Britaniya mətbuat: Türkiyə məktəbləri: Təkamül əvəzinə cihad

Fotonun müəllifi Getty Images

Türkiyə məktəbləri: Təkamül əvəzinə cihad

"The İndependent" yazır ki, Türkiyənin yeni tədris proqramından Charles Darwin-nin təkamül nəzəriyyəsi çıxarılıb və əvəzində proqrama "vətənpərvərlik ruhlu cihad" dərsləri əlavə edilib.

Məqalədə deyilir ki, bu hadisə prezident Erdoğanın ölkənin dünyəvi sistemini dini sistemə çevirməsinə dair narahatlıqları bir qədər də artırıb.

Müəllimlər ittifaqıının sədri bu qərarı "səhv istiqamətdə böyük addım" adlandırıb.

O bildirib ki, bu dəyişiklik "suallar verən nəsildən" qaçılmasına xidmət edir.

Türkiyənin təhsil naziri İsmet Yılmaz deyib ki, bu dəyişiklik təkamül nəzəriyyəsinin şagirdlərin bilik səviyyəsindən yüksək olması ilə əlaqədar edilib.

Müxalif CHP-nin üzvü Mustafa Balbay isə deyib ki, şagirdlərin bilik səviyyəsi barədə belə mülahizə yürütmək təhqirdir.

Balbay bildirib ki, 18 yaşlı insanların nəyi öyrənə biləcəyi barədə göstərişlər vermək dar düşüncə və nadanlıqdan irəli gəlir.

Təkamül nəzəriyyəsi həm xristian, həm də müsəlman dindarlar tərəfindən rədd edilir.

Quran və İncildə yazıldığına görə dünyanı və onun sakinlərini Allah altı gün ərzində yaradıb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan iyul çevrilişi cəhdindən bu yana geniş repressiyalar kampaniyası apardığına görə tənqid olunur.

2017-2018-ci tədris ilində qüvvəyə minəcək yeni sistem həm də daha çox dini "İmam Hatip" məktəblərinin yaradılmasını nəzərdə tutur.

Cənab Yılmaz deyib lki, gənclərə şəriət qanunlarının öyrədilməsi xüsusi əhəmiyyət kəsb edir.

"Cihad insanın öz ölkəsinə məhəbbəti deməkdir" - deyib təhsil naziri.

"The İndependent" yazır ki, "cihad" ərəb dilindən "müqəddəs müharibə" kimi tərcümə edilir və müsəlmanların İslam düşmənlərinə qarşı savaşı kimi başa düşülür.

Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqının sədri Mehmet Balık tədris planına dəyişiklikləri pisləyib.

O deyib ki, təkamülün tədrisinin qadağan edilməsi və hər məktəbdə namaz otaqlarının yaradılması təhsilin elmi əsaslarını sarsıdır.

Məqalədə deyilir ki, AKP-nin hakimiyyəti illərində dini "İmam Hatip" məktəblərinin sayı sürətlə artıb.

Prezident Erdoğanın özü belə məktəblərdən birində oxuyub.

O siyasi İslam prinsiplərini konstitusiya ilə dünyəvi ölkə olan Türkiyəyə qaytarmağa çalışır.

Liberal türklər Erdoğanın bu addınmlarını ölkənin Mustafa Kemal Atatürk yolundan çıxarılması cəhdi kimi qiymətləndirirlər.

Hökumət tənqidçiləri bildirirlər ki, yeni tədris proqramı Atatürkün dünyəvi prinsiplərinin İslam dəyərlərinə qurban verilməsinin göstəricisidir.

Lakin cənab Yılmaz deyib ki, Atatürk və onun prinsiplərinə aid heç nə tədris proqramından çıxarılmayıb.

Dəyişikliklər yalnız ədalət, dostıluq, doğruçuluq, sevgi və vətənpərvərliyə aiddir, nazir deyib.

Müəllimlər təşkilatının rəhbəri cənab Balık deyib ki, dəyişikliklərdən məqsəd fərqli düşüncənin qarşısının alınmasıdır.

O deyib ki, hökumətin ən çox qorxduğu şey suallar verən nəslin yetişməsidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş