Bloqçu Aleksandr Lapşinə 3 il həbs verilib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Lapşinin vəkili: Hökm "yaxşıdan da yaxşıdır"

Bakı Ağır Cinayətlərə dair məhkəmədə Azərbaycanda həbsdə olan bloqçu Aleksandr Lapşinə 3 il həbs cəzası verilib, BBC Azərbaycancanın müxbiri Günel Səfərova məhkəmə qarşısından xəbər verir.

Onun vəkili Eduard Çernin məhkəmədən sonra jurnalistlərə bildirib ki, qərarı "yaxşıdan da yaxşı" qiymətləndirir.

"Normal, məhkəmə yetərincə obyektiv yanaşdı. Biz heç olmasa [həbs cəzasını] 50 faiz azaltmağı xahiş etmişdik, məhkəmə xahiş etdiyimiz kimi 50 faizi azaltdı. Bu da az deyil."

Vəkil bildirib ki, növbəti addımlar barədə hələ Lapşin ilə danışmayıb.

Cənab Çernin bildirib ki, Aleksandr Lapşin yalnız bir - "Azərbaycan sərhədini qanunsuz olaraq keçmə" maddəsilə təqsirli bilinib.

Bundan əvvəl o, həmçinin ərazi bütövlüyünün parçalanmasına açıq çağırışda da ittiham olunurdu, lakin son iclasda bu maddə geri götürülüb.

Prokurorluq nümayəndəsi onun 6,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Image caption Vəkil Çernin növbəti addımlar barədə hələ Lapşin ilə danışmayıb.

O, daha əvvəl özünü günahkar hesab etmədiyini bildirib. Media yazır ki, 19 iyulda baş tutmuş məhkəmədə isə o "bəzi şeylərə görə özümü peşman hiss etdiyini" deyib.

Həmçinin Rusiya və İsrail vətəndaşlığına sahib olan Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra arzuolunmaz şəxslər siyahısına salınıb.

O, buna rəğmən 2016-cı ildə Azərbaycana Ukrayna pasportu ilə gəlib. Aleksandr Lapşin bu səfəri barədə bloqunda yazıb.

Bundan sonra Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə ittiham edilən Aleksandr Lapşin Bakının müraciətinə əsasən Belarusda saxlanılmışdı.

Fevral ayında o, Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş