərarında "Cavabdeh iddiaçı haqqında məlumat almaq istəməyib və iddiaçının göndərdiyi ismarıcları oxuyub cavablandırmayıb. Cütlüyün evliliyi davam edə bilməz" deyilib.

Avtomobil qəzasından bir-iki ay sonra əri xanımına qısa bir ismarıc göndərib. Hakim Kao cütlüyün yazışmasıyla bağlı bunları söyləyib:

"İtləriylə bağlı bir məsələ idi və xanımına ona bir məktub gəldiyini yazmışdı, amma arvadına heç bir diqqət göstərməyib".

"İddiaçı ilə aralarında çox az ünsiyyət olduğu görünür. Cavabdeh iddiaçının ismarıclarına nadir hallarda cavab verib".

Başqa problemlər də vardı

Cütlük 2012-ci ildən evlidir. 50 yaşında olan qadının bu ikinci evliliyidir. Ərinin isə 40 yaşı var.

Hakim Kao evliliklərində başqa problemlərin də olduğunu söyləyib.

Lin ərinin anası, qardaşı və baldızının yaşadığı evə köçdükdən sonra ailənin bütün xərclərini ödəmək məcburiyyətində qalıb.

Qaynanası Lin-dən kredit götürərək qaynatasının vergi borclarını ödəməsini də istəyib. Məhkəmənin qərarında ərin ailəsinin qadına qarşı "dostcasına davranmadığı" qeyd edilib.

Fotonun müəllifi Reuters

Məhkəməyə təqdim edilən sənədlərdə Lin-in duşda nə qədər qalacağına, suyun dərəcəsinin neçə olacağına da müdaxilə edildiyi bildirilib.

"Normal bir cütlük belə hərəkət edə bilməz.

Lin-in ismarıcları çox vacib bir sübutdur. Evliliyin nə vəziyyətdə olduğunu və tərəflərin bir-biri ilə ünsiyyətdə olmadığını göstərir". Hakim Kao belə deyib.

Hakim "artıq internet üzərindən ünsiyyət çox yayılıb və dolayısı ilə bunlar da sübut kimi istifadə edilə bilər", deyə vurğulayıb.

Ərin məhkəmə qərarına etiraz etmək haqqı olsa da, onun belə bir niyyətinin olmasına dair məlumat yoxdur. Hakim qadının ərinin məhkəmə prossesində iştirak etmədiyini söyləyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş